Məktəbdə işləməyin mükafatı – Həbsxana


Azərbaycanda və Gürcüstandakı gülənçilər də cəzalandırılıb

Türkiyə hökuməti öz sərhədlərindən kənarda müxalif fikirli maarifçinin ardıcılları ilə mübarizəni davam etdirir.

Bir müddət öncə vaiz və pedaqoq Fətullah Gülənə qarşı Türkiyə hökuməti tərəfindən yeni bir ittiham irəli sürülüb. Bu dəfə Gülən 2016-cı ilin dekabr ayında Türkiyədə qətlə yetirilən Rusiya səfirinin ölümündə günahlandırılıb. 1999-cu ildən bəri Amerikada yaşayan Gülən tutulsa, onu ömürlük həbs cəzası gözləyir.

Türkiyə hökumətinin Gülən və onun tərəfdarlarına qarşı ovu, iyul ayında baş tutmayan hərbi çevriliş cəhdindən sonra ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın bu hərəkatı günahlandırmasıyla daha geniş vüsət alıb. İki il ərzində Gülənlə əlaqədə ittiham olunan on minlərlə adam həbs olunub. Yüz minlərlə adam işdən qovulub.

Gülən tərəfdarlarının izlənməsi Cənubi Qafqaza da yayılıb. Ümumiyyətlə, Türkiyənin öz ənənəvi təsir dairəsi hesab etdiyi regionlarda iş bununla bitməyib.

Bu ildən etibarən yeni trend ortaya çıxıb. Belə ki, cari ilin mart ayının sonunda “bədnam pedaqoq”la əlaqəsi olduğu iddia edilən altısı Kosovadan

olmaqla, Avropada yaşayan yeddi türk vətəndaşı həbs

olunub.

Türkiyənin “gülənçilərlə mübarizə”sində ən zəngin məkan Azərbaycan və Gürcüstan olub.

Meydan TV bu iki ölkənin nümunəsində Türkiyənin ənənəvi “gülənçiliklə mübarizə”sinin real görüntüsünü ortaya çıxarıb.

Təhlükəli məktəblər

Türkiyə vətəndaşı Ayhan Səfəroğlu – müəllimdir. O, bir neçə il Azərbaycanda türk məktəblərindən birində dərs deyib. O məktəbdə ki, adı bir müddətdən – daha dəqiqi, Türkiyədəki hərbi çevriliş cəhdindən sonra, əsasının qoyulmasında səyi olan Fətullah Gülənin adıyla birlikdə hallandırılmağa başlanıb.

Səfəroğlu 2017-ci ilin oktyabr ayının 6-da Azərbaycan-Gürcüstan sərhədində saxlanılıb və Azərbaycan tərəfindən ona çıxış qadağası qoyulduğu bildirilib.

Lakin qadağanın səbəbi açıqlanmayıb. Daha sonra məsələ ilə bağlı Səfəroğlu ailəsi Dövlət Miqrasiya Xidmətinə, Ombudsmana, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Nəhayət, Ombudsman Aparatından gələn məktubla onlara bildirilib ki, Ayhan Səfəroğluna ölkəni tərk etmək qadağası Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən qoyulub.

Beləliklə, Səfəroğlu Bakıda qalıb, gözləməyə məcbur olub. Dörd ay sonra, fevral ayında evinə mülki geyimli polislər gələrək onu polis idarəsinə dəvət ediblər. Səbəb kimi isə ölkədən çıxışına qoyulan qadağanın götürüləcəyi göstərilib. Polis idarəsindən isə onu məhkəməyə göndərərək, haqqında 40 günlük həbs-qətimkan tədbiri seçilib.

Həyat yoldaşınız sağdır

Ayhan Səfəroğlunun həyat yoldaşı, Azərbaycan vətəndaşı olan Fidan Səfəroğlu öyrənir ki, onun həyat yoldaşını Gülən ideyalarının daşıyıcısı olması iddiasıyla, Türkiyənin ekstradisiya tələbinə əsasən saxlayıblar. Fidan Səfəroğlu həmin ərəfədə Azərbaycanın Miqrasiya Xidmətinə həyat yoldaşına siyasi sığınacaq verilməsi tələbilə müraciət edir. Məmurlar ona bu məsələnin 4-5 aya həll olunacağını deyiblər.

Lakin tezliklə, Səfəroğlunun işi ilə bağlı məhkəmə təyin olunub. Fidan Səfəroğlu qapalı məhkəməyə buraxılmayıb. Daha sonra vəkil ailəyə yaxınlaşaraq, Ayhan Səfəroğlunun məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərarı onlara göstərib. Elə həmin vaxt isə Ayhan bəyi təcili Türkiyəyə göndəriblər.

Daha sonra nələrin baş verdiyini Ayhan Səfəroğlunun vəkili danışır:

“Həbsdən azad olduqdan sonra Ayhan bəy birinci mərtəbəyə enib. Ordan onu arxa qapıdan Azərbaycanın Miqrasiya Xidmətinə aid olan maşına mindirərək, hava limanına aparıblar. Orda polisin müşayiətilə, pasportsuz və qandalsız onu Türk Hava Yollarının təyyarəsilə İstanbula göndəriblər”.

Bir gün sonra Dövlət Miqrasiya Xidmətindən Fidan Səfəroğluna həyat yoldaşının siyasi sığınacaq tələbinə imtina cavabıyla rəsmi məkub gəlib.

Həyat yoldaşı yoxa çıxdıqdan iki gün sonra isə Fidan “Whatsapp” vasitəsilə səsli mesaj alıb: “Həyat yoldaşınızla İstanbul Hava Limanının saxlama məntəqəsində tanış olduq. Məni də tutmuşdular. Lakin sonradan məni buraxdılar. Həyat yoldaşınız xahiş etdi sizə çatdırım ki, narahat olmayasınız. Onun telefonunu əlindən alıblar. Dedi, sizə bildirim ki, o, sağ-salamatdır”.

Meydan TV-yə verdiyi şərhdə Ayhan Səfəroğlunun vəkili Ayşe Su Eda bildirib ki, müvəkkilini Azərbaycandan Türkiyəyə qanunsuz aparıblar – onu oğurlayıblar. Onun müvəkkilinin ekstradisiyası ilə, yaxud da Ayhan bəyin azadlığa çıxması ilə bağlı Azərbaycandan heç bir sənəd gəlməyib, üstəlik, Bakıda keçirilmiş məhkəmədə onun azad olunmasına dair qərar qəbul olunub.

Ayhan Səfəroğlu Hazırda Ankarada həbsxanadadır. Onun vəkili Meydan TV-yə bildirib ki, qısa zamanda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.

Daha kim?

Ayhan Səfəroğlu ilə bərabər onun məslək yoldaşı Ərdoğan Taylan da həbs olunub.

Taylanın yaxınları ona zərər toxunacağı ehtimalı ilə həbsinin detallarını müzakirə etməkdən imtina ediblər. Lakin bir məsələ aydındır ki, Taylan da Səfəroğlu kimi Azərbaycandan Türkiyəyə qanunsuz aparılıb.

2017-ci ildə Muaz Muharrem Menekşe, Taci Şəntürk, Faruk Yıldız adlı müəllimlər təxminən eyni sxemlə Türkiyəyə aparılıblar. Meydan TV bu şəxslərin hazırda Türkiyənin harasında olduqlarını aydınlaşdıra bilməyib.

Türk müəllimlərə təzyiq Azərbaycanda gülənçilərə qarşı ovun ikinci dalğasıdır. Birinci dalğada isə eyni repressiyayla siyasətçilər və ictimai xadimlər üzləşiblər.

Türkiyədəki təzyiqdən sonra, 2016-cı ilin avqustunda Gülən hərəkatı ilə əlaqədə günahlandırılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini və müxalif “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli, eləcə də AXCP-nin gənclər qanadının sədri Fuad Əhmədli saxlanılıblar.

Sonuncu hələ də həbsdədir.

Gürcüstan Türkiyədən ədalət gözləməməlidir

2017-ci ilə qədər Gürcüstanda Fətullah Gülənə bağlı olduğu deyilən məktəb və universitet fəaliyyət göstərib. 2017-ci ildə Tbilisi və Batumidə iki məktəb bağlanıb.

Həmin məktəblərdən birinin direktoru Mustafa Əmrə Çabuk 2017-ci ilin mayında terrorizmə dəstək ittihamı ilə saxlanılıb. Türkiyə hələ də Gürcüstandan onun ekstradisiyasını tələb edir. Gürcü ictimaiyyətinin təzyiqi nəticəsində Çabuk şərti azalığa çıxıb və hazırda qoruma proqramına alınıb. Həmin proqram Çabuk ailəsinin yaşayış yerini gizli saxlamağa zəmanət verir.

Vəkil İosib Baratashvili, Səfəroğlu Bakıdan qaçırılan kimi bu hadisənin Çabukun da başına gələ biləcəyi ehtimalını düşünərək, dərhal qoruma proqramına müraciət etdiklərini deyib.

Qeyd etmək lazımdır ki, bu qoruma proqramı qorunan şəxslərə qaçqın statusu verilməsini təmin etmir. Qaçqın statusunun verilməsi məsələsində Gürcü hökuməti bir dəfə Çabuka imtina cavabı verib.

2017-ci ilin yayında Çabukun sığınacaq tələbinə imtina cavabı verən Gürcüstanın Məcburi Köçkünlərlə İş üzrə Nazirliyi bəyan etdi ki, Çabukun Türkiyəyə təhvil verilməsi heç bir risk daşımır, çünki Türkiyə həbsxanalarında vəziyyət müsbətə doğru dəyişib. Bu qiymətləndirməylə Çabukun vəkili heç bir vəchlə razılaşmır. Onun sözlərinə görə, Türkiyədə Çabuku işgəncə gözləyir.

Gürcüstanın 21 qeyri-hökumət təşkilatı cari ilin yanvar ayında Çabuka siyasi qaçqın statusunun verilməsilə bağlı gürcü hökumətinə birgə bəyənat təqdim

ediblər.

“Türkiyədən ədalət gözləmək lazım deyil”, – deyə Avropa Parlamentinin deputatı Rebekka Harms (Rebecca Harms) bildirib. Gürcü hökumətinə etdiyi müraciətində o, hökuməti qanunun tərəfində dayanmağa çağırıb: “Gürcü hökuməti və Avropa Birliyi Çabukun Türkiyəyə verilməsindən imtina etməli və ona Gürcüstanda və yaxud üçüncü bir ölkədə siyasi qaçqın statusu verilməlidir”, – deyə Harms əlavə

edib.

Fətullah Gülən kimdir?

Fətullah Gülən – 12 yaşından etibarən təbliğata başlamış yazıçı və keçmiş

imamdır

.

2008-ci ildə “Prospect and Foreign Policy” jurnalı onu ən nüfuzlu intellektual adlandırıb, “Time” isə onu “dünyanın ən nüfuzlu 100 adamı” siyahısına salıb. Təbliğatçı dinlərarası dialoqun və fərqli baxışları olan şəxslərin dialoqa getməsinin tərəfdarıdır. O, davamlı şəkildə gender bərabərliyinə dəstək verib, eləcə də elan edib ki, “İslam” və “demokratiya” bir-birindən ayrı deyil.

Gülən əvvəllər Ərdoğanı dəstəkləyib. Lakin 1999-cu ildən onların münasibətləri korlanıb. O, Amerikaya gedib, Ərdoğan isə onun nəinki tək Türkiyədə, bir çox ölkədə olan milyonlarla tərəfdarını birləşdirən “Hizmet” (Xidmət) hərəkatının davamçılarının ovuna başlayıb. Gülənin haqqında ittihamlar səslənməsi və onun İnterpolun axtarışına verilməsi 2000-ci ilə təsadüf edir.

İlk islam məktəbini Gülən 1982-ci ildə açıb. Hazırda onun adıyla bağlı 160 ölkədə 1000-dən artıq məktəb və universitet var. Bu təhsil ocaqları prestijli məktəblər hesab olunur və valideynlər xarici dillərin burdakı keyfiyyətli tədrisini, o cümlədən məktəblərin müasir avadanlıqla təchizatını, həmçinin şagirdlərə cinsindən asılı olmayaraq bərabər yanaşmanı yüksək qiymətləndirirlər.

Azərbaycanda Gülənin adıyla bağlı olan bir neçə məktəb-lisey və Qafqaz Universiteti bağlanıb. Qafqaz dünyada ilk 700-ə düşən ilk Azərbaycan universiteti idi.

Ana səhifəVideoMəktəbdə işləməyin mükafatı – Həbsxana