Köhnə tərkiblə yeni seçki?

Azərbaycanda seçkilər, Foto: By AlexLMX/Shutterstock

“Bütün məntəqələrin nəticələri ləğv olunur, amma komissiya dəyişməz qalır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 12-də boş qalan 5 seçki dairəsində yenidən seçkilərin keçiriləcəyini söyləyib. MSK sədri konkret zaman göstərməsə də, seçkilərin yaxın vaxtlarda baş tutacağını deyib.

2020-ci ilin fevralında Milli Məclisə növbədənkənar seçkilərdən sonra 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri ləğv edilmişdi. Ötən ilin avqustun 4-də deputat Fəttah Heydərov vəfat etdiyinə görə, 116 saylı Qəbələ seçki dairəsinin də Milli Məclisdə təmsilçisi yoxdur.

Bəs nəticələri ləğv olunan seçki dairələrindəki komissiyaların tərkibi dəyişibmi?

MSK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli bundan xəbərsiz olduğunu deyib.

O, Meydan TV-nin bu barədə sorğusuna cavab verib ki, avqustun 19-da 125 seçki dairəsinin hamısında yeni tərkib təsdiqlənib:

“Ancaq ötən ilin parlament seçkilərindən sonra nəticələri ləğv olunan 4 dairənin tərkibinin dəyişdirilib-dəyişdirilmədiyini bilmirəm”.

Mərkəzi Seçki Komissiyası
Foto: Mərkəzi Seçki Komissiyası

Şahin Əsədli yeni tərkib deyəndə, səlahiyyət müddəti başa çatan seçki komissiyalarını nəzərdə tutduğunu söyləyib:

“Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Milli Məclis seçkilərindən sonra parlament qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasını formalaşdırır. MSK da Dairə Seçki Komissiyalarını formalaşdırır. Avqustun 19-da MSK Dairə Seçki Komissiyalarını formalaşdırıb. Eyni şəkildə DSK-lar məntəqə seçki komissiyalarını formalaşdırıb. Amma nəticələri ləğv olunan 4 seçki komissiyası barədə məlumatsızam”.

“Müəllimələr komissiya üzvü olmamaqda israrlıdırlar”

Ötən il keçirilən parlament seçkisində 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olmuş ictimai fəal Ruslan İzzətli Meydan TV-yə deyib ki, komissiyanın tərkibinin 70 faizi dəyişdirilməyib:

“Mənim namizəd olduğum dairədə yalnız katib ReAL Partiyasından Mətin Rəhimli təyin edilib. Seçkilərdə qanunsuzluğa görə məsuliyyət daşıyan Əlibaba Bayramov komissiyanın sədri kimi də qalır”.

Ruslan İzzətli deyib ki, MSK sədri Məzahir Pənahova müraciət edərək komissiya tərkibininin sədrinin və əksər üzvlərinin qalmasının qanunsuz olduğunu xatırladıb:

Ruslan İzzətlinin şəxsi arxivi

“Cavab verdilər ki, seçkinin nəticələrini ləğv etsələr də, komissiyanın tərkibini ləğv etməyiblər. Yəni nəticənin ləğvi barədə qərarda tərkibin dəyişməsi yoxdursa, onları yenidən təyin etmələri doğru addımdır. Bununla bağlı ReAL Partiyasına da müraciət etdim ki, bu qanunsuzluğa etiraz etsinlər. Çünki yenidən saxtakarlara vəzifə vermək o deməkdir ki, saxtakarlığı MSK etdirib, DSK üzvlərinin günahı yoxdur”.

Ruslan İzzətlinin sözlərinə görə, seçki məntəqə komissiyalarının tərkibinin əksəriyyətində də vəziyyət dəyişməz qalacaq:

“Amma bir sıra məntəqə komissiyalarının üzvləri yenidən üzv olmaq istəmir. Əsasən də müəllimələr üzv olmamaqda israrlıdırlar. Səbəb də odur ki, onların seçki pozuntularında iştirakının sosial şəbəkələrdə və başqa platformalarda video şəklində yayılması narahatlıq yaradıb. Ona görə daha da biabır olmaq istəmirlər”.

“Çox nadir hadisələrdən biridir ki, bütün məntəqələrin nəticələri ləğv olunur, amma komissiya dəyişməz qalır”

35 saylı Seçki Dairəsindən namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadə də komissiya tərkibinin dəyişmədiyini bildirib:

İqbal Ağazadə
Fotonun mənbəyi: İqbal Ağazadənin “Facebook” səhifəsi

“Qarat Qaratov yenə komissiyanın sədridir. Təbii ki, seçkilərə qatılanda bizim bununla bağlı müraciətimiz olacaq. Çünki qanun həmin adamların yenidən komissiya üzvü qalmasına imkan vermir. Məsələ ondadır ki, 35 saylı dairənin 30 məntəqəsinin də nəticəsi ləğv edilib. Azərbaycan seçki dairəsində çox nadir hadisələrdən biridir ki, bütün məntəqələrin nəticələri ləğv olunur, amma komissiya dəyişməz qalır”.

“Dairə Seçki Komissiyasını niyə buraxmalıyıq?!”

MSK-nın katibi Mikayıl Rəhimli Meydan TV-nin sorğusuna cavabında heç bir qanun pozuntusuna yol verilmədiyini deyib:

“Əvvəla, Mərkəzi Seçki Komissiyası nəticələrin ləğvi haqqında qərar verib, dairənin tərkibi barədə yox. İkinci, partiyalar dairə komissiyalarına əvvəlki namizədlərini irəli sürüblər, Mərkəzi Seçki Komissiyası da təsdiqləyib. Bu, qanunun normal tələbidir. Çünki seçki komissiyaları buraxılmayıb”.

Mikayıl Rəhimli, Foto: Teleqraf.com

“Dairə ləğv olunmayıb, məntəqələrdəki nöqsanlara görə nəticələr ləğv edilib. Belə olanda Dairə Seçki Komissiyasını niyə buraxmalıyıq?! Çox müxtəlif səbəblərdən 4 dairədə belə hadisələr baş vermişdi. Amma tərkiblərində ümumi dəyişiklik olub”, – Mikayıl Rəhimli deyib.

“300-dən çox məntəqə ləğv olunur, amma pozuntulara yol verən adamlarla haqda hüquqi addımlar atılmır”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli nəticələri ləğv edilən komissiyaların tərkibinin dəyişməsini vacib sayıb:

“Əgər seçkilərdə pozuntular Mərkəzi Seçki Komissiyası, ali, apelyasiya məhkəmələri tərəfindən təsdiqlənirsə, komissiyaların tərkibi mütləq dəyişməlidir. O cümlədən, Avropa Məhkəməsinin bu barədə qərarı varsa, seçki komissiyaları üzvlərinin yenidən bu sahədə çalışmağa mənəvi haqqı yoxdur. Söhbət yalnız məntəqə komissiyalarından getmir, dairə, mərkəzi seçki komissiyalarının üzvləri də məsuliyyət daşıyır”.

“2005-ci ildən Avropa Məhkəməsinin bununla bağlı qərarları olsa da, Mərkəzi Seçki Komissiyası heç bir nəticə çıxartmayıb. Konkret olaraq, Avropa Məhkəməsinin “Nemət Əliyev işi”ndə dəfələrlə seçki komissiyalarının formalaşmasına yenidən baxılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması vurğulansa da, reaksiya yoxdur”, – ekspert deyib.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

A.Məmmədlinin fikrincə, MSK həmin qərarlardan nəticə çıxarıb öz tərkibini buraxmırsa, özlərinin təşkil etdiyi dairə komissiyaları haqda şikayətlərə də baxmayacaq.

SMDT sədri yaranmış vəziyyəti bir neçə səbəblə əlaqələndirib. Onun sözlərinə görə, birinci səbəb odur ki, özlərinin təyin etdikləri adamların pozuntularda iştirakını etiraf etmək istəmirlər:

“Doğrusu, bir saymazlıq da var. İkinci səbəb kadr çatışmazlığıdır. Yəni qanunu pozmağa hər an hazır olan insanları tapmaq asan deyil, illərdir bu cür saxtakarlığa qatılan komissiya üzvlərini yetişdiriblər. Belə olanda həmin saxtakarlığa yol verənləri maksimum şəkildə istifadə edirlər”.

“Nəhayət, ən vacib səbəb ictimai təpkilərdir və həmin adamlarda hüquqi məsuliyyət yoxdur. 300-dən çox məntəqə ləğv olunur, amma pozuntulara yol verən adamlarla haqda hüquqi addımlar atılmır. Bunların heç biri olmursa, rahat şəkildə onlarla yenidən işləyirlər. Bütün bu mənzərə kənardan çox eybəcər, qanunsuz və qeyri-demokratik görünür. Deməli, indiki seçki sistemi ciddi böhran keçirir. Bütün hallarda mövcud durumu hakim elita yaradıb və sovet seçki ənənələrinə söykənir”, – Anar Məmmədli fikrini tamamlayıb.

Xatırlatma

2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 70 seçki dairəsində, müstəqil namizədlər 41 seçki dairəsində, digər siyasi partiyaların namizədləri daha 10 seçki dairəsində liderlik edib.

Seçkilərdən sonra 4 dairənin, 328 məntəqənin nəticələri ləğv olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticəyönümlü seçimlə təmin olunmayıb”,- sənəddə qeyd edilir.

Ana səhifəSiyasətKöhnə tərkiblə yeni seçki?