Lənkəranda icra başçısının keçmiş müavini xuliqanlıqda ittiham olunur

Xalid Rəhimov. Foto: report

Xalid Rəhimovla bağlı 2 aylıq həbs qətimkan tədbiri seçilib

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Xalid Rəhimov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

Xalid Rəhimov iyunun 3-də Lənkəran rayonunun Gərmətük kəndində “Mercedes” markalı avtomobili idarə edərkən yol polisləri tərəfindən saxlanılıb. Bu zaman onunla polislər arasında mübahisə yaranıb. İddia olunur ki, polislər Xalid Rəhimovu sərxoşluqla bağlı müayinədən keçirmək istəsələr də, o, buna etiraz edib. Bu səbəbdən saxlanılaraq, Lənkəran Rayon Polis Şöbəsinə aparılıb.

Mübahisənin polis şöbəsində də davam etdiyi, nəticədə onun barəsində cinayət işi başlanmasına qərar verildiyi bildirilir.

İddia olunur ki, Xalid Rəhimov saxlandıqdan sonra müayinədən keçirilib və onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Xalid Rəhimov barəsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev də Xalid Rəhimovun saxlandığını təsdiqləyib. O bildirib ki, cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Xalid Rəhimov 2021-ci ildə icra başçısının müavini vəzifəsində çalışıb.

Onun özünün və ya yaxınlarının bu ittihamlara münasibəti məlum deyil.

Ana səhifəBölgəLənkəranda icra başçısının keçmiş müavini xuliqanlıqda ittiham olunur