Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

Foto: Avropa Parlamenti

Mayın 7-də Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib.

Dinləmələrdə jurnalist Leyla Mustafayeva və hüquqşünas Səməd Rəhimli çıxış ediblər. Dinləmələr Avropa Parlamentinin ötən ilin dekabrında sülh fəalı Bəhruz Səmədov və etnik araşdırmaçı İqbal Əbilovla bağlı qəbul etdiyi qətnamədən dörd ay sonraya təsadüf edib.

”Free Voices Collective” təmsilçisi və Berlində fəaliyyət göstərən mühacir media qurumu olan Qazetci-nin baş redaktoru Leyla Mustafayeva bildirib ki, Avropa Parlamentinin ötən ilin dekabrında qəbul edilmiş qətnaməsindən sonra Azərbaycanda repressiyalar daha da dərinləşib:

“2023-cü ilin sonundan etibarən Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş repressiya dalğası başladıb. Siyasi məhbusların sayı təxminən 400-ə çatıb. Avropa Parlamentinin tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılmasını tələb etməsindən dörd ay keçməsinə baxmayaraq, hər ikisi hələ də həbsdədir. Səmədov təhlükəsizliyi zəif olan cəzaçəkmə müəssisəsinə köçürülüb, Əbilovun isə apellyasiya şikayəti rədd edilib”.

Jurnalist qeyd edib ki, Azərbaycanda məhkəmə islahatları üçün Avropa tərəfindən ayrılmış 23 milyon avro maliyyə dəstəyinə baxmayaraq Azərbaycan həbsxanalarında işgəncə, pis rəftar və tibbi yardımın göstərilməməsi halları davam edir:

”Meydan TV-nin jurnalistləri Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova və Ülviyyə Əli saxlanıldıqları müddətdə seksual təzyiqlərlə üzləşiblər. Media hüquqşünası Ələsgər Məmmədli, araşdırmaçı jurnalist Hafiz Babalı və Meydan TV-nin baş redaktoru Aynur Elgünəş təcili şəkildə peşəkar tibbi müayinə və müalicəyə ehtiyac duyurlar. Ötən həftə müstəqil jurnalistlərə USAID tərəfindən dəstəklənən rəqəmsal təhlükəsizlik təlimləri keçmiş İT mütəxəssisi İlqar Əliyev saxta narkotik ittihamları ilə iki ildən çox həbsdə saxlanıldıqdan sonra kamerasında ölü tapılıb. Onun ölümü vətəndaş cəmiyyətinə qarşı fasiləsiz davam edən misli görünməmiş repressiyaların son nümunəsidir”.

Leyla Mustafayeva bildirib ki, Avropa İttifaqı və onun üzv dövlətləri bütün siyasi məhbusların azadlığa buraxılmasını Bakı ilə gələcək hər hansı əməkdaşlıq üçün, o cümlədən Aİ–Azərbaycan Strateji Tərəfdaşlıq Gündəliyi çərçivəsində, açıq və rəsmi şərt kimi irəli sürməlidirlər.

”Avropa İttifaqı Şurası ciddi insan hüquqları pozuntularında etibarlı şəkildə adı hallanan vəzifəli şəxslərə qarşı hədəfli sanksiyaları nəzərdən keçirməlidir”.

Dinləmələrdə həmçinin Azərbaycanın Avropa Parlamentindən və AvroNest-dən uzaqlaşması müzakirə edilib. Müzakirələrdə həmçinin AŞPA-da mühacir qrupların Azərbaycanın təmsilçisi kimi yer alması da qeyd edilib.

Mayın 1-də Azərbaycanın Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan parlamentinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakı dayandırılır. Həmçinin Milli Məclisin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi proseduruna başlanılıb. Prosedur başa çatana qədər Azərbaycan nümayəndə heyəti Avronest-in tədbirlərində iştirak etməyəcək.

Həmin gün Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in yaydığı məlumata görə, görüş zamanı aprelin 30-da Avropa Parlamentində qəbul edilmiş qətnaməyə etiraz bildirilib və Aİ tərəfinə rəsmi nota təqdim olunub.

Nazirlik bildirib ki, qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı yer alan müddəalar əsassız hesab olunur və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışında Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid edib. Onun sözlərinə görə, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə “onu sabotaj etməyə yönəlir”. İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, 2021-ci ilin mayından 2026-cı il 30 aprelədək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib:

“Təsəvvür edin, beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır”.

O, Avropa Parlamentini Azərbaycanı “hədəf almaqda” və “böhtan və yalanlar yaymaqda” ittiham edib.

Avropa Parlamentinin prezidenti Roberta Metsola isə həmin sammitdəki çıxışında Əliyevin tənqidlərinə cavab verib. O bildirdi ki, Avropa Parlamenti demokratik yolla seçilən qurumdur və onun qəbul etdiyi qətnamələr səs çoxluğu ilə formalaşır:

“Bu qərarlar kimlər üçünsə narahatlıq yarada bilər, amma biz iş prinsipimizi dəyişmirik”.

Avropa Parlamentinin bir neçə deputatı Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması qərarını tənqid edən birgə bəyanat yayıb. Bəyanatı Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri Devid MakAllister, Avronest Parlament Assambleyası üzrə nümayəndə heyətinin sədri Sergey Laqodinski, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri Nils Uşakovs və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Dan Barna imzalayıb.

Avropa Parlamenti aprelin 30-da Azərbaycanla bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycanda həbsdə saxlanılan ermənilərin azadlığı və Qarabağ ermənilərinin hüquqları ilə bağlı çağırışlar yer alıb.

Ana səhifəXəbərlərAvropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib