Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək bildirən mövqeyini yanlış sayır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 14-də bildirib.
“Hesab edirik ki, bu mövqe yanlışdır və bütün kanallar vasitəsilə, ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə onun niyə yanlış olduğunu izah etməyə davam edəcəyik”, — Peskov deyib.
Mətbuat sözçüsü əlavə edib ki, Rusiyanın tərəfdaşı olan bir sıra ölkələr Moskvanın qətiyyən razılaşmadığı mövqeni bölüşürlər:
“Bununla yanaşı, hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas deyil. Biz burada praqmatik yanaşmaya üstünlük veririk. Münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik, xüsusilə də Azərbaycan kimi ölkə ilə”, -Peskov vurğulayıb.
Bir gün əvvəl, iyulun 13-də IV Şuşa Qlobal Media Forumunun açılışında İlham Əliyev bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir:
“Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Burada, təbii ki, bizim mövqeyimiz olduqca ardıcıl və qətidir. Biz həmişə Ukrayna xalqına, necə deyərlər, əlimizdən gələn köməyi etməyə hazırıq”.
Bir il əvvəl də həmin tədbirdə İlham Əliyev Ukraynanı “işğalla razılaşmamağa” çağırmış və Azərbaycanın hərbi təcrübəsindən yararlanmağı tövsiyə etmişdi.
Azərbaycan–Rusiya münasibətlərində gərginliklər
Azərbaycanla Rusiya arasında siyasi münasibətlər 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından (38 nəfərin həlak olması) sonra gərginləşib. Bakı təyyarənin Rusiya səmasında kənar müdaxilə ilə zədələndiyini bildirərək şəffaf araşdırma tələb etsə də, Moskva ilkin mərhələdə məsuliyyəti üzərinə götürməkdən yayınıb.
Bu gərginlik 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlıların zorakılıqla saxlanılması, cavab olaraq Bakıda “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilərək əməkdaşların həbs edilməsi və Rusiyada bəzi diaspor rəhbərlərinin vətəndaşlıqdan çıxarılaraq deportasiya olunması, həmçinin də həbsi ilə daha da dərinləşib.
2026-cı ilin aprelində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Qəbələdə Prezident İlham Əliyevlə müdafiə sahəsində əməkdaşlıq razılaşması əldə etməsi fonunda tərəflər arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub.
İyulun 5-də SOCAR-ın Ukraynanın Nikolayev vilayətindəki obyektinə dron zərbəsi endirilib. Ardınca Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimov Azərbaycan XİN-ə çağırılıb və nota təqdim olunub.
Ekspertlər SOCAR-a edilən bu hücumları Rusiyanın Bakıya yönəlmiş birbaşa iqtisadi-siyasi xəbərdarlığı və enerji əməkdaşlığına zərbəsi kimi qiymətləndirirlər.
İyulun 7-də isə NATO Sammitində Zelenski Azərbaycana hərbi əməkdaşlığa görə rəsmən təşəkkür edib və elə həmin gün Rusiyada növbəti Azərbaycan diaspor rəhbərinin vətəndaşlığı ləğv olunub.