Kürdəmirin keçmiş icra başçısının cəzası azaldıldı

Source: Kürdəmir Rayon İcra Hakimiyyəti

Digər məmurların da cəzası endirilib, keçmiş MİS rəisi azadlığa buraxıldı

Kürdəmirin keçmiş icra başçısı, iki ildir həbsdə olan 57 yaşlı Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə endirilib. Bu barədə avqustun 2-də Şirvan Apelyasiya Məhkəməsində Elşad Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Ceyhun Cəfərovun təqsirli sayıldığı rüşvət alma və başqa maddələrdə cəzanın minimum həddi 6 ildən yuxarıdır. Lakin Cinayət Məcəlləsinin 62-ci maddəsi müstəsna hallarda qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən də aşağı cəza təyin etməyə imkan verir. Sabiq icra başçısına münasibətdə də bu maddə tətbiq olunub.

Ceyhun Cəfərov icra başçısı olarkən onun birinci müavini olmuş Tacəddin Novruzov, icra hakimiyyətinin keçmiş şöbə müdiri Natiq Kərimovun cəzası 8 il 6 aydan 5 il 6 aya endirilib. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Eynulla Novruzov, baş həkim Məhəmməd Musayev, rayonun Təhsil Şöbəsinin sabiq müdiri, Mətləb Allahverdiyev, baş mühasibi Rəcəb Hüseynovun cəzası da 7 ildən 5 il 6 aya qədər azaldılıb. Yaşıllaşdırma İdarəsinin rəisi olmuş Emin Sadıqovun 4 illik cəzası da yarıbayarı azaldılaraq, 2 il olub.

Kürdəmir Mənzil İstismar Sahəsinin keçmiş rəisi Sərvər Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Şirvan Apelyasiya Məhkəməsi birinci instansiyanın ona kəsdiyi cəzanı dəyişib. Onun həbsdə qaldığı 2 illik müddət yetərli hesab edilib və əlavə olaraq, üzərinə 500 manat cərimə cəzası qoyulub.

Bundan başqa, keçmiş icra başçısı, onun birinci müavini və icra hakimiyyətinin şöbə müdirinin əmlaklarının müsadirə olunması haqda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı da ləğv edilib. Bir qeyri-yaşayış sahəsi istisna olmaqla, qalan əmlakların hamısının üzərindən həbs götürülüb. Söhbət aşağıdakı əmlaklardan gedir:

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində 0,0370 ha torpaq sahəsi;

Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0,12 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir rayonu, Atakişili kəndində fərdi yaşayış evi;

Pirili kəndində 6,94 ha təsərrüfat təyinatlı, 0,48 ha həyətyanı torpaq sahələri;

Karrar kəndində 2,07 ha təsərrüfat təyinatlı torpaq sahəsi;

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi;

Xalid Qənbərov küçəsi 15 və 17 ünvanlarında ümumilikdə 0,25 ha həyətyanı torpaq sahələri;

Bakı şəhəri, Biləcəri qəsəbəsində 0, 3 ha torpaq sahəsi;

Bakı şəhəri, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında mənzil;

Bakı şəhəri, İ.Dadaşov küçəsi 74 ünvanında obyekt.

Ceyhun Cəfərov da daxil olmaqla, təqsirləndirilən şəxslər rüşvət almaqda, büdcədən ayrılmış vəsaitləri mənimsəməkdə və digər əməllərdə ittiham olunur.

Lakin keçmiş icra başçısı məhkəmədə dindirilərkən özünü təqsirli bilməyib.

Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

Ana səhifəBölgəKürdəmirin keçmiş icra başçısının cəzası azaldıldı