1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalıya hücum edəndə Leyla Sayadova da anası ilə birlikdə əsir götürülüb.
İki il əsirlik həyatı yaşayan, işgəncələrə məruz qalan Leyla xanım nəhayət, 1994-cü ildə Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin xətti ilə azad edilib. Onu işgəncələrə dözməyib dünyasını dəyişən anasının nəşi ilə birlikdə xilas ediblər.
Leyla Sayadova deyir ki, əsirlikdə olduğu zaman erməni hərbçilər silahın qundağı ilə vurub başının yarısını parçalayıblar. Yalnız geri qayıtdıqdan sonra Semaşko adına Xəstəxanada müalicə olunub və beyninin parçalanmış hissəsi silikon maddə ilə bərpa olunub.
Bundan sonra o, Bərdə şəhərində müvəqqəti qeydiyyata alınaraq, nənəsinin yanında yaşamağa başlayıb. Elə həmin ərəfədə də Tarverdi Sayadovla həyat qurub.
Həyat yoldaşı Tarverdi Sayadov 1990-cı ildə hərbi xidmətdən sonra Qırğızıstanın Bişkek şəhərində yaşamağa başlayıb. Qarabağ savaşı başlayanda könüllü olaraq Vətənə qayıdıb və döyüşə yollanıb.
O, Xocalıda törədilən qətliamdan bir neçə gün sonra – fevralın 29-da Ağdam batalyonunun tərkibində qətlə yetirilmiş insanların cəsədlərinin çıxarılması prosesində iştirak edib.
İki ağır həyat yolunun birləşdirdiyi gənclər ailə qurduqdan sonra Bakıya köçüblər. Leyla Sayadova deyir ki, yaşamağa yerləri olmadığından parklarda gecələdikləri zamanlar da olub. Nəhayət, Binəqədi rayonundakı, sovetlər dönəmində xəstəxana kimi nəzərdə tutulan, tikintisi tam başa çatmamış binaya yerləşiblər.
Hazırda da həmin qəzalı binada kiçik bir otaqda yaşayırlar. Bu darısqal otaqda üç övladları dünyaya gəlib.
“Dərd dərd gətirər” – deyir, Leyla xanım. Ailənin kiçik övladı Miryusif Qarayev adına Xəstəxanada müalicə alarkən “Hepatit C” virusuna yoluxub. Lakin maddi imkanlarının olmaması ucbatından ailə uşağı müalicə etdirə bilmir. İndi Leyla Sayadova dərdlərin, xəstəliklərin əlində əsir qalıb. Hökumətdən heç bir dəstək almayan ailənin yeganə ümidi isə xeyirxah insanlaradır…