Koronavirus pandemiyası: dünya 2022-ci ilə necə hazırlaşır?

Foto: Meydan.TV

Şahmar Mövsümov: “Heç kəs düşünməsin ki, pandemiya bitdi”

Fevralın 15-dən Azərbaycanda vaxtı keçmiş Covid pasportu ilə qapalı məkanlara girmək mümkün olmayacaq.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov belə deyib.

O qeyd edib ki, hazırda vəziyyət stabildir, amma heç kəs düşünməsin artıq pandemiya bitdi: “Biz qaydalara riayət etməyə bilərik. Aldığı ikinci dozanın müddəti 6-cı aya yaxınlaşan şəxsləri üçüncü dozanı vurdurmalıdır. Əks halda, bu, vaxtı keçmiş pasport sayılacaq və onunla qapalı məkanlara daxil olmaq mümkün olmayacaq”.

Səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev isə deyib ki, Azərbaycanda hazırda “Omikron” ştamına yoluxma olmasa da, qonşu ölkələrdə bu ştam qeydə alınıb və Azərbaycana keçməsi “an məsələsidir”.

Teymur Musayev əlavə edib ki, hazırda məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur. Əgər ölkədə “Omicron” aşkarlansa və yayılsa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacaqlar.

Avstraliyada günlük 10 mindən çox yoluxma

Avstraliyada gündəlik yoluxma halı ardıcıl 2 gündə 10,000 nəfəri ötüb.

Sonuncu gün 11,264 yeni yoluxma sayı qeydə alınıb ki, bu da Avstraliyada pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Çinin Yuan şəhərində isə yüz minlərlə insana evdə qalmaq göstərişi verilib. Çində də son 4 gün ərzində koronavirusa yoluxma halları artıb.

Məktəblər, kolleclər bağlanır…

Hindistanın Dehli şəhərində də yeni Covid məhdudiyyətlərini elan edilib.

Məktəblər, kolleclər və təhsil müəssisələri, o cümlədən idman kompleksləri, kinoteatrlar, konfrans zalları, stadionlar və hovuzlarlar qapadılıb.

Ofislər axşam saat 10-dək fəaliyyət göstərə biləcək və restoranlar 50 faiz tutumla işləyəcək.

Yaponiyanın Osaka şəhərində 5 nəfərdə “Omicron”a yoluxma qeydə alınıb. Honq-Konqda isə hava yolları ekipajı üçün karantin qaydaları sərtləşir.

Malayziya gücləndirici peyvəndin gözləmə müddətini üç aya qədər azaltmaq qərarı verib.

Əvvəllər şəxsi toplantılarda tələb olunan mənfi Covid testləri ilə yeni il toplantıları keçirmək mümkün olmayacaq.

Prezident: “Artım narahatlıq mənbəyi olmalı, lakin çaxnaşmaya səbəb olmamalıdır”

ABŞ-a gəlincə, burada bütün Covid hadisələrinin 58,6 faizini “Omicron”a yoluxma təşkil edir.

Ötən həftə isə bu ölkədə Covid hadisələrinin 41,1 faizi “Delta”nın payına düşüb.

Dekabrın 28-də ABŞ gündəlik 512,553 nəfər koronavirusa yoluxub. Bu, ölkədə pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək haldır.

Doktor Entonu Fuci (Anthony Fauci) ABŞ-dakı bütün sərnişinlər üçün peyvənd olunmağın vacib olduğunu söyləyib.

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi isə test nəticələri müsbət çıxan insanların təcrid müddətini 10 gündən 5 günə endirib.

ABŞ prezidenti Co Bayden (Joe Biden) ölkəsində “Omicron” variantının səbəb olduğu Covid hadisələrindəki dramatik artımla bağlı açıqlama verib: “Bu hal narahatlıq mənbəyi olmalı, lakin çaxnaşmaya səbəb olmamalıdır”, – o deyib.

Avropadakı vəziyyət necədir?

Oksford Universitetinin tibb professoru və aparıcı immunoloq John Bell bildirib ki, koronavirusun dünyada sürətlə yayılan “Omicron” variantı daha az təhlükəli görünür. Yoluxan insanların əksəriyyəti xəstəxanada nisbətən qısa müddət keçirir.

Böyük Britaniyanın baş naziri Boris Conson (Boris Johnson) isə deyib ki, 2022-ci ildən əvvəl İngiltərədə daha çox Covid məhdudiyyətləri tətbiq etməyəcəklər.

Dekabrın 28-də Böyük Britaniyada 129,471 nəfər koronavirusa yoluxub.

Rəsmilərin açıqlamasına görə, bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir və ondan əvvəlki gündəkindən 98,515 keys çoxdur.

Son bir həftədə isə İngiltərədə 500-dən çox uşaq Covid-ə yoluxma ilə xəstəxanaya yerləşdirilib.

Gözləmə müddəti 4 aydan 3 aya enib

Fransa üçüncü gücləndirici peyvəndin vurulma müddətini dörd aydan üç aya endirib.

Ölkədə qapalı və açıq hava toplantılarına da say məhdudiyyətləri gətirilib. Uzunməsafəli nəqliyyatda içki və yemək qadağan ediləcək. Ofis işçilərinə həftənin 3 günü evdən işləmək qaydası qoyulacaq.

Ən son açıqlanan statistikada Fransada günlük yoluxma sayı 179,807 nəfərdir. Bu da pandemiyanın başlanmasından bəri ən yüksək rəqəmdir.

Ən yüksək yoluxma həddi Danimarkadadır

Danimarka və İslandiya da dekabrın 27-də gündəlik yoluxmanın maksimum həddə çatması barədə açıqlama verib.

Danimarka hazırda 100,000 nəfərə 1,612 hadisə ilə dünyanın ən yüksək yoluxma nisbətinə malikdir.

Yunanıstan yanvarın 3-dən etibarən bar və restoranların gecə yarısı bağlanması, əyləncə məkanlarında daimi müştərilərin olmaması və hər masa üçün maksimum altı nəfərlik məhdudiyyətlər gətirir.

Bu ölkədə dekabrın 28-də 21,657 nəfərdə koronavirus aşkarlanıb. Bu rəqəm əvvəlki gündən iki dəfə çoxdur.

Almaniyanın bir neçə əyalətində qapalı və açıq toplantılara, istirahət məkanlarına tətbiq edilən məhdudiyyətlər sərtləşəcək.

Türkiyədə koronavirusa gündəlik yoluxmalar oktyabrın 19-dan bəri ilk dəfə 30 mini keçib.

Səhiyyə naziri “Omicron” ştamının sürətlə yayılması ilə bağlı ölkə əhalisinə xəbərdarlıq edib.

Dekabrın 28-də Türkiyədə 32 mindən çox yoluxma, 184 ölüm aşkarlandığı açıqlanıb. Dekabrda ölkədə gündəlik yoluxmalar 20 min civarında idi. Bazar ertəsi isə 30 faiz artaraq 25 mini ötüb.

“”Omikron” ştamının sürətlə yayılması səbəbindən artan tendensiya ilə üzləşmişik”, – Səhiyyə naziri Fahrettin Koca “Twitter”də yazıb və türkləri vaksinasiya olunmağa, buster doza vurdurmağa çağırıb.

Cənubi Qafqazdakı vəziyyət

Gürcüstanda dekabrın 28-də 2 514 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxan 61 nəfər həyatını itirib.

Ölkədə son həftələr yoluxma sayında azalma var. İndiyədək Gürcüstanda COVID-19-a yoluxanların sayı 930 544-ə, ölənlərin sayı isə 13 707-yə çatıb.

Ermənistanda isə ötən gün 88 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər həyatını itirib. Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 737-yə çatıb.

İndiyədək koronavirusdan ölüm sayı isə 7 970-dir.

Ana səhifəUncategorized @azKoronavirus pandemiyası: dünya 2022-ci ilə necə hazırlaşır?