''Kərkük nefti iki kürd partiyasının nəzarətindədir''

foto Meydan TV

foto Meydan TV

Əli Mehdi: ''Təəssüf ki, yerli əhali iraqlı olduğunu artıq unudub''

Bir neçə gündür İraq parlamentinin Kərkükdən olan millət vəkili Əli Mehdi Azərbaycandadır. 1957-ci ildə Kərkükdə doğulan Əli Mehdi 80-ci illərdə Türkiyə Çuxuroba Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib. 1997-ci ildə İraqdakı siyasi gərginlik səbəbindən Almaniyaya mühacir etsə də, 2003-cü ildə, Səddam hakimiyyətdən gedəndən sonra vətənə dönüb. Hazırda İraq parlamentində Kərkük türkmənlərini təmsil edir. Eyni zamanda, İraq Türkmən Cəbhəsinin sözçüsüdür. Onunla görüşüb son günlərin dünya siyasi gündəmini zəbt edən İraq olayları barədə suallarımıza cavab almağa cəhd etdik.

- Əli bəy, rifah şəraitində yaşadığınız Almaniyadan İraqa qayıdarkən müharibənin indiyə qədər davam edəcəyini gözləyirdinizmi və hansı səbəbdən qayıtdınız?

- Bizim davamız və inandığımız əqidəmiz var, bu, İraq türkmənliyini yaşatmaqdır. 100 ildən bəri İraq türkmənləri sıxıntı halında yaşayırlar. Amma içimizdə inandığımız bir yol var, o yolu başa çatdırmaq üçün çalışmaqdayıq. İnanırıq ki, bu davanın uğurla bitməsi üçün İraqda, Kərkükdə yaşamağımız və ordakı insanlarla torpağımızı, dilimizi qorumağımız lazımdır.

- Hazırda İraqda nə baş veri? Uzun müddətdir davam edən müharibə neft, geosiyasi maraqlar, yoxsa məzhəblə bağlıdır?

- Təəssüf ki, 2003-cü ildən sonra Amerika İraqın dövlət sistemini məhv etdi. Sonda anladıq, Amerika ordusu İraqa diktaturanı yıxıb sülh və rifah yaratmaq üçün yox, neftə görə daxil olub. Nefti isə İraqı parçalamaqla əldə etdi, təəssüf ki, Vaşinqtonun İraq siyasəti parçala və faydalan şüarı üzərindədir. Beləliklə, 2003-cü ildən sonra İraqda o zamana qədər olmayan məzhəb çatışmaları başladı. Hazırda ölkədə sünni-şiə məzhəb və kürd-ərəb və türkmən etnik çatışmaları adi hal alıb. Bu gün İraqda hansı tərəfin gücü, silahı varsa, hakimiyyət ondadır, qanun, konstitusiya işləmir. 2014-cü ildən, yəni İŞİD ölkənin böyük hissəsini ələ keçirdikdən sonra vəziyyət daha da gərginləşdi və ən çox zərər görən də türkmənlər oldu.

- Siz Amerikanın neft maraqlarına görə İraqda indiki vəziyyəti yaratdığını dediniz, amma Vaşinqton əsrin əvvəlində artıq slans neft üzərində çalışırdı. Belə olduqda Amerikanın neft maraqları o qədər də vacib olmamalıydı. Razılaşırsınızmı?

- Mən yalnız neft amilini qabartmıram. Məsələ ondadır ki, Orta Doğu bölgəsinin yenidən düzənlənməsi planı da Vaşinqtonun maraqlarına daxil idi. Baxın, Amerika İraqa 2003-cü ildə daxil oldu, bir müddət sonra neftin qiyməti artdı və bu artım az müddət qalmadı, hətta 130 dolları ötdü, qiymət yalnız 2 il əvvəl 100 dollardan 40-50 dollara endi. Amerika və Avropa dövlətləri nefti Orta Doğu dövlətlərindən alırdı, neft maraqları arxa plana keçdiyindən başqa maraqlar ortaya çıxdı. Nəticədə neftin qiyməti endi. Məsələ ondadır ki, bölgədə neft maraqları və dövlətləri zəiflətmək maraqları var, söhbət sərhədlərin dəyişməsindən gedir.

foto Meydan TV

foto Meydan TV

- Bu gün İraq nefti hara gedir və kim satır?

- Mən Kərkükdə yaşayıram, özüm də Kərkük Neft Şirkətində bir məmuram. Biz Kərkükdə çıxartdığımız neft haqda şirkətin rəhbərindən soruşuruq, heç o da bilmir. Məsələ ondadır ki, neft İraq mərkəzi hökumətinin də nəzarətində deyil. Hazırda Kərkük nefti iki kürd partiyasının nəzarətindədir, söhbət Təlabani və Bərzaninin partiyalarından gedir.

- Onların da arasında narazılıq varmı?

- Bəli, bu çatışma yaxın illərdə daha da böyüyəcək.

- Bəs onlar nəyi bölüşdürə bilmirlər, ikisi də kürd deyilmi?

- Baş verənlər neftlə bağlıdır, Kərkük İraqın ikinci şəhəridir və neft var. Nə Ərbildə, nə də Süleymaniyyədə neft var, onları da iqtisadi maraqlar düşündürür. İraqda neft Mosulda, Bəsrədə və Kərkükdədir.

- Deməli, Bərzani ilə Tələbanini də sadə kürdlərdən çox neft maraqlandırır?

- Bir millətin ayaqda qalması üçün iqtisadiyyat lazımdır. Bu iqtisadiyyat isə İraqda neftdir, başqa sənaye, fabrik yoxdur. Əgər yerli millətlərədən hansı nefti öz nəzarətinə keçirə bilsə, ayağa qalxacaq, çünki neft vasitəsilə iqtisadiyyatlarını gücləndirəcəklər. Və nəticədə silah alıb ordu quracaqlar.

- Ümumiyyətlə, neftin iraqlılara indiyə qədər bir faydası oldumu?

- Təəssüf ki, bugünə qədər neftin İraqa heç bir xeyri olmadı. Mənim 60 yaşım var, indiyə qədər neftdən heç bir xeyir görmədik, həmişə savaş, qavğa və şər gördük. Səddamın hakimiyyəti zamanı İranla 8 il müharibə oldu, heç nə qazanılmadı.

- Bu gün İraqda etnik mənzərə necədir?

- Hazırda silahlı olan qrup hakimdir, silahlı olanlar isə şiələrdir. Sünnilərin az qismində silah var. Kürdlərin 100 minlik peşmərgə ordusu var. Biz türkmənlərin 5-6 minlik silahlı gücümüz var. Amma İraqa İran və Amerika nəzarət edir. Təsəvvür edin ki, ölkənin yüzdə yetmişinə İran nəzarət edir, səbəb ölkənin 60 faizinin şiələrdən ibarət olmasıdır, parlamentdə də 200 millət vəkiliylə təmsil olunurlar. Onlar da Tehranın İraqın daxili işlərinə müdaxiləsinə göz yumurlar. Təəssüf ki, yerli əhali iraqlı olduğunu artıq unudub. İnanırsınızmı, İraqda 32 dövlət açıq və gizli şəkildə savaşır, İrandan başqa hamısı müsəlman olmayan dövlətlərdir. Türkiyəni isə İraqa buraxmırlar. Buna baxmayaraq İranın əsgərləri, müştəşarları ölkə ərazisindədir.

- Maraqlıdır ki, 2003-ci ildə Amerika İraqa qarşı müharibəyə başlayanda Tehranla münasibətlər pis idi, nə dəyişdi ki, hazırda iki ölkə birgə hərəkət edirlər?

- Yuxarıda dedim, parlamentin 70 faizi şiələrdən ibarətdir, onları təsiri güclüdür və bu təsir elə vəziyyətdədir ki, kimsə İranın İraqda nə etdiyini soruşmur. Ancaq Türkiyənin 200 əsgəri haqda hər şey danışdılar. Hesab edirəm ki, hazırki hadisələr Tehranla Vaşinqton arasında gizli anlaşmanın nəticəsidir.

- Ankaranın son hadisələrə yanaşmasını qanedici sayırsınızmı?

- Türkiyə çətin vəziyyətdədir, ətraf savaş halındadır, Suriya və İraqa baxın, bu savaş Ankaranı proseslərə açıq müdaxiləsinə yer qoymur. Avropa və Amerikada Türkiyəyə qarşı bir kin və siyasi-strateji hücum var. Bu da Türkiyənin bölgə olaylarına müdaxiləsinə imkan vermir. Bütün bunlara baxmayaraq, 2003-cü ildən sonra iraqlılara, xüsusilə türkmənlərə ən çox yardımı Türkiyə edir.

- Ötən əsrin 20-ci illərindən sonra İraqda türkmənlər assimilyasiyaya məruz qaldı. Hazırda türkmənlər nə qədərdir?

- 2003-cü ildən öncə Kərkükdə əhalinin sayı 850 min nəfər idi, bunun 60 faizi türkmən idi, 500 min nəfər. Bu gün isə Kərkükün 1 milyon 400 min əhalisinin 20 faizi türkməndir, yəni ötən müddətdə aparılan siyasət kürdlərin artmasıyla nəticələndi. Ümumilikdə İraqda türkmənlərin sayı 2-3 milyon civarındadır. Kürdlər isə 5 milyon nəfərdir. Təəssüf ki, 2003-cü ildən sonra Mosulda, Telaferdə və Kərkükdə türkmənlər silah və gücü olan müxtəlif qrupların soyqırımına məruz qaldılar. İraq mərkəzi hökuməti də bu soyqırıma susqunluqla yanaşırdı.

- İŞID-ı kim yaratdı, bu “dövlət”in məqsədi və məzhədi nə idi?

- Mənim qənaətimcə, 2014-cü ildən İraqa tam olaraq nəzarət etmək istəyən güc İŞİD-i yaratdı. Həmin ildən əvvəl İranın şiələr vasitəsilə nəzarəti 40 faiz civarındaydı. İŞİD yarandıqdan sonra bu nəzarət 70 faizə qalxdı. Bu prosesdə itirən sünnilər və türkmənlər, qazanan isə şiələr oldu.

- Dediklərinizdən bu nəticə çıxır ki, İraqda millətin maraqlarından çox məzhəb mənafeləri əsas götürülür?

- Təəssüf ki, hər kəs məzhəbi üçün çalışır, bu, artıq bəlli bir şeydi. Bunların da arxasında böyük dövlətlər qazanc götürür. Gücsüz və silahsız olanlar itirir. Gedişat İraqı bir dövlət kimi parçalanmağa aparır. Bu parçalanmada türkmənlər şiələrin, sünnilərin və kürdlərin ortasında qala bilər.

foto Meydan TV

foto Meydan TV

- Parçalanma hansı sərhədlərdə özünü göstərəcək?

- Bağdaddan cənuba doğru ərazilər şiələrin, şərqdə olan Ramadi, Mosul sünnilərin, Ərbil, Süleymaniyyə, Mosulun yanındakı Dhok isə kürdlərin. Türkmənlər də Mosul və Kərkükdə qalacaq, bunların bir qismi kürdlərin, qalanı sünnilərin içində qalmağa məhkum olacaq. Təəssüf ki, hazırda bu gerçəkliyə doğru gedirik.

- İŞİD-in sonunun yaxınlaşması haqda deyilənlər doğrudurmu?

- İŞİD Mosul və Telaferdə qalıb, çox güman ki, ordan da Suriyaya gedəcək, orda nə zaman bitəcəklər, bəlli deyil. Amma İŞİD-dan sonra həyat necə olacaq, peşmərgə döyüşdüyü ərazilərdən geri çəkiləcəkmi, bilinmir. Qısası, bizi İŞİD-dan sonra başqa problemlər gözləyir. Ehtimal edirəm ki, sünni-şiə, ərəb-kürd çatışmaları olacaq.

- İraq parlamentində şiələrin çoxluq təşkil etdiyini dediniz, bəs idarəetmədə durum necədir?

- Yenə şiələr çoxdur, təxminən 70 faiz. Ordunun, polisin əksəriyyəti onlardan ibarətdir, məsələn, xalq ordusu deyilən Həşdi-Şəbini şiələr qurub və Tehran tərəfindən dəstəklənir.

- İndiki hadisələr X-XI əsrlərdə Bağdadın mənşəcə fars sülələsi olan buveyhilər tərəfindən işğalını xatırlatmırmı?

- Mən belə deyərdim: İraqda sünniylə şiə bundan sonra bir yerdə yaşamaz. Bu, Avropa, İran və Amerika tərəfindən planlanmış bir siyasi oyundur. Təəssüf ki, Türkiyə İraqın vahid dövlət halında olmasına çox çalışdı, amma Ankaranı dinləmədilər.

- Türkiyədən umduğunuz nədir?

- Biz yalnız Türkiyədən deyil, bütün türkdilli xalqlardan dəstək istəyirik. Bizim dədələrimiz Azərbaycandan gəliblər. Ona görə bütün türk dövlətlər İraqdakı türkmənlərin sıxıntılarını paylaşsınlar, söhbət mədəni, səhiyyə və təhsil sahəsində bizə dəstəkdən gedir. Azərbaycan və bütün türk dövlətləri bilsin ki, İraqda 3 milyona yaxın türkmən var, onlar böyük sıxıntıda yaşayır, ən azından bizim üçün dua etsinlər və bir hadisə olan kimi 6-8 min insan ayağa qalxıb etirazını bildirsin. Bir məsələni deyim, mən bir türkmən kimi Türkiyədə vətəndaşlığa qarşıyam, Ankara qapını açsa, İraq türkmənlərinin yarısı gedəcək. O zaman Kərkük, Türkməneli torpaqlarımız boş qalacaq, Türkiyə yetərincə dəstək verib, amma ayaqda dayanmağımız üçün daha çox dəstəyə ehtiyac var. Məsələn, səhiyyə, iqtisadi, təhsil və mədəniyyət məsələlərindəki sıxıntılarımızın aradan qaldırılmasına dəstək lazımdır. Çünki İraqdakı digər millətlərlə müqayisədə türkmənlər maliyyə-iqtisadi, səhiyyə, təhsil və kültür məsələlərində geridə qalıb. Düzdür, öz dilimizdə ibtidai və orta məktəblərimiz var, amma universitetlərimiz yoxdur. İraq konstitusiyasında bu hüquqlar verilsə də, olanları da çox çətinliklə əldə etmişik. Konstitusiyaya görə, türk dili türkmənlərin yaşadığı bölgədə rəsmi dildir. Ancaq bölgədə hakimiyyət kürdlərin və ərəblərin əlində olduğundan konstitusiyanın bu tələbinə əməl olunmur.

- Iraq hakimiyyət yetkililərilə görüşüb bu problemləri gündəmə gətirmisinizmi?

- 10 gün öncə mən də daxil olmaqla 5 türkmən İraq prezidenti Fuad Mahsumu, parlament başqanını və digər rəsmiləri ziyarət etdiyimiz zaman danışdığım sıxıntıları onlara anlatdıq. 10 ildir belə davam edir, amma heç bir reaksiya olmur.

- Bu gedişlə gözləntiniz nədir?

- Bu, 100 ildir davam edən türklük davasıdır. Yenə də davam edəcəyik, Kərkükdə, Telaferdə, Mosulda mücadiləmiz dayanmayacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o30d2i

Ən çox baxılan