Marneulidə fermerlər yolu bağlamağa cəhd etdi, saxlanılanlar var

İllüstrasiya: Meydan TV

Gürcüstanın etnik azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhəri yaxınlığındakı Şulaver kəndi ətrafında fermerlər kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsinə etiraz ediblər.

Etirazçılar hadisə yerinə Marneuli meri Daur İsmayılovun gəlməsini tələb edib, mer gəlmədiyi təqdirdə yolu bağlayacaqlarını bildiriblər.

Marneuli–Sadaxlı avtomobil yolunda keçirilən aksiyaya Marneulinin Qırxılı, Arıflı, Qullar və digər kəndlərindən olan sakinlər də qoşulublar.

Etirazçılar bildiriblər ki, qonşu ölkələrdən pomidor və xiyar idxalı yerli məhsulların ucuzlaşmasına və satışın dayanmasına səbəb olur. Onların sözlərinə görə, bu vəziyyət fermerləri ciddi zərərə salır. Aksiya iştirakçıları xarici kənd təsərrüfatı məhsullarına tətbiq olunan rüsumların artırılmasını və yerli istehsalçılara daha çox dövlət dəstəyi verilməsini tələb ediblər.

Hadisə yerinə etirazçıların tələbinə baxmayaraq, Marneuli meri gəlməyib. Onun əvəzinə birinci müavini Qiorqi Qodabrelidze gəlib. Lakin bu, aksiya iştirakçılarını qane etməyib və onlar bir neçə dəfə yolu bağlamağa cəhd ediblər.

Etiraz zamanı polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nəticədə 2 nəfər saxlanılıb.

Etirazçılar saxlanılan şəxslərin dərhal azadlığa buraxılmasını tələb ediblər. Mer müavini isə aksiya iştirakçılarının yanında qalaraq saxlanılan şəxslərin azadlığa buraxılmasını onlarla birlikdə gözləyəcəyini bildirib.

Daha sonra saxlanılan şəxslər polis idarəsindən buraxılıb və yenidən aksiya iştirakçılarına qoşulublar. Onların hansı şərtlərlə azadlığa buraxıldığı hələlik məlum deyil.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, saxlanılan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) iş başlanıb.

Sözügedən maddə 2 000-dən 3 000 lariyədək cərimə və ya 15 günədək inzibati həbs cəzası nəzərdə tutur.

Ana səhifəXəbərlərMarneulidə fermerlər yolu bağlamağa cəhd etdi, saxlanılanlar var