Ölkənin lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” ASC-nin gəlirləri 14 faiz artıb.
Şirkətin 2025-ci il üzrə maliyyə hesabatına əsasən, satış gəlirləri 373,7 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 46,1 milyon manat çoxdur.
Hesabata görə, şirkətin 2025-ci ildə vergi xərcləri 83,5 milyon hesablanıb. Bununla yanaşı, dövlət büdcəsinə 76 milyon manat həcmində sadələşdirilmiş vergi ödənişi həyata keçirilib. Ötən ilin sonuna şirkətin dövlət büdcəsinə vergi borcu 30,6 milyon manata çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 9 milyon manat artıb.
Gəlirlərin artmasına baxmayaraq, satıcılara ödənişlər, distribusiya və çap xərcləri azalıb. Belə ki, həmin xərclər 2024-cü ildəki 95,4 milyon manatdan 2025-ci ildə 94,8 milyon manata enib.
“Azərlotereya” reklam və marketinq xərclərini 22,4 faiz artıraraq 20,7 milyon manatdan 25,3 milyon manata qaldırıb.
Nəticədə şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 20 faiz çoxdur.
Şirkət cəmi aktivlərini 13,3 faiz artıraraq 130,4 milyon manata çatdırıb. Ötən il cari aktivlərin həcmi 70,4 milyon manatdan 81 milyon manata yüksəldə bilib.
“Azərlotereya”nın cəmi öhdəlikləri isə 79,7 milyon manata çatıb. Öhdəliklərin ən böyük hissəsini dövlət büdcəsinə olan 30,6 milyon manatlıq vergi borcu təşkil edir. Bundan sonra ikinci ən böyük öhdəlik uduşlar üzrə formalaşmış 25,3 milyon manat məbləğində kreditor borclarıdır.
Şirkətin ticarət debitor borcları 11 milyon manat olub. Hesabata əsasən, bu istiqamətdə borcların həcmi azalıb.
Qeyd edək ki, “Azərlotereya” ASC 2001-ci ildə yaradılan dövlət şirkətidir. ASC ölkə ərazisində bütün növ lotereyaların təşkili və satışını həyata keçirir. Hazırda şirkət üzərində dövlət nəzarətini İqtisadiyyat Nazirliyi həyata keçirir.
2021-ci ildə İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin idarə edilməsini 10 il müddətinə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə həvalə edib.
Bundan sonra, 2022-ci ildən etibarən qanunvericiliyə edilən dəyişikliklər əsasında “Azərlotereya” ölkədə qanuni fəaliyyət göstərən idman mərc oyunları operatoru kimi fəaliyyətə başlayıb.