Kitabsızlaşma – sürüyə çevrilməyin düsturu

Kölə sürüsü yaratmaq üçün bundan rahat, ağıllı üsulmu var? Qansız-qadasız. Öz istəyimizlə.

Source:

Mən əvvəllər bizim hökumətin başında duranları, məmurları ağılsız hesab eləyirdim. Düz sözümdü. Mənə heç cür çatmırdı ki,  adam niyə lazımsız yerdə körpülər tikdirər, yalandan bayram keçirdər. Təbii ki, dünyada baş verənləri az-çox izləyirəm. Nerondan tutmuş Səfərmurad Türkmənbaşıya qədər diktatorların gülünc qərarlarından da xəbərim var. Amma bunların hamısı tarixdə, ya da bizdən uzaqda idi. Hamısını nağıl kimi oxuyuruq. Bir az hiddətlə, bir az təəccüblə qarşılayırıq. Düşünürük ki, insanlar buna niyə dözürlər? Axı, onlar yuxarıdakılardan sayca, güc olaraq daha çoxdular. Bircə dəfə qəzəblənsələr, “Yox!” desələr, “Dur” desələr, kifayətdi. Yadımdadı ki, “Kino+”da türkmən kinosu haqqında yazanda Türkmənbaşının kinostudiyaya traktor salıb şumlatmağına “başı xarabdı da” demişdik, lətifə kimi danışıb gülmüşdük fərqinə varmadan.

Yox eee! “Çörək və tamaşa” ideyasından da xəbərim var. Amma yuxarıdakıların bunu oxuduqlarına inanmırdım. Çünki çörək və tamaşa haqqında oxuyan adam elə onu oxuduğu kitabda, o hissəyə çatana qədər demokratiya, ədalət, femida sözlərini də oxumalı idi. Onları da yadında saxlamalı idi. Demək ki, oxumayıb. Oxumayıbsa, bilmir. Elədikləri də adi savadsızlığın, ağılsızlığın təzahürləridi. Əlində bu qədər imkan, torpağında hamını razı salacaq qədər sərvət varkən niyə kimisə alçaltmaq, əzmək istəyəsən, axı?!

Amma bir neçə gün əvvəl Sahil metrosunda hüquq kitabları, qanun məcəllələri satılan köşkün yanından keçəndə, köşkün qaranlığını, bir metr aralıda isə qab-qaşıq satılan yerin göz deşən işığını görəndə, Polad Ələmdarın səsini eşidəndə “danq” elədi. Nə qədər yanıldığımı anladım. Anladım ki, əslində yuxarıda oturanlar çox ağıllıdılar. İnsanları dilsiz-ağızsız köləyə, düşüncəsiz sürüyə çevirməyin düsturunu yaxşı əzbərləyiblər.

Bu yaxınlarda istedadlı bir aktyorumuz söhbət zamanı dedi ki: “Nə olardı,  televiziya kanalları o qədər reklamın, şou-proqramların arasında bir-iki saniyəlik məşhur sənətkarlardan sitatlar verəydilər. Məsələn: “Teatr xalqa özünü, insanları, müxtəlif situasiyaları göstərir və onlar haqqında düşünməyə vadar eləyir. Romen Rollan”. Və ya “Teatr elə bir tribunadı ki, ordan insanlara çoxlu yaxşı sözlər demək olar. Nikolay Qoqol”. Bu cümlələri təkrar-təkrar görən tamaşaçı əvvəl-axır teatrın nəmənə olduğu, Qoqolun, Romen Rollanın kimliyi  ilə maraqlanacaq. Bəlkə hamısı yox, ancaq nə qədər adama təsir eləsə, cəmiyyətimiz üçün qazancdı.

Metroda qəzet-kitab satışı da eyni effektə malikdi. Ordan gündə minlərlə insan keçir.  Hər gün gözü qəzet, kitab görənlər bir gün ya işsizlikdən, ya da kimisə gözləyəndə o qəzetlərdən, kitablardan birini alıb oxuya, hansısa cümlə ağlına bata bilər. Varisi, Elxan Elatlını oxumaqla başlayarlar, mütaliə vərdişi yaranar. Sabah daha ciddi mətnlər oxumaq istəyərlər və bir gün əcəl zənglərinin hamı üçün çalındığını dərk eləyərlər. Səhifələrin birində “Düşünürəm, demək, yaşayıram” cümləsinə rast gələrlər. Başlarını qaldırıb ətraflarına baxarlar, düşünüb sual vermək keçər ürəklərindən. Humanizm, haqq-ədalət, tolerantlıq, nəhayət, vətəndaş sözlərinin mənasını öyrənərlər. Bəlkə çox uzaq ehtimaldı, ancaq mümkündü. İnsan övladının xisləti budu- o, həmişə daha çox istəyir.

Odur ki, bizi kitab-dəftərdən, teatrdan uzaq, elgizli axşamlara, toyolsunlara, xoşqədəmlərə, zaurlara yaxın tutmaq lazımdı. O insanların əksəriyyəti şəhər mərkəzinə ayda-ildə bir dəfə çıxır, ya yox. Kitabı, qəzeti harda görəcək? Brodyaqa demiş, telekanalları da çıxın. Onlar çoxdan rənglərini bəlli eləyiblər.

Buna görə yaradıcı azadlığı təbliğ edən, həqiqəti göstərməyə çalışan “Oda” teatrına rütubət qoxulu dar zirzəmini çox görürlər. Buna görə manqurt başındakı dəvə dərisinə alışdığı kimi bizim də gözlərimizi, beynimizi qab-qacağa, pal-paltara, Polad Ələmdarın müdrik kəlamlarına alışdırmaq istəyirlər.

Kölə sürüsü yaratmaq üçün bundan rahat, ağıllı üsulmu var? Qansız-qadasız. Öz istəyimizlə.

Ana səhifəMənim FikrimcəKitabsızlaşma – sürüyə çevrilməyin düsturu