Yaralanan hərbçinin kimliyi bəlli olub (yenilənib)

Laçın yolu. Foto: DSX

Ermənistan bir əsgərinin yaralandığını deyir

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində sərhəd xidmətinin əsgərinin Sünik rayonunun Tex kəndi yaxınlığında yaralandığını bildirir.

Milli Təhlükəsizlik Xidməti qeyd edib ki, yaralı əsgər – 2002-ci il təvəllüdlü Artur Azroyanın səhhəti ilə bağlı əlavə məlumat veriləcək.

Ermənistanın müdafiə naziri Suren Papikyan atəşkəsin pozulmasını Dövlət Rəmzləri Gününün qeyd olunması ilə əlaqələndirib.

Nazir Azərbaycanı təxribatda ittiham edib:

“Təəssüf ki, bir snayperimiz yaralanıb”.


Faktla bağlı cinayət işi açılıb

İyunun 15-də səhər saat 8 radələrində Laçın Sərhəd Nəzarət Məntəqəsində odlu silahdan açılan atəş nəticəsində yaralanan azərbaycanlı hərbçinin kimliyi məlum olub. Bu, gizir Elşən Rüstəmovdur. O, hərbi hospitala yerləşdirilib və vəziyyətinin  stabil olduğu bildirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, artıq faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyətilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq) maddələrilə cinayət işi başlanıb:

“Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətləri aparılır. Baş vermiş hadisənin təfərrüatları barədə hadisə yerinin müayinəsi və digər istintaq hərəkətləri keçirildikdən sonra ətraflı məlumat veriləcək”.

Baş Prokurorluq
Foto: Azərtac


Ermənistan Azərbaycanı günahlandırdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Həkəri çayı üzərindəki körpü istiqamətində bir qrup sərhədçi Azərbaycan bayrağını Ermənistan ərazisində dalğalandırmaq məqsədilə irəliləməyə cəhd göstərib:

Ermənistan tərəfinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan hərbçilərinin irəliləyişinin və onların bayraq düzəltmək cəhdinin qarşısı alınıb”.


DSX bir hərbi qulluqçunun yaralandığını deyir

İyunun 15-də saat 08:45-də Laçın nəzarət-buraxılış məntəqəsinin atəşə tutulduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilir ki, atəş nəticəsində DSX-nin bir hərbi qulluqçusu yaralanıb.

DSX atəş nöqtəsinin susdurulduğunu deyib:

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Yaralanmış hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur”.

DSX təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Ermənistan rəsmi mənbələri atəşkəsin pozulması barədə hər hansı məlumat yaymayıblar.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib. 

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib və bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar verib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətYaralanan hərbçinin kimliyi bəlli olub (yenilənib)