İtaliyada rus mütəxəssislərin geri qaytarılmasına çağıran petisiyaya başlanılıb

İtaliya. Foto: Vladimir Sazonov/shutterstock

“Rus sənət adamlarının ölkədən qovulmasına yol verilməməlidir”

İtaliyada Rusiyanın mədəniyyət və elm sahələrinin nümayəndələri ilə əməkdaşlıqdan imtina etməməyə çağıran petisiyaya başlanılıb.

Petisiya müəllifləri qeyd edirlər ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra İtaliyada rus alim və mədəniyyət nümayəndələrinin işdən çıxarılması halları baş verib.

“Xalqa, xüsusilə də onun tanınmış nümayəndələrinə qarşı diskriminasiya halları gələcəkdə geri dönüşü olmayan ciddi problemlərə yol aça bilər. Xalqın dehumanizasiyası (bir şəxsi və ya qrupu insanlıqdan çıxarmaq, onları fərqli varlıq kimi identifikasiya etmək) – tarix boyu mütləqiyyətçi rejimləri xarakterizə edən və çox vaxt nəzarətsiz zorakılığın təzahürlərinə səbəb olan bir prosesdir”-, mətndə deyilir.

Sənədi hazırlayanlar İtaliya hökumətinə müraciət edərək, rus sənət adamlarının ölkədən qovulmasına yol verməməyə çağırıblar.

Daha öncə İtaliyanın 200 nəfərə yaxın jurnalist, yazıçı, musiqiçi və müəllimləri, eləcə də mədəniyyət birlikləri xadimləri ölkə Prezidenti Sercio Mattarella və mədəniyyət naziri Dario Françekiniyə müraciət edərək Rusiya mədəniyyətinə qarşı ayrı-seçkilik qoyulmamasını istəyiblər.

Bu cür çağırışlara səbəb Milan-Bicocca Universitetində rus yazıçısı Fyodor Dostoyevski ilə bağlı mühazirənin ləğvinə cəhd, həmçinin İtaliyada yaşayan rus yazıçısı Nikolay Lilinə qarşı sosial şəbəkələrdə hücumlar olub.

Bundan başqa, “La Skala” opera teatrı Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.
Rusiya Xalq artisti, opera ifaçısı Anna Netrebko isə “La Skala”da martın 9, 12, 16 və 19-na planlaşdırılan tamaşalarını təxirə salıb.

Fevralın 24-də Prezident Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata göstəriş verib.

O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyasıdır.

Daha sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Fevralın 25-də Avropa Yayım Birliyi də Rusiyanı builki “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

2022-ci il mayın 17-dən 28-dək Fransanın Lazur sahilində keçiriləcək Beynəlxalq Kann Film Festivalına da Rusiya nümayəndə heyəti buraxılmayacaq.

Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.

“Sony Pictures” də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada gözlənilən teatr premyeralarını dayandırıb.
Amerikanın Metropoliten-opera teatrı opera ifaçısı Anna Netrebkonu səhnədən uzaqlaşdırıb.

Ana səhifəMədəniyyətİtaliyada rus mütəxəssislərin geri qaytarılmasına çağıran petisiyaya başlanılıb