Türkiyəli müğənni İran Prezidentini təbrik edib
Türkiyə müğənnisi, aktyoru, rejissoru, ssenaristi və bəstəkarı Mahsun Kırmızıgül İranın yeni seçilən Prezidenti Məsud Pezeşkiana təbrik ünvanlayıb.
O, bu barədə “İnstagram” hesabında yazıb.
Sənətçi yeni Prezidentdən qadınlarla bağlı islahat aparmasını xahiş edib.
“Sizdən ən böyük xahişim İranda qadınların həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatların aparılmasıdır. Əgər bu islahatları etsəniz, sizə söz verirəm, İranın ən böyük stadionunda pulsuz konsert verəcəyəm”, – Mahsun Kırmızıgül fars dilində yazdığı paylaşımında qeyd edib.
Zaza əsilli əsl adı Abdullah Bazencir olan Mahsun Kırmızıgülün İranın Urmiya şəhərindən olduğu deyilir.
2024-cü il iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda Məsud Pezeşkian qalib gəlib.
İranda İslam İnqilabından sonra, 1981-ci ildən başlayaraq doqquz yaşdan yuxarı bütün qadınlara ictimai yerlərdə hicab taxmaq məcburi olub.
2022-ci ildə İranda kütləvi etirazlar başlayıb və bir neçə ay davam edib.
Buna səbəb 22 yaşlı Məhsa Amininin ölümü olub.
O, 2022-ci ilin sentyabrında İran polisi tərəfindən düzgün hicab geyinməməkdə ittiham edilərək saxlanılıb.
Polis bölməsindən xəstəxanaya aparılan qız bir neçə gün sonra orada vəfat edib.
Yaxınları onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi olduğunu güman edirlər.
Məhsa Aminin ölümündən sonra qadınların rəhbərlik etdiyi etirazlar ölkənin 31 vilayətində 160 şəhərə yayılıb.
Etiraz hərəkatı ilə həmrəylik ifadə edən və rejimə qarşı açıq-aşkar itaətsizlik aktı olaraq ictimai yerlərdə hicablarını çıxaran iki aktrisa – Henqame Qaziani və Katayun Riahi də həbs edilib.
2023-cü ilin sentyabrında İran İslami geyim qaydalarını pozan qadınlara 10 il həbs cəzası nəzərdə tutan “Hicab və İffət” qanununu qəbul edib.
Yeni qanuna əsasən, məcburi hicaba əməl edilməməsi çılpaqlıq sayılır.
Qanunu pozan qadınlar şallaqlanaraq 360 milyon İran rialına (8522 dollar) qədər cərimələnə bilərlər.
Əvvəlki qanunvericilikdə belə pozuntuya görə iki aya qədər həbs və ya 500 min İran rialına (12 dollar) qədər cərimə nəzərdə tutulurdu.
Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı 600-ə yaxın nümayişçi həlak olub, 20 minə yaxın insan isə nəzarətə götürülüb.
Bir neçə nəfər edam edilib.
Məhsa Amininin ölümündən sonra bir sıra iranlı sənət adamları da olaya etiraz əlaməti olaraq sosial şəbəkələrdə paylaşmalar ediblər.
Nəticədə aktrisalar Təranə Əlidusti, Henqame Qaziani və Katayun Riahinin həbs edilməsi xəbərləri yayılıb.