Kürdəmirlilərin işıq, su, yolsuzluq dərdi

İcra hakimiyyəti problemlərin gələn il həll olunacağına ümidlidir

Source:


İcra hakimiyyəti problemlərin gələn il həll olunacağına ümidlidir

“Kəndimizin nə mədəniyyət evi var, nə kitabxanası, nə də normal tibb məntəqəsi. Bundan əlavə, nə normal suyu, qazı gəlir, nə də işığı verirlər. Yayda sahələrimizi sulaya bilmirik. Bir kənddə yaşamaq üçün heç bir şəraitimiz yoxdur. Ona görə də yaşamırıq, sürünürük, zülmdəyik”.

Kürdəmirin Şüşün kəndinin sakini 67 yaşlı Ədalət Qənbərov belə deyir. Bildirir ki, kəndə ən son 1961-ci ildə elektrik dirəkləri quraşdırılıb. Şalbanların hamısı köhnə ağacdandır. Elə ona görədir ki, bir balaca külək əsən kimi işıqları kəsilir:

“Heç bir elektrikçi həmin şalbanlara dırmaşmağa ürək etmir. Hamı deyir, balamız var, yazığıq. Dirəklər bərbad haldadır, heç kim canından bezməyib. Odur ki, bir problem olanda kənd saatlarla, bəzən bir gün işıqsız qalır. Qışın günüdür, çətindir axı”.

Ədalət Qənbərov
Ədalət Qənbərov

İşıq problem, qaz problem, biz necə yaşayaq?

Ə.Qənbərov deyir ki, qaz da işıqdan geri qalmır. Kəndə çəkilən boruların hamısı yerin altı ilə gedir. Torpaq şoran və sulu olduğundan çürüyüb sıradan çıxır:

“Nəticədə qışda tez-tez borular deşilir. Evlərə gələn qaz zəifləyir, sızıntı olur. Belə olanda həm insanlara, həm də dövlətə ziyan dəyir. Harada görülüb ki, qaz borusunu yerin altı ilə aparsınlar? Bir balaca qənaət etmək üçün belə edirlər. Nəticədə, daha da ziyana düşürlər. Boru deşilir, bir ziyan, qaz itkisi olur, ikinci ziyan, adam cəlb edib, problemi həll edirlər, bu da üçüncü ziyan. Ziyanlarla yanaşı, bu qədər millət qışın günündə saatlarla qazsız qalırıq. İşıq problem, qaz problem, biz necə yaşayaq?”

Baha Mikayılov
Baha Mikayılov

Kəndlərə qaz şam işığı kimi gəlir

Kənd sakinlərindən Baha Mikayılov deyir ki, işıq sönəndə 7 kənddə birdən sönür. Çünki işıq xəttlərinin hər kənd üzrə ayrıca paylayıcısı yoxdur. Nəticədə, bir problem olanda 7 kəndin əhalisi əziyyət çəkir:

“Peşmandı bir evdə xırda problem ola. Bu zaman bütün 7 kəndin işığı ümumi xəttən söndürülür. Qazda da nizamlayıcı yoxdur. Nə qədər gedir, az gedir, çox gedir, bunu heç nə tənzimləmir. Ərəbxana kəndinə bir dənə ayırıcı nizamlayıcı qoyublar. Ümumi 7 kəndin qazını o nizamlayır. Həmin kəndin yaxınlığında isə imkanlı bir insan parnik, plantasiya salıb. Qazın çox hissəsi ora gedir. Bizim kəndlərə isə şam işığı kimi gəlir. Bu yaxınlarda adam götürdük getdik ora. Şikayət etdik. Bir balaca artırıblar. Bilirəm, 3-4 gündən sonra yenə köhnə hamam, köhnə tas olacaq”.

Baha Mikayılov eyni problemlə bağlı bir mddət əvvəl də Meydan TV-yə müraciət

etmişdi,

 amma deyir ki, nəticəsi olmayıb.

Çürümüş dirək aşıb, bütün kəndi yandırandan sonra bir tədbir görəcəklər?

Sakinlər kəndin yollarının da bərbad olduğunu söyləyirlər. Deyirlər ki, buna görə düz iki dəfə magistral yolu kəsib, etiraz ediblər:

“Bundan sonra gətirib bir-iki kamaz qum-çınqıl töküblər. Yağış yağandan sonra o da məhv olub gedib. Söz veriblər ki, guya 2020-ci ildə yol çəkiləcək bura. Ona qədər də, kim ölə, kim qala. Axı bu yol çox bərbad durumdadır. 2020-ci ilədək nə etsin bu camaat?”- Baha Mikayılov deyir.

67 yaşlı təqaüdçü Ədalət Qənbərov deyir ki, axırıncı dəfə onların kəndinə elektrik kabelləri, dirəkləri çəkiləndə onun 10 yaşı olub. Odur ki, dirəklər çürüyüb tökülür:

“Biz qocalmışıq, dirəklər çürüyüb. Yazıq dirək nə etsin? Ağacdandı, çürüyəcək də. Bəs dövlət hara baxır? Həmin çürümüş dirək aşıb, bütün kəndi yandırandan sonra bir tədbir görəcəklər? Gərək bir xətası ola? Vaxtında gəlin dəyişin də, nə xərc aparacaq ki? Boş yerə o qədər xərcləmələr edirlər ki, əsas məsələlər qalır qıraqda.

Maşına ehtiyat hissələri almaqdan cibimizdə pul da qalmır

Sakinlər işıq, qaz və yol problemi ilə bağlı aidiyyatı qurumlara müraciət etməkdən yorulduqlarını söyləyirlər. Baha Mikayılov deyir ki, sonuncu dəfə yolu kəsəndə Nəqliyyat Nazirliyinin Yol Təsərrüfat İdarəsinin texniki məsələlər şöbəsinin müdiri kəndə gəlib. Sakinlərə söz verib ki, yolu təmir edəcək. Baha Mikayılov bildirir ki, bir neçə vaxtdan sonra yola bir az daş-çınqıl töküblər. O da heç 1 həftə dözməyib. Yağış yağan kimi yenə hər şey əvvəlki kimi olub.

Şüşün kəndinin də çıxdığı Kürdəmir-Zərdab yolu pis durumdadır. Bu yoldan Kürdəmirin azı 8 kəndi istifadə edir. Eyni zamanda yol Zərdab, Ağcabədi, Ağdam, Bərdə rayonlarına aparır. Kürdəmir rayonunun Sovla kəndinin sakini Fazil Mustafayev bu yoldan həftədə 8-9 dəfə istifadə etdiyini deyir. Bildirir ki, sürdüyü avtomobili 1985-ci ildə alıb. İllərdir bu yolu onunla gedib-gəlir. O, maşın düzəltdirməkdən cibində pul qalmadığını söyləyir:

“Yollar elə illərdir bu vəziyyətdədir, baxan yoxdur. Mən də iş adamıyam, azı həftədə 8-9 dəfə bu yoldan istifadə edirəm. Düzdür, kəndarası yollar da bərbaddır, ancaq magistral yolun belə vəziyyətdə olması biabırçılıqdır. Yoldan Kürdəmirin azı 8 kəndi istifadə edir. Həm də Zərdaba, Ağcabədiyə, Ağdam, Bərdəyə gedib çıxır. Son vaxtlar o rayonlara gedən “Qazel”lər daha buradan keçmir. Bunların hamısı bizə cərimədir”.

Süleyman Qaçayev
Süleyman Qaçayev

Bir-iki manat qazanırıq, onu da qoyuruq maşının üstünə

Süleyman Qaçayevin maşını xarab olub, yolda qalıb. O, Kürdəmirin Çöl Ərəb kəndinin sakinidir. Deyir, yolda yolluq qalmayıb. İllərdir bərbad durumdadır:

“Bu gün də böyük bir çalaya düşüb, xarab olub. Ümumiyyətlə, bu yolu gedən maşınlar tez-tez xarab olur. Ehtiyat hissələrini çatdıra bilmirik, çətindir.

Bir-iki manat qazanırıq, onu da qoyuruq maşının üstünə. Hələ sovet maşınıdır ki, bu yola dözür. Xarici maşın 2 günə dağılar. Əsas istifadə olunan yollardan biridir. Kürdəmirdən gəlir, 8 kəndi keçməklə Zərdaba, Ağcabədiyə qədər gedib çıxır. Belə bir yolun bu vəziyyətdə olması sadəcə ayıbdır”.

Yolla bağlı müraciət etmişik, yəqin ki, bir tədbir görüləcək

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İnqilab Məmmədov deyib ki, bəli, həmin kəndin insanlarının yolla bağlı bəzi narazılıqları var idi. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə danışıblar:

“Gəlib baxıblar, yəqin ki, bir tədbir görərlər. Sadəcə indi ilin axırıdır, büdcədə vəsait də yoxdur. Nəsə edilsə, növbəti ilin əvvəlində olar. Əslində o yol 5-6 il əvvəl çəkilmişdi. Sadəcə həmin yoldan iri maşınlar çox istifadə edirdi deyə tezliklə dağıldı”.

Süleyman Qaçayev
Süleyman Qaçayev

Yalan deyirlər, iki ilə boru çürüməz

İşıq dirəklərinə gəlincə, İnqilab Məmmədov bildirdi ki, hazırda rayonun kəndlərində sıra ilə kabelləşmə gedir. Proqramda o kəndlər də var. Hardasa 9 kənddə həmin işlər tamamlanıb:

“Yəqin ki, yaxın zamanda Şüşün kəndində də kabelləşmə gedər. Düzdür, həmin kənddəki dirəklər 1960-1970-ci illərdə basdırılıb, köhnədir, çürüyüb. Ancaq burada söhbət bir-iki dirəkdən getmir, yüzlərlədir. Hamısını birdən etmək olmur axı. Sıra ilə bütün kəndlərdəki dirəklər dəyişdiriləcək, proqramda var. Amma qaz xətti onlara yeni çəkilib. Bax, onu yalan deyirlər, biz elə şoranlıqda böyümüş adamlarıq. İki ilə boru çürüməz. Özü də borular yerin altı ilə getmir. Xüsusi borularla, yerin üstü ilə çəkilib”.

Ana səhifəBölgəKürdəmirlilərin işıq, su, yolsuzluq dərdi