Litvalı rejissorun Ukraynada güllələndiyi bildirilir

Mantas Kvedaraviçyus (ortada). Mənbə: Albina Lvutin “Facebook” səhifəsi

Albina Lvutina: “Rus hərbiçiləri Mantası tutublar, daha sonra isə güllələyiblər”

Aprelin 2-də Mariupolda həlak olan litvalı sənədli film rejissoru Mantas Kvedaraviçyusun rus hərbçiləri tərəfindən güllələndiyi iddia olunur.

Bu barədə ukraynalı jurnalist Albina Lvutina “Facebook” səhifəsində yazıb:

“Rus hərbiçiləri Mantası tutublar, daha sonra isə güllələyiblər. Rejissorun həyat yoldaşı özünü riskə ataraq, mərhumun nəşini Litvaya gətirib. Ukrayna Prezident Adminstrasiyası rejissorun ölüm xəbərini verəndə mərhumun həyat yoldaşı onun nəşi ilə Rusiya sərhədində olub”.

Aprelin 3-də kinorejissor Vitali Manski “Facebook”unda rejossorun həlak olması ilə bağlı məlumat yaymışdı.

Rejissorun ölümü ilə əlaqədar Litva Prezidenti Gitanas Nauseda da başsağlığı verib.

“Biz təkcə Litvada deyil, həm də bütün dünyada, təhlükəyə baxmayaraq, son ana qədər Ukraynada işləyən tanınmış yaradıcını itirdik”, – deyə prezidentin mətbuat xidmətinin məlumatdın deyilir.

Mantas Kvedaraviçyus 2016-cı ildə Berlin Film Festivalında Ukraynanın şərqində hərbi əməliyyatlar zamanı Donetsk vilayətində şəhər sakinlərinin həyatından bəhs edən “Mariupoli” filmini təqdim edib.

Ekran işi “Tarixi sarsıntı fonunda insan hekayəsi” adlandırılıb.

2000-ci illərdə Kvedaraviçyus Çeçenistanda insanların oğurlanması və işgəncələrə məruz qalmasından bəhs edən “Bərzəx” sənədli filmini çəkib.

Hüquq müdafiəçisi Natalya Estemirova filmin çəkilişləri zamanı litvalı rejissora ərsəyə gələcək ekran işinin gələcək qəhrəmanları ilə tanış edib.

Estemirova 2009-cu ildə İnquşetiyada öldürülüb.

“Bərzəx”in premyerası 2011-ci ildə Berlin kinofestivalında olub, film Estemirovaya ithaf olunub.

Ekran işi “Amnesty İnternational” hüquq müdafiə təşkilatının mükafatına layiq görülüb, həmçinin Litvada ilin sənədli filmi kimi tanınıb və “Sidabrinė Gervė” mükafatına layiq görülüb.

2019-cu ildə Odessa, İstanbul və Afinada lentə aldığı “Parthenon” filmi nümayiş olunub.

Rusiyanın fevralın 24-də Ukraynada başlatdığı hərbi əməliyyatlar nəticəsində Ukrayna Milli Operasının solisti, balet ustası Artyom Datsişin və Əməkdar artist kino və teatr aktrisası Oksana Şvets həlak olub.

Ana səhifəMədəniyyətLitvalı rejissorun Ukraynada güllələndiyi bildirilir