İzmir-Çeşmədə Talıbovlar ailəsinə məxsus 5 ulduzlu dəbdəbəli otel

Həbib Müntəzir

Otelin idarəetməsi əl dəyişdirsə də, “Reges” hələ də Talıbovlara məxsusdur

27 il ərzində Naxçıvanı repressiv formada idarə edən Vasif Talıbovun gözlənilməz istefasından sonra övladları Rza və Seymur Talıbovlar milyonlarla dollar dəyərindəki şirkətlərini və mülklərini başqa şəxslərin adlarına keçiriblər. Bu, OCCRP-nin əvvəlki araşdırmalarında öz əksini tapıb.

Həmin şirkətlərdən biri də Türkiyənin İzmir şəhərində qeydiyyatdan keçən “REGES Turizm İnşaat Sanayi ve Ticaret Anonim” şirkətidir. Bu şirkət dünyaca məşhur Marriott otellər qrupuna aid olan “The Luxury Collection”un lüks otel kateqoriyasında xidmət göstərən, “Reges, a Luxury Collection Resort & Spa, Çeşme” adlı hotel və kurortun sahibidir.

Çeşmə bölgəsində yerləşən dəbdəbəli mehmanxanın məxsus olduğu şirkət isə 2014-cü ildə Vüqar Abbasov adlı şəxs tərəfindən yaradılıb.

Vüqar Abbasov Naxçıvan Muxtar Respublikasında iri holdinqlərdən biri olan “Cahan Holdinq”in prezidentidir.  Rza və Seymur Talıbovun sosial media hesabları onu da göstərir ki, Abbasov həm də ailə ilə yaxındır.

Rza Talıbovun Instagram profilindən Vüqar Abbasovla fotosu

Abbasov eyni zamanda, 2008-ci ildə Talıbovlar ailəsinin bir neçə üzvü ilə birgə bank yaradıb. Naxçıvan bankın sənədlərinə görə, o, 2018-ci ilin martında hissələrini Baharxanım və Seymur Talıbovlara sataraq şirkəti tərk edib.

Vüqar Abbasovun Instagram profilindən Rza Talıbovla fotosu

2014-cü ildə “Reges” şirkətinin İdarə Heyətinin sədri İbrahim Çələbi adlı şəxs olub. Çələbi həmçinin uzun müddətdir ki,  Talıbovların ailə şirkəti kimi tanınan “Gəmiqaya” holdinqində də fəaliyyət göstərir. 

Sənədlər onu da göstərir ki, 2021-ci ildə Zamin Qədimov adlı şəxs şirkətin idarə heyətinin rəhbəri təyin olunub. O, OCCRP-yə açıqlamasında, Talıbovların ailə şirkətlərində idarəedici funksiya yerinə yetirdiyini etiraf edib. 

“Qeyd edim ki, daha əvvəl adı çəkilən şəxslərin şirkətlərində rəhbər vəzifədə işlədiyim doğrudur. Sözügedən şəxslərlə hal-hazırda heç bir biznes əlaqəm yoxdur”, – o deyib. 

Araşdırmanın dərcindən sonra Zamin Qədimov Facebook sosial media hesabında Türkiyə və Gürcüstan səyahətləri ilə bağlı bütün postları silib.

2023-cü ilin yanvarında isə şirkət Fatih Aydın adlı Türkiyə vətəndaşının idarəetməsinə keçib. O, şirkətin sədri və səhmdarıdır. 

Fatih Aydın eyni zamanda Dubayda Seymur Talıbova məxsus olan “The Class Hotel Apartments”in də sahibinə çevrilib.  

Digər dəyişikliklərdən fərqli olaraq,  bəlli olur ki, “Reges” şirkəti və onun tərkibindəki milyonlarla dəyərində olan, İzmirin turist axınına məruz qalan Çeşmə ərazisindəki 5 ulduzlu “Reges” oteli Talıbovlar ailəsinin mülkiyyətindədir.

Müəllif: Həbib Müntəzir

Ana səhifəAraşdırmaİzmir-Çeşmədə Talıbovlar ailəsinə məxsus 5 ulduzlu dəbdəbəli otel