Kəndli: ”Astaraçay” torpaqlarımızı əlimizdən alır

Mirvari Qəhrəmanlı deyir ki, kəndlilərin qarşısında şərt qoyulub

Source:


Mirvari Qəhrəmanlı deyir ki, kəndlilərin qarşısında şərt qoyulub

““Astaraçay” MMC Astaranın Şüvi kəndində pay torpaqlarını-sitrus sahələrini kəndlilərdən məcburi alır”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı belə deyir. Qəhrəmanlının sözlərinə görə, ona pay torpaqlarının mülkiyyətçiləri-kəndlilər müraciət ediblər və şirkətin SOCAR rəhbərliyi ilə bağlı olduğu iddia olunub:

“Kəndlilər həmin sahədə 20 il ev tikiblər.İndi isə mülkiyyətçilərin qarşısında şərt qoyulub, ya torpağın hər sotu üçün 100 manat ödəməli, ya da sotunu 28 manata satmalıdırlar”.

“Astaraçay” 2010-cu ildən fəaliyyətdədir. Rəsmi məlumata görə, şirkət 4 çeşiddə çay istehsal edir, bununla yanaşı, düyü istehsalı, feyxoa, portağal və naringi becərilməsi ilə də məşğul olur. Şirkətin Astara və Lənkəranda 450 hektar çay sahəsi var və rəsmi məlumatda hazırda Azərbaycanda ən böyük çay plantasiyasına sahib olan MMC kimi təqdim olunur.

“Astaraçay” MMC-nin rəhbərlərindən birinin SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun qardaşı Tələt Məmmədovun olduğu bildirilir. Lakin şirkətin rəsmi internet səhifəsində rəhbərliklə bağlı hər hansı məlumat yoxdur.

Şirkətlə bağlı məlumatlar, reklamlar daha çox SOCAR-ın himayəsində olan telekanal və saytlarda gedir.

Mülkiyyətçilərdən bir neçəsi də adının açıqlanmaması şərti ilə problemlərini Meydan TV-yə danışıblar. Onlar adları bəlli olduğu təqdirdə incidiləcəkləri, yaxud pul ödənilmədən torpaqlarından çıxarılacaqlardan ehtiyatlanıblar. Şikayətçilər deyirlər ki, çoxunun dolanışığı əkib-becərməkdən və ya “Astaraçay”ın torpaqlarında günəmuzd işləməkdən çıxır. Bu il Astarada hava isti keçib, nəticədə sitrus meyvələri bol olmayıb. Üstəlik yığılan meyvələri əlavə xərclər ucbatından Bakı bazarlarına çıxara bilməyiblər, iri tədarük şirkətlərinə qəpik-quruşa satmağa məcbur qalıblar.

“Bizi məhkəməyə veriblər, vəkil tutmağa imkanımız çatmır. Deyirlər ki, 20-25 il bu torpaqları sizə verməməliydilər. Problemi kəndin bələdiyyəsi yaradıb. Bəs nə edək”,-şikayətçilərdən biri danışır. Deyir ki, 7 nəfərlik ailə onun ümidindədir.

M.Qəhrəmanlı da onların dediklərini təsdiqləyir. Xanım Qəhrəmanlı bildirir ki, sahələrdə olan evlər söküləcək. Raqif Əzizov adlı şikayətçi isə hüquq müdafiəçisinin sosial şəbəkədəki səhifəsində şikayətini bildirib:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

“5 ildir bizi narahat edirlər. Onkoloji xəstəyəm, ağir əməliyyat keçirmişəm. 1992-ci ildə rayon torpaq şöbəsi tərəfindən mənə yaşayış üçün sənədli torpaq verilib. Soradan bizə heç yerdə əlavə torpaq verilmədi, bələdiyyə tərəfindən 40 sot mənə, 40 sot anama torpaq verildi. Biz torpaq sahəmizdə limon, naringi əkirik. Bizə məlumat vermədən bələdiyyə torpağımızın sotunu 28 manatdan SOCAR-a satıb. Şirkətin adından bizdən torpağın sotuna 100 manatdan istəyirlər. Mən bağımdan cəmi 2-3 tona yaxın naringi götürürəm, kiloqramını 60-70 qəpiyə satıram ki, dərmanlarımı ala bilim”.

SOCAR-dan “Astaraçay”la bağlı sualı təəccüblə qarşılayıblar. Şirkətdən problemdən xəbərsiz olduqlarını, adlarının belə işlərdə hallandırılmasını doğru saymayıblar.

“Astaraçay”dan isə deyiblər ki, onlar hər iki rayonda minlərlə insanı işlə təmin ediblər. “Əkib-becərilməyən torpaqların alınması mümkündür, amma şirkət qanundankənar heç bir işlə məşğul olmur. Torpaq sahiblərinin razılığı olmadan alqı-satqı müqaviləsi bağlanıla bilməz”, -şirkətin əməkdaşı özünü təqdim etməsə də, ittihamlara cavab verib.

Şikayətçilərə bildiriblər ki, əkin sahələrində ev tikilməsi qanunsuzdur. Hətta şirkət torpaqlara müştəri çıxmasa belə, əkin sahələri təyinatı üzrə istifadə olunmalıdır.

Torpaq mülkiyyətçilərinin bir neçəsi məhkəməyə verilib.

“Astaraçay” MMC-nin açılışında Rövnəq Abdullayev də iştirak edib.

Ana səhifəBölgəKəndli: ”Astaraçay” torpaqlarımızı əlimizdən alır