Yerevan və Bakı potensial ticarət mallarının siyahısını mübadilə ediblər və bu siyahı hazırda “nəzərdən keçirilir”, – Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
OC Media yazır ki, bu açıqlama cümə axşamı mətbuat brifinqində, Azərbaycandan Ermənistana yanacağın ikinci partiyasının çatdırılması ərəfəsində səsləndirilib.
İndiyədək Ermənistandan Azərbaycana heç bir məhsul ixrac edilməyib.
Cümə günü Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Factor TV-yə bildirib ki, Yerevan Bakı ilə Ermənistandan Azərbaycana alüminium folqa, xam alüminium folqa, ferromolibden, ev heyvanları, konyak istehsalı üçün xammal, tütün, tekstil məmulatları, qızılgüllər və digər istixana məhsullarının ixracı barədə danışıqlar aparır.
O əlavə edib ki, Azərbaycan tərəfi idxal etməkdə maraqlı olduğu konkret məhsulların siyahısını təqdim edib, Ermənistan isə bu məhsulların qiymətlərini və təchiz edə biləcəyi həcmləri bildirib.
Azərbaycana mümkün ixracın vaxt çərçivəsini dəqiqləşdirməkdən çəkinən Papoyan yalnız onu deyib ki, hər iki ölkənin şirkətləri razılığa gəldikdən sonra ticarətə başlanacaq.
Azərbaycanın hökumətyönlü APA agentliyi çərşənbə günü xəbər verib ki, Azərbaycanın Ermənistana neft məhsulları ixracı “tamamilə kommersiya xarakteri daşıyır və benzin beynəlxalq bazar qiymətləri ilə satılır”.
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası bu gün Bakıdan yola salınıb. 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Bundan öncəki – ikinci partiya yanacaq isə Azərbaycanın 2025-ci ilin sonlarında yanacağın qiymətini artırmasından sonra göndərilmişdi.
2025-ci ilin dekabrın 18-də tarixi bir ilk olaraq Azərbaycan Gürcüstan üzərindən Ermənistana SOCAR istehsalı olan 1 200 tondan artıq benzin göndərib.
Yanacaqla bağlı razılaşma 28 noyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mher Qriqoryan arasında əldə olunub.
Bundan əvvəl, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ermənistana malların hərəkəti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını elan etmişdi. Qısa müddət sonra Ermənistan Azərbaycandan keçməklə Rusiya və Qazaxıstan buğdasının tədarükünü alıb.
Azərbaycandan keçən ilk yük daşımaları ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda aparılan danışıqlardan sonra, avqust ayında Ermənistan və Azərbaycanın sülh sazişini paraflamasından sonra baş tutub.
İkinci daşınma Gürcüstan üzərindən tranzit rüsumları ilə bağlı problemlərin, görünür, həllindən sonra həyata keçirilib.
Dekabr ayında Azərbaycanın hökumətyönlü mediası Gürcüstanı kəskin tənqid edərək, hökuməti regionda “sülhü pozmağa çalışmaqda” və həddindən artıq yüksək tariflər tətbiq etməkdə ittiham edib.
Paşinyan həmçinin bildirib ki, problem həll olunmazsa, erməni və azərbaycanlı bizneslərin alternativ marşrutlar axtarması “məntiqli” olardı.
Həmin ayın sonunda Azərbaycan və Gürcüstan tariflərlə bağlı razılığa gəldiklərini açıqlayıblar, lakin dəqiq rəqəmləri açıqlamayıblar.
Azərbaycan yanacağının idxalı “plan üzrə gedir”
Hazırda Ermənistanda Azərbaycandan benzin idxal edən iki şirkət var.
Onlardan biri hakim “Vətəndaş Müqaviləsi” Partiyasından deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus Mega Trade şirkətidir. Digəri isə iş adamı Samvel Aleksanyanın ailəsi ilə əlaqəli olan Shisha World şirkətidir.
Cümə axşamı keçirilən brifinqdə Paşinyan izah edib ki, hökumət məhz bu şirkətlərlə əlaqə saxlayıb, çünki onların sövdələşməni siyasiləşdirməyəcəyinə, o cümlədən Ermənistan hökumətinin onları Azərbaycan yanacağı almağa “məcbur etdiyini” iddia etməyəcəklərinə inanırdılar.
“Bu prosesin nəticəsində hamı üçün aydın olacaq ki, bu bazar və imkanlar hər kəs üçün açıqdır və istəyən hər kəs ondan yararlana bilər”, — deyə Paşinyan bildirib.
Ayrı bir brifinqdə Papoyan qeyd edib ki, Azərbaycan benzin idxalı artıq mübahisə mövzusu olmamalıdır.
“Sansasiya yalnız ilk dəfə baş verən şeydir. Açığı, mən artıq bu prosesə qarışmayacağam, çünki hər şey yoluna düşüb — necə ki, hansısa biznesin Çindən məhsul idxal etməsinə qarışmıram”, — deyə Papoyan bildirib.
O, həmçinin bunun nəticəsində yanacaq qiymətlərinin litri üzrə 80 dramadək (0,21 ABŞ dolları) ucuzlaşa biləcəyini proqnozlaşdırıb.
Erməni iqtisadçı Haykaz Fanyan “Facebook” paylaşımında belə qənaətə gəlib ki, tədarük həcmləri qorunarsa, Azərbaycan benzini “bazarda əhəmiyyətli pay qazanacaq”. Onun sözlərinə görə, Ermənistan ildə təxminən 300 milyon litr benzin və 210 milyon litr dizel yanacağı istehlak edir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.