“LGBT” etiketi Azərbaycanda siyasi damğaya çevrilib

Əli Məlikov

Əli Məlikov. Foto: şəxsi arxiv

Təşkilatlanmış, legitim və yerli dəstək qazana bilən vətəndaş cəmiyyəti, siyasi institutlar, avtoritar rejimlər üçün təhlükə mənbəyidir. Bu təhlükəni aradan qaldırmaq üçün istifadə edilən zorakılıq aktı isə izaha möhtacdır. Ona görə rejim müstəqil fiqurlara tətbiq etdiyi zorakılığa bəraət qazandırmaq ehtiyacı duyur. Öncə vətəndaş cəmiyyətini lokallıqdan qoparmaq üçün “xalqın içindən çıxmayan, qərbdən (yad dairələrdən) idarə olunan” narrativi qurulur. Müxalif fikirləri “LGBT” məsələsi ilə assosiasiya etməyin əsas səbəbi də istənilən sosial tələbi “marginal” göstərərək qeyri-legitim etməkdir. Əgər səmimi şəkildə fikrimi eşitmək istəyirsinizsə, mən deyərdim ki, Azərbaycanda müxalif kəsim də kifayət qədər homofobdur. Məsələn 2023-cü ilin mayında bir aksiyada LGBT bayrağı açdığım üçün Tofiq Yaqublu iddia etmişdi ki, biz hökumətin tələbi ilə həmin aksiyaya müxalifəti qaralamaq üçün gəlmişik. LGBTQ+ məsələsi nə hökumət, nə də müxalifət tərəfindən tam mənimsənilir. Hətta müxalif siyasətçilər belə bu mövzudan məsafə saxlayır və bu haqda danışmağı siyasi risk kimi görürlər. Elə buna görə də hakimiyyətin istifadə etdiyi narrativ gülünc qalır. Bəs iqtidar LGBT-nin adını müxaliflərlə birgə necə hallandırır?

Cəmiyyət, onsuz tabu və miflərlə yükləndiyi, müdafiəsi çətin olan, “mentalitet” diskursu ilə rahatlıqla demonizə edilə bilən “LGBT” məsələsi ilə adı çəkilən müxalif kəsimi dəstəkləməyəcək. Beləcə sistem Azərbaycanda xeyli kiçilmiş müxalif qrupları bir növ cəmiyyətin də potensial dəstəyindən məhrum edir. Artıq sistem məsələni hüquq, sosial ədalət kimi bəşəri dəyərlər uğrunda mübarizə olaraq deyil, “milli təhlükə” olaraq təqdim edir. 2023-cü ildən başlayan həbslərdən də aydın görürük ki, fəalların həbsi, xüsusən də Azərbaycanın feminist və LGBTQ+ hərəkatlara qarşı repressiyalar hakimiyyət tərəfindən “əxlaqsızlığı yayan şəbəkələrin dağıdılması” və “xarici agentlərin zərərsizləşdirilməsi” kimi təqdim olunur. Bu ritorika zorakılığı texniki əməliyyat kimi göstərir və repressiyanı normallaşdırır.

Məsələn, elə həmin dövrdə jurnalistlərə qarşı başlayan ilk həbslərdən sonra hökumətyönlü medialardan olan APA TV-nin USAİD fondu haqda yaydığı material yaxın günlərdə vətəndaş cəmiyyətini gözləyən repressiyanın xəbərçisi idi. Sanki bu tip materiallarla hökümət öz dili ilə əvvəlcədən hədəf olacaq qrupların siyahısını ictimaiyyətə təqdim edirdi. Yazının ilkin hissəsində bu fondun maliyyə dəstəyi ilə olunan ümumi işlərdən danışılır. Müstəqil qurumlara olan dəstək haqda yazılan hissədə isə belə bir cümlə nəzərimizə çarpır:

“QHT, ictimai birliklər, vətəndaş cəmiyyəti və media vasitəsilə fərqli ideologiya və yerli mental dəyərləri nəzərə almayan görüşlərin yayılması”. 

Mən bu yazını Azərbaycanda yaşamış və LGBTQ+ olan bir gənc olaraq yazıram, ola bilsin tərəfli görünüm, lakin gəlin, əvvəldən razılaşaq ki, “mental dəyər” hüquqi bir kateqoriya deyil. Qeyri-müəyyən mədəni norma qanuni bir meyar olmamalıdır. Əlavə olaraq, fondun Azərbaycandakı 3 əsas problemindən biri kimi LGBT hərəkatını misal göstərmək kontekstdən çıxarılmış və siyasiləşdirilmiş təqdimatdır. USAİD rəsmi olaraq insan haqları və sosial layihələr üzrə qrant proqramları həyata keçirir. Azərbaycanda hökumətə bağlı heç bir media orqanı LGBTQ+ vətəndaşın problemini işıqlandırmadığı üçün bu məsələlərdə yazan platformalar demək olar hər zaman alternativlərdir. Bunun səbəbi müstəqil qurumların obyektiv xəbər verməyə sadiq olmasıdır. Amma biz gördük ki, bu halı qarayaxma kimi istifadə edərək “qabaqdan gəlmişlik” (diskurs çərçivələmə) edildi.

Əksər hökumətyönlü saytlarda “LGBT” etiketini axtarsanız, yəqin yerli xəbərlər yerinə bu ifadənin əksərən alət kimi işlədildiyini görərsiniz. Məqsəd konkret olaraq kuir icmasını müzakirə etmək də deyil. Məqsəd müstəqil medianı və vətəndaş cəmiyyətini (yaxud da şəxsi) sosial dəstəkdən təcrid etməkdir. Çünki cəmiyyətin böyük hissəsi üçün bu mövzu həssasdır və asanlıqla emosional reaksiya doğura bilir, rasional hüquq müzakirəsini kölgədə qoyur.

Eyni vəziyyəti “Yeni Müsavat” saytının “No War”çılar haqda yayımladığı köşə yazısında da görmək olar. 2023-cü ilin avqustunda Bakıda sülh mövzusunda müzakirə keçirilmişdi və bir neçə ictimai fəal həmin görüşdə iştirak etmişdi. Yazıda isə görüşə qatılmadığım halda mənim adım belə qeyd olunmuşdu. Məqalədə vurğulanırdı ki, tədbirlər ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirilib və iştirakçılar ultra-liberal, LGBT, feminist və “No War”çılardır. Təsəvvür edirsiniz, bir media qurumu sifarişlə gəncləri “xalq düşməni” kimi damğalamaq üçün mövcud olmayan iddialar səsləndirirdi. Baxsanız, həmin gənclərin əksəriyyəti ya həbsdədir, ya da dolayı yolla ölkədən sürgün edilmiş şəxslərdir.

Trans icma üzvlərinin tez-tez xatırladığı başqa bir hadisə isə 2005-ci ilə aiddir. “Kavkazski uzel” yazır ki, müxalif siyasətçi Əli Kərimli Türkiyəyə səfəri zamanı hava limanında bir qrup gey, trans və lezbiyan şəxs tərəfindən gül buketi ilə qarşılanmışdı. Kərimli bu hadisəni jurnalistlərə açıqlamasında hakimiyyətin təşkil etdiyi provokasiya kimi qiymətləndirmişdi. Buna baxmayaraq, həmin görüntülər sonradan hakimiyyətə yaxın qəzetlərdə mənfi kontekstdə təqdim olunmuşdu və siyasi diskursda müxalifəti nüfuzdan salmaq üçün istifadə edilən epizodlardan birinə çevrilmişdi. Kərimliyə qarşı LGBT istifadəsi bununla bitmir, 2011-ci ildə Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyalardan birində etirazçılar üzərində xoruz təsviri olan və “mavi” sözünü təkrarlayan plakat qaldırmışdılar.

Pul və ya başqa motivlərlə həmin kampaniyaya qoşulan insanlar sırf LGBT-dir deyə onlara tərəfkeşlik etmirəm. Kimliyindən asılı olmayaraq hər kəsin şəxsi iradəsi və prinsipləri/prinsipsizliyi ilə dəyərləndirmək lazımdır əlbəttə, lakin burada bir siyasi gücün bir qrup insanın zəifliyindən sui-istifadə etməsini də söyləmək lazımdır. Şəxsi fikrimcə, bu cür manipulyasiyaların qarşısını almağın yeganə yolu LGBTQ+lərin də bu cəmiyyətin hissəsi kimi qəbul edilməsidir. Bərabərhüquqlu cəmiyyət qurulmadıqca, demokratiya mədəniyyəti formalaşmayacaq və siyasi diskurs hər zaman populizmin kirli təsirləri altında əziləcək.

Ana səhifəSosial“LGBT” etiketi Azərbaycanda siyasi damğaya çevrilib