Lerikdən şikayət: “Direktor qeyri-ixtisas fənlərini ailə üzvləri arasında bölüşdürüb”

Fotolar: Meydan TV

Sakinlər orta məktəbdəki kadr çatışmazığına etiraz edirlər

Lerikin Orand kənd sakini Əziz Cənnətov həmin kəndin tam məktəbində çalışan Rəhimovlardan narazıdır.

Onun sözlərinə görə, məktəbin direktoru Babək Rəhimov illərdir ki, bu təhsil ocağını az qala şəxsi müəssisəyə çevirib, ailə üzvlərini də orada yerləşdirib. Şikayətçi direktorun qeyri-ixtisas fənlərini də məhz qohumları arasında bölüşdürdüyünü deyir.

Lerikin ucqar kənd məktəblərindən sayılan Orandda kimya, biologiya, riyaziyyat, ingilis dili, tarix, informatika və musiqi fənləri üzrə ixtisaslı kadrlar çatışmır.

O deyir ki, ingilis dili və tarix fənləri üzrə qonşu kənd məktəbindən müqavilə ilə müəllim cəlb olunsa da, digər fənlər üzrə kadrlar yoxdur:

“Əvvəllər isə həmin ixtisaslar üzrə qonşu kənddən müəllimlər cəlb olunurdu. İndi “dərs yükü çoxdur” deyərək Rəhimovlar özləri həmin fənlərin tədrisi ilə məşğuldurlar. Qonşu kənd məktəblərində ixtisaslı kadrlar olsa da, nədənsə direktorun qardaşı ixtisasca fiziki tərbiyə müəllimi olan Ramiz Rəhimov biologiya fənnini, onun oğlu orta ixtisas təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov 5-11-ci siniflər üzrə riyaziyyat fənnini, digər qardaşı ixtisasca fizika müəllimi Müqabil Rəhimov kimya fənnini, bacısının həyat yoldaşı, ixtisasca texnologiya müəllimi Asif Rəhimov isə informatika fənnini tədris edir”.

Orand sakini iddia edir ki, direktorun özü ixtisasca texnologiya fənn müəllimi olsa da, musiqi fənni üzrə boş dərsləri mənimsəyib:

“Çıxış yolu kimi həmin fənlər üzrə sertifikat əldə etdiklərini bildirirlər. Sertifikatla ixtisasa yiyələnmək, ağır fənləri tədris etmək olur? Müraciət edirəm, amma nə diplomlarını, nə sertifikatlarını göstərirlər. Dəfələrlə şikayət etdikdən sonra ingilis dili, ədəbiyyat və tarix müəllimlərini qonşu kənddən müqavilə ilə gətirdilər. Rəhimov qardaşlarının dərs yükü 12-saatdan artıq deyil. Ona görə də boş qalmış ixtisas fənləri hesabına saatlarını artırırlar, ixtisaslı müəllimlərin gəlməsinə də bu üzdən mane olurlar”.

“Nazir belə yarımçıq təhsili öz övladına rəva görərmi?”

Cənnətov deyir ki, kənd sakinləri dəqiq və təbiət elmlərinin qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədrisinə etiraz edir. Onlar istəmirlər ki, uşaqlarının normal təhsil alma hüququ pozulsun:

“Mənim nəvələrim orada oxuyur. 5-ci sinifdə oxuyan nəvəm deyir ki, həkim olmaq istəyirəm. Necə və kimdən öyrənsin kimya-biologiyanı? İnformatika fənnini qəbul imtahanlarına da saldılar. İşə qəbuldan tutmuş magistra qədər informatikadan imtahan tələb olunur. İndi bunu məsuliyyəti kimin boynundadır? 5-10 manat pula görə niyə övladlarımızın normal təhsil hüququ pozulsun ki? Məni buna görə incidirlər, ancaq nəvələrimin, kənd uşaqlarının gələcəyi məni narahat edir. Buna göz yummaq istəmirik. Təhsil naziri belə yarımçıq təhsili öz övladına rəva görərmi? Qoy onun övladına kollec təhsilli sinif müəllimi 11-ci sinfə qədər riyaziyyat dərsi keçsin, idman müəllimi biologiya, fizika müəllimi kimya desin, görək razı olurmu?”

Kənd sakini deyir ki, Təhsil Nazirliyi məktəbi ixtisaslı kadrlarla təmin etməlidir:

“Bura ucqar kənd olduğuna görə yüksək maaş verilsə, ixtisaslı müəllimlər gələcək. Kasıb kənd uşaqlarının təhsil hüququ kimlərinsə qazanc əldə etməsinə, mənafeyinə qurban gedir”.

Cənnətovlar və kəndin digər sakinləri bununla bağlı Təhsil Nazirliyinə, İnsan Hüquqları üzrə Müvəkkilə, Milli Məclisə, Prezidentə, eləcə də Baş nazirə müraciət ünvanlayıblar.

Müraciətlərə cavabda isə Lerik rayonu Ə. Rzayev adına Orand kənd məktəbində pedaqoji kadrların işə qəbulunda və yerdəyişməsi qaydalarında ixtisaslı kadrlar olmadığına görə Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6. 2-ci bəndi əsas götürülüb.

Həmin bəndə əsasən, kənd rayonlarında yerləşən ümum təhsil ocaqlarında kadr çatışmadıqda məzmun və mahiyyət etibarı ilə nazirlik məlumatlandırılmaqla uyğun fənn müəllimlərinin tədrisinə icazə verilir.
Həmin müvafiq fənlər isə ancaq kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya və coğrafiya-tarix ixtisası üzrə ola bilər.

Sakinlərin müraciətinə verilən son cavabda isə Təhsil Nazirliyi bu uyğunsuzluğu istisna hal kimi qeyd edib:

“Məktəbdə ixtisaslı müəllim yoxdursa və vakansiya veriləndən sonra həmin məktəbə belə müəllim göndərilməyibsə, saathesabı və əvəzçiliklə ixtisas müəllimi dəvət olunmalıdır. Bu, mümkün olmadıqda isə bu dərs saatları peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq və elmi-nəzəri səviyyəsi ilə fərqlənən, həmin fənn kurikulum təlim kursunu müvəffəqiyyətlə bitirmiş, diaqnostik qiymətləndirmədən yüksək nəticə göstərən digər fənn müəllimlərinə verilməlidir”.

“Üçmərtəbəli müasir məktəbə nazirlik ixtisaslı kadr tapa bilmir?”

Əziz Cənnətov deyir ki, Orand kənd tam orta məktəbinin 200 şagirdi və 25 müəllimi var. Müəllimlər arasında ixtisaslı riyaziyyat və fizika müəllimi olduğundan həmin müəllimlər Nazirlər Kabinetinin müvafiq bəndinə uyğun fənn göstəriciləri ilə çatışmayan riyaziyyat və informatika fənlərinin tədrisi ilə məşğul ola bilər:

“Bəs Təhsil Nazirliyinin kadr çatışmayan beş fərqli fənn üzrə dərsləri Rəhimovlara etibar etməkdə məqsədi nədir? Belə çıxır ki, kəndə ixtisaslı kadrların gəlişinə bilərəkdən əngəl olurlar. Müraciətlərimə fərqli cavab veriblər, özləri belə çaş-baş qalıb. Çünki həmin müəllimlərə aidiyyəti olmayan fənlərdir. Sonrakı cavablarda qeyd etdilər ki, bəs məktəbdə əmək intizamı pozulmayıb. Rəhimovların da məhz o uyğunsuz fənlərə sahiblənməsi guya onların peşəkarlığı ilə bağlıdır. Məktəbdə bir tək Rəhimovlardımı peşəkar?”.

“Təhsil Nazirliyi direktoru və qohumlarını necə, hansı meyarlara görə peşəkar sayır? Rüşvət verdiklərinə görə? Üçmərtəbəli müasir məktəbə Təhsil Nazirliyi ixtisaslı kadr tapa bilmir? Müəllimin maaşı elə də yüksək deyil, ona görə də digər kənd məktəblərindən olan müəllimlərə dərs saatı verilsə, onlar mütləq gələrlər. Hətta Lənkəran-Astara Regional Təhsil İdarəsindən qonşu kənd məktəblərinin müəllimlərinə zəng olunub ki, ora getməyin. Bu, necə yanaşmadır?”, – deyə o bildirib.

“Kadr gələrsə, dərsləri təhvil verəcəyik”

Şikayətdə adı keçən Ramiz Rəhimov Meydan TV-yə deyib ki, məktəbdə kadr çatışmadığından qeyri-ixtisas fənlərini tədris edirlər.

Onun fikrincə, özləri də ali təhsilli, peşəkar kadrdırlar və Təhsil Nazirliyi tərəfindən təşkil olunan on günlük kurslarda iştirak edərək “Sertifikat” alıblar. O, məktəbdə 17 müəllimin çalışdığını, 150 şagirdin təhsil aldığını bildirib:

Sovet vaxtında Türkmənistanda ali təhsil almışam, o vaxt fiziki tərbiyə ixtisasında biologiya fənni əsas idi. Odur ki, ixtisaslı kadr çatışmadığından 1995-ci ildən biologiyanı da tədris edirəm. Bir neçə il fasilə oldu, müəllim gəldi-getdi. 2014-cü ildən 10 günlük biologiya fənni üzrə kurs keçib 1-ci dərəcəli “Sertifikat” alıb yenidən biologiya fənnini 6-cı sinifdən 11-ci sinifə qədər tədris edirəm. 15 ildir ki, iki ixtisası keçirəm. Hər il vakansiya qoyulur, ancaq gələn yoxdur. Qonşu kənd məktəblərində də bu ixtisaslar üzrə kadr çatışmır, gələ bilməzlər. Oğlum Mustafa Rəhimovun ali təhsilə balı çatmayıb. Ağdaş rayonunda sinif müəllimliyi ixtisası üzrə orta ixtisas təhsili alıb. Riyaziyyat müəllimi, sadəcə, ötən il məzuniyyətə gedəndə onu əvəzləyib. İndi öz ixtisası üzrə çalışır. Fizika müəllimi olan qardaşım Müqabil Rəhimov isə öz ixtisası üzrə regionda diaqnostik qiymətləndirmədən ən yüksək bal (51) yığıb. Bundan sonra, kimya dərslərini də ona verdilər”.

Kürəkənimiz Asif Rəhimov isə ali təhsilli texnologiya müəllimidir, həm də təlim-tərbiyə işləri üzrə direktor müavinidir. İnformatika müəllimi çatışmadığını üçün dərsləri də keçir. Bacarıqlıdır deyə ona həvalə olunub. Gələn il ADPU-da informatika üzrə ali təhsil alan oğlum gələcək, onda informatika müəllimimiz olacaq. Direktorumuz Babək Rəhimov isə Gəncədə texniki fənlər və texnologiya üzrə ali təhsil alıb. Çox savadlı müəllimdir deyə musiqi dərslərini də götürdü. Sonra musiqi fənni sinif müəllimi Musa müəllimə verildi. Direktor indi texnologiya” və təsviri incəsənəti deyir. Pedaqoji şurada bunlar müzakirə olunub, kadr gələrsə, dərsləri təhvil verəcəyik”, – deyə o bildirib.

Təhsil Nazirliyi və Lənkəran-Astara Regional Təhsil İdarəsindən Meydan TV-yə bildirilib ki, məsələ araşdırılır.

Ötən il müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib.
3902 namizəd müddətsiz, 3086 namizəd müddətli əsaslarla işə qəbul edilib.

Əlavə yerləşdirmə zamanı isə 1650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub.
Ancaq müsabiqədə işə qəbul üçün ümumi 60 002 namizəd müraciət edib, 54 804 namizəd müsabiqədə iştirak edib

Ölkədə 3447 orta məktəb üzrə 150 min müəllim çalışır.

Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə üzərindən bildirmişdi ki, 150 min müəllim sayı olan sistemin ildə 15 min vakant yer ayırmaq imkanı yoxdur. Orta hesabla illik 5 min vakant yer ayrılması mümkündür.
Təhsil ekspertləri hesab edir ki, pedaqoji sahədə ixtisaslaşmış kadr sayı çoxdur, ancaq tələb olunan sahələrdə peşəkar, savadlı kadrların yetişdirilməsi ciddi problemdir. Ölkə üzrə 45 ali təhsil ocağı və 6 filialından 31-i pedaqoji sahədə kadr hazırlığı ilə məşğuldur.

“Kadr problemi Azərbaycan təhsilində öncül problemdir”

Təhsil üzrə ekspert Nabatəli Qulamov Meydan TV-yə deyib ki, hazırda ölkədə pedaqoji ixtisaslar üzrə çatışmayan kadrların dəqiq statistikası yoxdur.

Ekspertin sözlərinə görə, saxta diplomlu və aşağı bal göstəricisi ilə ali təhsil alan kadrları nəzərə alanda çatışmazlığın əsas səbəbi bilinir. Digər başlıca səbəb isə savadlı kadrların regionları, ucqar kəndləri seçməməsidir:

“10 il öncə keçmiş təhsil naziri Mikayıl Cabbarov ucqar regionlarda 2 mindən çox müəllimin saxta diplomla fəaliyyət göstərdiyini demişdi. Elə bu, kadr çatışmazlığına dəlalət edir. İxtisaslı kadrların lazımı səviyyədə olmasında və yerləşdirilməsində problem var. Kadr problemi Azərbaycan təhsilində öncül problemdir. Kadr çatışmazlığının 70%-ni deyərdim ki, ali təhsil ocaqlarına aşağı bal göstəriciləri ilə qəbulların olmasıdır. Ödənişli fakultələrdə diplom naminə olan təhsil. Sonradan bu kadrlar işə qəbul imtahanlarından keçə bilmirlər. Digər səbəb savadlı kadrlar regionları seçmir, ya da az müddət işlədikdən sonra imtahanda yüksək nəticə göstərib paytaxt məktəblərinə köçür. Digər səbəb kadrlar öz üzərində yaxşı işləmir, ixtisasına dərin bələd olmur. Vaxt vardı müəllimlər nəinki öz ixtisasını, digər ixtisasları da yaxşı bilirdilər. MİQ-dən əvvəl şəffaflıq yox idi, rüşvət alıb işlə edirdilər. Kadr çatışmazlığı kadrların savadsızlığı ilə bağlıdır”.



“Nazirlik şərait yaratmalıdır ki, ucqar kəndlərə ixtisaslı kadr axını olsun”

Ekspert indiki dövrdə ucqar dağ kəndi Orand və digər yerlərdə kadr çatışmazlığını ciddi nöqsan kimi qeyd edir. Amma hesab edir ki, kadrın olmaması dərslərin keçirilməməsinə əsas verməməlidir:

“Hər məsələdə qanuni və etik normalar gözlənilməlidir. Qanun qadağa qoymur ki, bir ailənin üzvləri eyni məktəbdə dərs keçməsin. Müəllimdirsə, hüququ var. Ancaq çatışmayan fənlərin dərslərinin eyni ailə üzvlərinə verilməsi sual yaradır, araşdırma tələb edir. Aidiyyəti qurumlar bunu şəffav şəkildə araşdırmalı, detallarına varmalıdır. Düzdür, Lerikin Orand kəndi ucqar dağ kəndidir, savadsızlıq var. Ucqar rayonlara kadr getmirsə, dərslər boş qala bilməz. Vaxt vardı 4-cü sinfi bitirənlər məktəbdə müəllim kimi çalışıb. Mən şəxsən dil ədəbiyyat müəllimi olub riyaziyyatdan dərs keçmişəm. O vaxt kadr çox az idi. Ancaq indiki dövrdə bu hal sui-istifadə halını istisna etmir”.

“Qohum əqrabanın dərs keçməsinə məhdudiyyət, qadağa yoxdur. Direktorla təsərrüfat işləri üzrə müavin qohum ola bilməz. Çünki onlar yeyinti yarada bilər. Nazirlik şərait yaratmalıdır ki, mərkəz və ətraf rayonlardan ucqar kəndlərə ixtisaslı kadr axını olsun. Çatışmayan ixtisas müəllimlərinin dərslərini onlayn təşkil etmək olar. Bunun üçün məktəbdə şərait və Nazirlər Kabinetinin qərarı olmalıdır. Təhsildə ciddi çatışmazlıqlar var. Təhsilin əmək bazarı təmin etməsi üçün kadrı kifayətdir, ancaq bu kadrların potensialı və bundan necə istifadə olunur məsələsi sual yaradır. Kadrların çoxu Bakıda repetitorluqla məşğul olur, özəl təhsil və kurslarda çalışır. Nəticədə belə mənfi hallar yaranır”, – Nabatəli Qulamoğlu belə deyib.

Ekspertlər hesab edir ki, məktəbdə müəllimin dərs yükü də keyfiyyətə təsir göstərir. Xüsusilə iki fərqli fənn ya vəzifənin eyni kadr tərəfindən icrası dərs yükünün ağırlaşdırır, nəticədə maddi gəlir keyfiyyətli təhsili üstələyir.

Müəllimlərin dərs yükü müəyyən edildiyi vaxt müəllimlərin işə qəbulu (MİQ) və bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi (DQ) müsabiqələrində ixtisas üzrə toplanılan bal nəzərə alınır.

“Müəllimin MİQ və DQ-də topladığı bal:
*0-10 bal olduqda – 0-6 saat;
* 11-20 bal olduqda – 7-8 saat;
* 21-30 bal olduqda – 9-12 saat;
* 31-35 bal olduqda – 13-18 saat;
* 36-40 bal olduqda 18-36 saat dərs yükü müəyyən edilir.

Ötən iki il ərzində isə Lerik rayon Orand kənd məktəbindən 5 məzun ali təhsil almaq şansı qazanıb. Onlardan 4-ü təhsilini davam etdirir. Biri riyaziyyat, digərləri fiziki tərbiyə və humanitar sahələr üzrə təhsil alırlar.

Ana səhifəBölgəLerikdən şikayət: “Direktor qeyri-ixtisas fənlərini ailə üzvləri arasında bölüşdürüb”