Keçmiş komitə sədrinin qardaşına şərti cəza verildi

Elə məhkəmə də onu bu əməllərdə təqsirli bilib.

Foto: Sahib İbrahimovun yaxınlarının arxivindən götürülüb


Məhkəmə sahibkara məxsus binaların üzərindəki həbs qərarını da götürüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, “Azad Azərbaycan” telekanalının keçmiş prezidenti Tağı İbrahimovun qardaşı olan iş adamı Sahib İbrahimova iyunun 10-da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, S.İbrahimova 3 il 11 ay şərti cəza verilib. Hökmə qədər ev dustaqlığında olan S.İbrahimov haqqında cəza müddətinin sonuna qədər başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Ona 1 il sınaq müddəti təyin edilib.

S.İbrahimov 2018-ci ilin avqustunda həbs olunsa da, təxminən ay yarım sonra ev dustaqlığına buraxılmışdı. Bakıda hündürmərtəbəli binaların tikintisiylə məşğul olan, “STS”, “Sahil D Company” və s. şirkətlərdə pay sahibi olan S.İbrahimovun həbsindən sonra onun inşa etdirdiyi binalardan birinin üzərinə həbs qoyulmuşdu. Məhkəmə Atatürk prospektində yerləşən həmin binanın üzərindəki həbsi də götürüb.

S.İbrahimov mənzil almaq üçün onun rəhbərlik etdiyi şirkətə pul verən vətəndaşlara qarşı dələduzluqda, paytaxtın Nərimanov rayonu, Həsən Əliyev 50 ünvanında, lisenziya almadan iki bloklu yaşayış binası tikib satmağa görə qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunurdu. Elə məhkəmə də onu bu əməllərdə təqsirli bilib.

Vergilər Nazirliyi S.İbrahimova qarşı təxminən milyon yarımlıq mülki iddia qaldırmışdı. Məhkəmə nazirliyin mülki iddiasını qismən təmin edib. İddia olunur ki, S.İbrahimov bina tikintisindən əldə etdiyi gəlirdən vergi ödəməyib.

S.İbrahimov özünü təqsirli bilməyib. O bildirib ki, keçmiş Karl Marks dairəsində dövlət ehtiyacları üçün iki hündürmərtəbəli bina dövlət ehtiyacları üçün söküləndə onun əvəzi ödənilməyib. Həmin binalarda yaşayan sakinləri o, öz hesabına başqa mənzillərlə təmin etməli olub.

S.İbrahimov onu da qeyd edib ki, H.Əliyev küçəsindəki iki bloklu bina satış üçün tikilməmişdi, ona görə gəlir vergisi hesablamaq doğru deyil.

S.İbrahimovun daha bir qardaşı isə “Avesta” şirkətinin və “Xəzər adaları” layihəsinin müəllifi İbrahim Nehrəmlidir.

Ana səhifəSiyasətKeçmiş komitə sədrinin qardaşına şərti cəza verildi