““Karvan”ın adını eşidəndə dedilər ki, maraqlı deyil”

“Karvan”. Mənbə: “wish.az”

Qrup sponsor tapmaqda çətinlik çəkib

“Karvan” qrupu otuz illik fasilədən sonra yenidən səhnəyə çıxıb.

“Əfsanə qayıdır” adlı iki günlük konsert Heydər Əliyev Sarayında olub.

Proqram anşlaqla keçsə də, təşkilati işlərdə problemlər yaranıb.

Təşkilatçı Zəhra Bədəlbəyli deyir ki, sponsor axtarışında çətinliklərlə üzləşiblər.

“Konserti təşkil etmək üçün ən böyük şirkətlərə, tanınmış brendlərə müraciət etdik. “Karvan”ın adını eşidəndə, dedilər ki, maraqlı deyil. Necə ola bilər ki, hansısa qeyri-peşəkar xarici musiqiçilərə bu qədər dəstək var, amma estrada musiqimizin təməlini qoyan, həqiqi canlı əfsanə olan “Karvan” qrupuna dəstək yoxdur?”, – təşkilatçı bildirib.

Konsert Mədəniyyət Nazirliyi, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə reallaşıb:

“Həmçinin balaca şirkətlər, dostlarımız da dəstək oldu. Sponsorlar, hansılar ki işimizi maddi baxımdan qat-qat asanlaşdıra bilərdi – heç biri dəstək olmadı. Peşəkarlığa, əsl istedada və yaradıcılığa mükəmməl dəstək verilməlidir”.

“Karvan” qrupu 1984-cü ildə rejissor Sevinc Kərimovanın təşəbbüsü ilə yaranıb. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə qrup dağılıb.

1988-ci ildə “Karvan” yenidən bərpa edilib.

“Bakı Payızı-88” müsabiqəsində çıxış etmiş ifaçılar İlqar Xəyal və Firuz İsmayılov qrupa dəvət olunub.

Qrupun üzvləri – Sevinc Kərimova — direktor, rejissor, Sevil Hacıyeva — solist, Yevgeniy Baxtin — solist, İlqar Xəyal — solist, Gülağa Cəbrayılov — zərb alətləri, Gennadiy Yuqay — bas-gitara, Mikayıl Vəkilov — bədii rəhbər, bəstəkar, Firuz İsmayılov — musiqi rəhbəri, Samir Muradov — səs rejissoru olub.

Qrupun diskoqrafiyasında daxil olan mahnılar içərisində ən populyarlaşanlar “Qara gözlər”, “Polismen”, “Xatirədir”, “Qatarlar”, “Sarı güllər”, “”Tufanla oynama” olub.

Azərbaycandakı siyasi vəziyyət və Qarabağ müharibəsi musiqi sahəsinə də öz təsirini göstərir.

Qrupun bəzi üzvləri ölkədən gedir. Bu da qrupun 1993-cü ildə rəsmi olaraq dağılmasına gətirib çıxarır.

Qrup dağılandan sonra İlqar Xəyal 4 il səhnəyə çıxmır, digər üzvlər də uzun müddət işsiz qalır.

Qrupun musiqi rəhbəri olmuş Firuz İsmayılov və bədii rəhbər, bəstəkarı Mikayıl Vəkilov fəaliyyətini Türkiyə və ABŞ-da davam etdirir.

Ana səhifəMədəniyyət““Karvan”ın adını eşidəndə dedilər ki, maraqlı deyil”