Kozlariç ABŞ-a azərbaycanlı məmurlara sanksiya qoymağa çağırış etdi

Azərbaycana sanksiya çağırışı. Foto: Postmodern Studio/shutterstock

“Azərbaycan hakimiyyəti cəzasız qalıb”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Washington Post” qəzetində azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun həbsini pisləyən məqalə yazıb.

Məqalənin başlığı “Kleptokratiya zərbə vurur” adlanır.

Eks səfir bildirir ki, Bakı rejiminin bu qanunsuz hərəkəti onu iki cür qəzəbləndirib: “Əvvəla, Qubad İbadoğlunun həbsi onu insan hüquqları baxımından müdafiəsiz qoyub, ona və həyat yoldaşına fiziki zərər verilib. İkincisi, bu hadisə Azərbaycanı idarə edən avtokratik kleptokratiyanı tənqid etmək kimi əsas hüququnu ifadə edən hər kəsə qarşı onilliklər boyu davam edən təzyiq modelinin bir hissəsidir”.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç
Foto: VOA

“Siyasi opponentlərə qarşı “cinayətlər” icad etmək; “cinayətkarı” zorla həbs etmək; günahsız insanların ailə üzvlərini təhqir etmək və qorxutmaq; hüquqi təmsilçilikdən və əlaqədən imtina etmək və təqsirləndirilən şəxsləri işgəncə də daxil olmaqla, dəhşətli həbsxana şəraitində saxlamaq – bunların hamısı yolverilməzdir”, – deyə diplomat bildirib.

Kozlariç əlavə edir ki, Qubad İbadoğlu tək deyil və o, azadlığa çıxmağa layiqdir.

Keçmiş səfir Qubad İbadoğlunun vəziyyəti ilə bağlı dərhal tədbir görülməsini tələb edir.

“Washington Post”
Foto:: VOA

O bildirir ki, hakimiyyət ona müalicə üçün lazım olan dərmanlardan belə məhrum edib:

“Beynəlxalq medianın diqqəti insan hüquqlarının bu dözülməz pozuntularını işıqlandırmaq üçün vacibdir. ABŞ səfirliyi və Dövlət Departamentinin cənab İbadoğlunun azadlığa buraxılmasına çağıran bəyanatlarına məhəl qoyulmayıb. Onun həyatı təhlükədədir. İndi qətiyyətlə hərəkət etmək vaxtıdır. İndi onun qanunsuz həbsinə və həbsdə saxlanılmasına görə məsuliyyət daşıyan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyin vaxtıdır. Biz bunu Rusiya rəsmilərinin məsələsində etmişik. Azərbaycan hakimiyyəti cəzasız qalıb “.

Ana səhifəSiyasətKozlariç ABŞ-a azərbaycanlı məmurlara sanksiya qoymağa çağırış etdi