Medvedev: “Qərbin rus eksponatlarını saxlaması cəhdləri oğurluqdur”

Dmitri Medvedev. Foto: Max kolomychenko/shutterstock

“Həqiqəti məhkəmələrdə axtarmalı olacağıq”

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev aprelin 2-3-də rus muzeylərinə məxsus eksponatların Finlandiya gömrüyündə saxlanılmasına münasibət bildirib.

O qeyd edib ki, Qərb ölkələri Rusiya mədəniyyətinə müxtəlif qadağalar tətbiq etməklə yanaşı, rus kolleksiyalarından qiymətli əşyaları mənimsəmək istəyirlər.

Sənət əsərləri artıq ötən həftəsonu Rusiyaya qaytarılıb.

“Rəsmləri gömürükdə saxlamaq cəhdlər bayağı oğurluqdur. Həqiqəti məhkəmələrdə, həm də başqa yollarla axtarmalı olacağıq”, – o bildirib.

Medvedev fevralda Parisdə “Louis Vuitton” Fondunda nümayiş olunan Rusiyaya məxsus Morozovlar Kolleksiyasının da ölkəyə qaytarılması istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

Morozovlar Kolleksiyası XX əsrin əvvəllərindən bəri ilk dəfə Rusiyadan kənara çıxıb.

Ekspozisiyada 200 rəsm əsəri ilə yanaşı, heykəltəraşlıq nümunələri və bir sıra fotoşəkil də nümayiş edilib.

Şura sədri Rusiyaya tətbiq olunan sanksiyaların ölkənin gələcəkdə beynəlxalq sərgilərdəki fəaliyyətinə xələl gətirməyəcəyini vurğulayıb.

Bildirib ki, Rusiyanın Müstəqil Dövlətlər Birliyi (MDB), BRİCS üzvləri (təşkilatın üzv ölkələr: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə məhsuldar gündək planı var.

“Bu dövlətlərdə rus mədəniyyətini qiymətləndirən, sevən və gözləyən milyardlarla adekvat düşüncəli insanlar yaşayır. Yaxın Şərq və Cənub-Şərqi Asiyada ultramüasir incəsənət muzeyləri bizimlə qarşılıqlı əlaqəyə açıqdır”, – Medvedev bildirib.

Aprelin 2-3-də Rusiyanın bir neçə muzeyinə məxsus eksponatlar Finlandiya gömrüyündə saxlanılıb.

Rəsmlərin saxlanılmasının Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.

Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.

Saxlanılan sənət əsərləri “Ermitaj”, “Tretyakov” qalereyalarına, “Sarskoye Selo”, “Pavlovsk”, “Qatçina” dövlət muzey-qoruqlarına, Şərq Dövlət Muzeyinə və Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə məxsus eksponatlardır.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyətMedvedev: “Qərbin rus eksponatlarını saxlaması cəhdləri oğurluqdur”