İsa Qəmbər: “Dünyadakı gərginlik tədricən Asiyaya doğru hərəkət edir”

Müsahibimiz Milli Starteji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərdir.

– İsa bəy, sosial tələblərlə başlayıb siyasi etirazlara keçən Qazaxıstanda 3-ü uşaq olmaqla 164 nəfər ölüb. Hadisələrə müxtəlif yanaşmalar sərgilənir: sosial etirazlar, klanlararası münaqişənin nəticəsi və xarici, xüsusən də Qərbin müdaxiləsi, Rusiyanın Türk Birliyinə cavabı. Nəhayət, siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-də 12 yanvar tarixli məqaləsində ehtimal irəli sürdü ki, Tokayev KTMT-nin qüvvələrini ölkəsinə çağırmaqla Rusiyanın Şimali Qazaxıstanda Donbas, Luqansk ssenarisinin qarşısını aldı. Politoloq hətta Heydər Əliyevin Rusiya ordusunun Azərbaycana gəlməsinin qarşısını almasıyla bağlı analogiya da aparıb. Sizcə, sadaladıqlarımdan hansı üstünlük təşkil edir?

– Məhz, hansı amilin daha üstün olması şəklində sualın qoyulmasını düzgün hesab edirəm. Çünki bəzən deyirlər səbəb hansıdır, halbuki, hadisələrdə yalnız bir səbəb və bir nəticə axtarmaq doğru deyil. Hər bir hadisənin çoxlu səbəbi və çoxlu da nəticəsi olur. Qazaxıstanda baş verən hadisələrdə də bu səbəblərin hamısı rol oynayıb. Əhalinin sosial narazılığı və proses başlayandan sonra müxtəlif qüvvələrin bundan istifadə etmək cəhdləri də ciddi faktorlardır. Burda da hakimiyyətdaxili qüvvələrin müxtəlifyönlü amilləri nəzərdə tutulur. Həm xarici təsirlər hərəkətə keçir və s. Bunların hamısı prosesə təsir edir və hansısa birini seçmək… Təbii ki, demək olar ki, həlledici məsələ budur. Amma bütün amilləri təhlil etmək daha düzgündür. Mütləq bir amil istəyirsinizsə, belə dəhşətli faciələrin baş verməsinin səbəbi avtoritar rejimlərdir. Qazaxıstanda avtoritar rejim mövcuddur və bu rejim hansısa bir şəkildə davam etsə belə, növbəti dəfə iflasa uğradı.  Konkret olaraq, Nazarbayev mifi iflasa uğradı. Nazarbayevi postsovet məkanının ən təcrübəli, ən uzaqgörən, ən müdrik siyasi lideri kimi təqdim edirdilər. Bu cür dəhşətli hadisələr baş verdi və bütün bu müddətdə Nazarbayevi görmədik. Onun nə səsi çıxdı, nə xalqa müraciəti oldu, nə də təsiri bəlli olmadı. Özünün də bəh-bəhlə gətirdiyi adamın ölkədə o cür faciənin yaranmasında rolu oldu, bir ehtimala görə hadisələrin qarşısını almağa gücü çatmadı, ikinci ehtimala əsasən özü də tərəfə çevrildi. Nəhayət, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəyə dəvət etməklə postsovet məkanı üçün çox təhlükəli bir president yaratdı. Bir daha deyirəm, bu amillərin hamısı rol oynayıb, amma ən ciddi amil ölkədə ədalətin, azadlıqların olmamasıdır, korrupsiya, monopoliyalardır. Sadəcə, bir sual səsləndirirəm ki, əgər ölkədə heç olmasa normal parlament olsaydı, xalqın seçdiyi qanunverici orqan imkan verərdi ki, bu cür dəhşətli hadisələr olsun?! Parlament razılıq verərdi ki, Tokayev KTMT-ni Qazaxıstana dəvət etsin? Yəni məsələlərin köklü səbəbini azadlıqların olmamasıyla əlaqələndirirəm.       

– Hadisələr zamanı bəzi təzadlı açıqlamalar da oldu. Məsələn, Tokayev KTMT qüvvələrinin yaxın 10 gündə çıxacağını söyləsə də, Rusiyanın müdafiə naziri Şoyqu isə sabitlik yaranana qədər qalacaqlarını dedi. Ancaq bu gün hərbi qüvvələrin çıxarıldığı təsdiqlənir. Yaxud Tokayev “20 min terrorçu” barədə tvit atdı, sonra sildi. Elə siz də Nazarbayev personasına toxundunuz, sabiq ölkə başçısı hələ görünmür. Bu sadaladığım təzadlar nədən yarandı?

– Yanvarın 13-də Nazarbayevin qızlarından biri açıqlama verib ki, sabiq prezident həyatdadır, proseslərə müdaxilə etməsə də, mövcudluğu davam edir. Təbii, müxtəlif fikirlər söyləmək asandır, hər cür fikir ifadə etmək olar. Amma bizim və başqalarının dediyi yüzlərlə fikirlərin hansının tam həqiqət olduğunu iddia etmək hədən artıq çətindir. Tokayev özü 2019-cu ildə vəzifəyə gətiriləndə onunla maraqlandım, sıradan sovet nomenklatura nümayəndəsidir. Müəyyən mənada Artur Rəsizadə, Ayaz Mütəllibov kimi kadrları xatırladır. Nazarbayevin bərbad kadr siyasətinin fəsadı ortaya çıxdı ki, xalq tərəfindən seçilməmiş, ciddi siyasi mübarizələrdə yetişməmiş, saray intriqaları və sovet kommunist nomentlatura sisteminin oyun qaydalarıyla yetişən adamlar ciddi liderə və müstəqil dövlət adamına çevrilə bilmirlər. Tokayevin hadisələr vaxtı bir-birini əvəz edən ziddiyyətli açıqlamaları təkcə siz deyənlər deyil. Əvvəlcə, etirazçıların mövqeyini haqlı hesab etdi, qiymətlərin aşağı salınmasına çalışdı, müəyyən kadr dəyişikliklərinin olacağını bildirdi. O cümlədən, ölkədə müəyyən dəyişikliklər anonsunu verdi, sonra “bandit”lərin olduğunu, onların da hər şeyi törətdiyini dedi. Gündüz bu bəyanatı səsləndirdi, axşam isə xaricdə yetişdirilən terrorçulardan danışdı və ona görə də KTMT-nı çağırmağı vacib saydı. 20 min terrorçu dəhşətli bir yalan və dəhşətli rəqəmdir. Elə ona görə də 10 minə qədər adam həbs ediblər, belə çıxır ki, 20 min terrorçu varsa, o qədər də adam həbs etmək imkanları var. 10 min “terrorçu” həbs olunur, onların əksəriyyəti dinc nümayişçilərdir, bəli, az sayda ekstremist şəxslər ola bilər. Amma xaricdə hazırlanmış şəxslərin növbəsi gələndə bir bədbəxt qırğız cazmenini tapdılar, yazıq kasıb Qırğızıstandan nisbətən varlı Qazaxıstana gedib ki, konsert verib pul qazansın. Adamı tutub işgəncə verib etiraf alırlar ki, bəs mən pul alıb iğtişaş yaratmağa gəlmişəm. Sağ olsun Qırğızıstan hakimiyyəti operativ tərpəndilər, adamı faktiki olaraq ölümdən xilas etdilər. Yəni Qazaxıstanda terrorçu olsaydı və kənardan müdaxilə faktı ciddi olsaydı, həbs etdikləri 10 min nəfərin içində 3-5 adam tapmamalıydılar?! Ortada heç nə yoxdur, yalandır. Bütün bunlar Tokayevin öz marağı üçün qazax xalqını, Qazaxıstanın suverenliyini təhlükə altına qoymasının sübutudur. O ki qaldı KTMT-nin ölkəni tərk etməsinə, hər halda son məlumatlar onu göstərir ki, Tokayevin açıqlamasında həqiqət payı varmış, hərbi qüvvələr əsasən ölkədən çıxır. Gizli nə qala bilər, bunu sonra biləcəyik. Ordunun çıxarılmasının iki əsas səbəbi var, birincisi, kənardan müdaxilə qazax xalqı tərəfindən də işğal kimi dəyərləndirildi. Nə cür ki, 20 yanvardan sonra Azərbaycanın SSRİ-nin tərkibində qalması qeyri-mümkün hala gəldi, bunu təkcə AXC olaraq biz yox, bütün xalq deyirdi ki, artıq SSRİ-də qalmaq mümkün deyil. Eyni qaydada, faktiki olaraq KTMT-nin Qazaxıstanı işğal prosesinə başlaması milli hisslərin, müstəqilliyə cəhdlərin artacağını şərtləndirirdi. Görünür, bunu Putin və başqaları da nəzərə almağa məcbur oldu. Eyni zamanda, ABŞ və beynəlxalq təşkilatlar ciddi şəkildə suallar qoydular ki, heç bir xarici müdaxilə olmadan KTMT ölkəyə daxil olmalıydı? Təşkilatın əsasnaməsinə görə onlar yalnız üzv ölkəyə hər hansı xarici təcavüz olduğu halda hərəkətə keçməlidirlər. İndi isə belə bir fakt yoxdur. Ona görə də ABŞ rəsmiləri də, beynəlxalq təşkilatlar da suallarını verdilər, müəyyən etirazlarını da bildirdilər. Ola bilər ki, açıq bəyanatlardan başqa müəyyən danışıqlar, məsləhətləşmələr də gedir. Bilirsiniz ki, Avropada ABŞ-Rusiya, NATO-Rusiya arasında başlanan danışıqlarda bu məsələlər səslənib. Bu baxımdan ruslar başa düşdülər ki, indiki mərhələdə geri çəkilmək daha düzgün olar. O ki qaldı Qazaxıstanın bütöv, yoxsa şimal hissəsinin qoparılması, bu, Rusiyanın daimi üsuludur. Rusiya müstəqillik istəyən xalqların və elitaların qarşısında faktiki olaraq ultimatum qoyur ki, əgər bizə tabe olmasanız, sizdən nə qopara biliriksə, qoparacağıq. Bunu bəzən müstəqilliyə görə 20 faiz ərazi vergisi deyə “qara yumor”la ifadə edirik. Faktiki olaraq, Rusiya Ukraynadan da, Gürcüstandan da, Moldovadan da aşağı-yuxarı 20 faiz qoparıb. Səbəb də bu ölkələrin müstəqilliyə can atmalarıdır. Ancaq müstəqilliyə can atmayan, Moskvayla tabe olmağa hazır olan elitalar hakimiyyətdə olanda onlara səbrli yanaşmağı daha mümkün sayır. Bir halda bütün Qazaxıstan hakimiyyəti Rusiyanın nəzarətinə keçir, təbii ki, həmin mərhələdə separatçıları hərəkətə gətirib hansısa torpaqları qopartmaq məqsədləri qalır. Yəni o planlar aradan qalxmır və vəziyyətə uyğun qərarlar verilir. Ümumiyyətlə, Rusiya kimi imperialist qüvvədən hər zaman vəziyyətə və imkanlara uyğun qərarlar gözləmək olar.          

–  Zbiqnev Bjezinski deyirdi ki, Asiyaya hakim olan dünyanın sahibi olacaq. Tarixdə bu hakimlik yalnız Çingiz xana nəsib olub. Son hadisələri Asiyanın hakimi uğrunda savaş da sayanlar var. Məsələn, Rusiya Prezidenti Putin KTMT-nin video-konfransında Qazaxıstan olaylarını rəngli inqilabların təzahürü saydı və dolayısıyla Qərbi hədəflədi. Maraqlıdır ki, Ermənistanın Baş naziri də elə həmin inqilablar vasitəsilə hakimiyyətə gəlib. Belarus Prezidenti Lukaşenko isə növbədə Özbəkistanın olduğunu deyirdi. Amma Özbəkistan KTMT-ya daxil olmayacağını bir daha söylədi. Gedişatla bağlı proqnozlarınız nədir?

– Bjezinskinin o fikri bəllidir. Deyib ki, dünyaya sahib olmaq istəyən qüvvə Avrasiya sahib olmalıdır, Avrasiyaya sahib olmaq istəyən Mərkəzi Asiyaya sahib olmalıdır. Hələ bir az da irəli gedib deyirlər ki,  Mərkəzi Asiyaya sahib olmaq istəyən Qazaxıstana sahib olmalıdır. Bilirsiniz, bunlar düşündürücü ideyalardır və düşünməyə vadar edir. Amma siz demişkən, Çingiz xan Mərkəzi Asiyaya sahib oldu, nə oldu, bütün dünyanı ələ keçirə bildi? Rusiya 100 illərlə Mərkəzi Asiyaya nəzarət elədi, nə oldu, bütün dünyanı ələ keçirə bildi? Ona görə də bu gözəl fikirlərə gözəl fikir kimi də yanaşmaq lazımdır. Ağıllı, maraqlı fikirdir, təhlil, düşüncələri gəlişdirmək üçün imkanlar yaradır, amma tam həqiqət də olmur. Aydın məsələdir ki, dünyadakı güc sahibləri öz təsirlərini artırmaq istəyirlər. ABŞ başda olmaqla, Qərb bütün dünyada onların başa düşdüyü demokratiyaya sahib olmalarını istəyir. İstəyirlər ki, hər yerdə müəyyən bir qaydalar hökm sürsün, həmin qaydalar da bütün dünya üzrə eyni olsun.

– Onların başa düşmək istədiyi qaydalar…?

– Yəni demokratiyalarda müxtəlif yanaşmalar var. Hər halda fakt odur ki, ABŞ-nin gücü təkcə hərbi qüvvə deyil, həm də maliyyəsi, mədəni və siyasi təsiridir. Amma bir də Çin kimi qüvvələr var, daha çox yalnız maliyyəyə əsaslanıb hərəkət edirlər. Rusiya kimi qüvvələr də var ki, zorakılığa əsaslanıb xalqları özlərinə tabe etməyə çalışırlar. Bu mübarizə davam edəcək və son illərin hadisələri də göstərir ki, dünyadakı gərginlik istiqamətləri tədricən Asiyaya doğru hərəkət edir və orda gərginlik artacaq. Böyük qlobal qarşıdurma ABŞ-la Çin arasında gözlənilir, bunu hər kəs bilir. Onların da mübarizə meydanı Avrasiyanın bu hissəsi, Mərkəzi Asiya olacaq. O baxımdan bölgəmizi çox çətin bir dövr, gərgin dönəm gözləyir. Bu dönəmdə hakimiyyətlər də, siyasi elitalar da, düşünən insanlar da, araşdırma mərkəzləri də həddindən artıq diqqətli olmalı və məsuliyyətli davranmalıdırlar.   

– Rusiyanın bütün hallarda son prosesdə daha operativ qərar qəbul etdiyini söyləyənlər var. Ancaq siz ötən ilin oktyabrda mənimlə müsahibənizdə “Rusiya qərar qəbul edə bilmir”, “Rusiya çox çətin qərar qarşısındadır, kənarda da qala bilmir” söyləmişdiniz. Sizə elə gəlmirmi Rusiya barədə belə düşünmək tezdir?

– Rusiya zəifləyə-zəifləyə gedir, bu ölkənin son dövrdəki aqressiv hərəkətləri zəifləməyin nəticəsidir. Yəni gücün əlaməti deyil. Təbii ki, Rusiya kifayət qədər böyük dövlətdir, daha çox hərbi imkanı var, bu dövlətin siyasəti nüvə silahına əsaslanır. Ona görə bu təhlükə qalmaqda davam edir və edəcək. Biz deyəndə ki, Rusiya zəifləyir, bu, o demək deyil ki, sabah, yaxud 1 ay sonra bu məsələ həll olunacaq. Prosesdə zəifləyən Rusiya aqressivliyini artırır, müxtəlif üsullarla, şantajla, ultimatumlarla kənardakıları öz iradəsinə tabe etdirmək istəyir. Böyük dövlətləri Rusiyanın hakim rejimini nəzərə almağa sövq etmək istəyir. Bilirsiniz, bəlkə müqayisə tam uğurlu olmayacaq, amma bir az daha sakit təhlil etsək, demokratiyaya sahiblənmiş dövlətlər, xalqlar hər bir insanın qədrini, qiymətini bilirlər. Onlar insanlarının, əsgərlərinin ölməsini istəmirlər. Və məsələləri harada mümkündürsə, iqtisadi yolla, diplomatiyayla, siyasi danışıqlarla həll etməyə üstünlük verirlər. Amma avtoritar, totalitar rejimlər üçün insan həyatı o qədər də dəyərli deyil. Onlar arxayın şəkildə qüvvə yeridirlər, toqquşmalara gedirlər, öz əsgərlərinin qırılmasına da göz yummağa hazır olurlar. Yəni Rusiyanın üstünlüyü gücündə deyil, öz vətəndaşlarını qırğına verməyə hazır olmasındadır. Necə ki, 1979-cu ildə Əfqanıstanda rəsmi rəqəmlərə görə 15 min hərbçi itirdilər. Faktiki olaraq, Əfqanıstanda elə vəziyyət yaratdılar ki, bu ölkə indiyə qədər sabitliyə nail ola bilmir. Postsovet məkanında – Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycanda ciddi problemlər yaratdılar ki, indi də bu xalqların öz qərarlarını müstəqil şəkildə qəbul etməyə imkan vermirlər. Təbii ki, bu təzyiq Rusiya tərəfindən davam edəcək, amma bunun cavabı Moskvanın ultimatumlarına tabe olmaq deyil, bunun cavabı insan azadlıqlarını, siyasi-iqtisadi azadlıqları artırmaq, xalqın hakimiyyətə sahiblənməsinə razılaşmaqdır. Nəhayət, demokratik ölkələrin dünya miqyasında əməkdaşlığı, birliyidir, münasibətlərin inkişafıdır. Yol budur, bütün başqa üsullar sadəcə, növbəti çıxılmaz situasiyalara apara bilər.         

– Qazaxıstanda müxalifət yoxdur, amma iqtisadi azadlıqların Azərbaycanla müqayisədə daha geniş olduğu deyilir. Eyni vaxtda, yeni ilin ilk günlərində Azərbaycanda da qiymətlər atdı. Məsələn, çörəyin qiyməti. Amma əhali dükanlara üz tutdu, nəinki etiraz etdi. Yaxud yanacağın qiyməti artanda insanlar yanacaqdoldurma məntəqələrinə gedir. Qazaxıstanda isə əksinə oldu. Bu fərqin siyasi-psixoloji tərəfləri nədən ibarətdir?

– Səbəblər çox ola bilər, təbii ki, xalqların təcrübələri, məsələlərə münasibətləri, miqyaslar fərqlidir. Qazaxıstanın ərazisi də Azərbaycandan qat-qat böyükdür, təbii sərvətləri də çoxdur. Ola bilər ki, belə böyük dövlətdə tam monopoliya qurmaq o qədər də rahat deyil. Böyük gəlir gətirən sahələri monopoliyaya alınıb, digər sahələrdə iqtisadi azadlıqlar mövcuddur. Məndə də Qazaxıstanla bağlı elə məlumatlar var. Azərbaycanda etiraz olmayıb söyləmək də olmaz. Son 10 ili götürsək, iqtisadi böhran illərində müxtəlif bölgələrimizdə etirazlar olub. Sadəcə, bizdəki bir rayonun miqyasıyla siz Qazaxıstandakı böyük vilayətlərin miqyasını müqayisə etməyə məcbur olacaqsınız. Miqyas orda çox böyükdür. Azərbaycanda da həmin etirazlar olub, amma çox qəddarcasına yatırdılıb. İndiki mərhələdə Azərbaycan cəmiyyəti daha çox gözləmə mərhələsindədir, bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri kimi 44 günlük savaşdan sonra cəmiyyət hakimiyyətin daha məsuliyyətli davranacağı və ictimaiyyətə doğru müəyyən addımlar atacağına müəyyən bir ümidlərin yaranmasını göstərmək olar.                

– Düzdür, yekundakı son sualıma müəyyən qədər cavab verdiniz, yenə də konkretləşdirək, Qazaxıstandakı sosial etirazlar digər postsovet ölkələri üçün presedent yarada bilərmi? Məsələn, Azərbaycanda da belə etirazlar gözlənilirmi? Prezident də yerli telekanllara müsahibəsində çörəyin qiymətinin qalxmasının qaçılmaz olduğunu dedi və hətta 10 milyard dollar itirildiyini də əlavə etdi. İstəyirəm, bu fonda suala cavab verəsiniz…

– “Əhali nə vaxt ayağa qalxır” sualı elmin cavab verə bilmədiyi sualdır. “Ərəb baharı” Tunisdə bir göyərti satanın özünü yandırmasıyla başladı. Müxtəlif ölkələrdə bir çox belə halların şahidi olmuşuq. Azərbaycanın müxtəlif bölgələrində sosial etirazlarla başlanan xalq hərəkatlarının müəyyən bir mərhələsi olub. İndi Qazaxıstanda elə bir hadisə baş verdi. Bunu hesablamaq mümkün deyil.

– Ancaq Samuel Hantinqton 25 il əvvəl yazdığı “Sivilizasiyaların toqquşması” əsərində ehtimal edirdi ki, Ərəbistanda və postsovet məkanında yeni nəsil yetişir və onlar etiraz edəcək…

– Bu cür fikirlər çoxdur və Hantinqton da çox ağıllı adam olub, çox önəmli açıqlamalar verib, yazılar yazıb. Axı bu hadisələr qeyri-adi bir hadisə deyil. Tutaq ki, İran barədə deyirdilər ki, islam inqilabı tamamlandı, 20-30 ildən sonra yeni nəsil yaranacaq və yeni bir proseslər gedir. Faktiki olaraq, yeni nəsil yarandı və müəyyən proseslər də getdi. Amma hələ ki, köklü bir dəyişiklik olmayıb. Eləcə də Azərbaycanda və digər ölkələrdə bu sadəcə, nəsil söhbəti deyil. Təbii, bu da önəmlidir, yeni nəsillər gəlir, tamamilə müstəqillik dövründə yetişmiş gənclik ortaya çıxır. Dünyaya internet və səfərlər vasitəsilə yayıla bilən, dünyanı dərk edən nəsil yetişir. Ancaq deyə bilərsinizmi, Azərbaycanda gənclik xalq hərəkatı veteranlarına nisbətən daha fəaldır? İndi nə deyək, Hantiqton səhv edir, yaxud onun nəzəriyyəsi Azərbaycanda işləmir? Ona görə də bu cür müddəalarla prosesləri mütləq möhürləmək o qədər də səmərəli yol deyil. Azərbaycan xalqı kifayət qədər müdrik və təcrübəli xalqdır və xalqımız hər cür sınaqlardan, çətinliklərdən keçib, öz iradəsini də hər zaman ortaya qoyub. Dəfələrlə bu fikri ifadə etmişik ki, xalqımız hər dəfə ilk imkan yaranan kimi müstəqil bir dövlət olmağı hədəfləyib və iradəsini ortaya qoyub. Azərbaycan xalqı imkan olanda öz iradəsiylə hakimiyyətini müəyyənləşdirmək əzmində olduğunu nümayiş etdiribdir. İndi həmin enerjinin yığılması prosesi gedir və bu hadisə nəylə bitəcək, heç kim 100 faiz şəklində deyə bilməz. Müəyyən ekspertlər var, söyləyirlər ki, şahmatçıların söhbəti olmasın deyə ya birinci adam udacaq, ya ikinci, ya da heç-heçə olacaq. Hər üç proqnozu verirlər, sonra onlardan biri həyata keçməyəndə deyirlər ki, bunu demişdim. Mən o adamlar kimi danışmaq istəmirəm. Ancaq hər halda görünən odur ki, iki variantdan biri olacaq. Mənim arzuladığım variant Azərbaycanda proseslərin təkamül yoluyla getməsi, xalqın iradəsinin ortaya çıxmasına imkan verilməsidir. Hesab edirəm ki, Azərbaycanda dəyişikliklərə başlamağın yolu həqiqi bir parlament seçkisindən keçir. Normal, xalqın iradəsiylə formalaşan parlament Azərbaycanın bütün problemlərinin həllinə açar ola bilər. İddia etmirəm ki, problemlər o saat həll olunar, ancaq problemlərin həllinə açar olar. Və belə bir parlament ölkədə rüşvətxorluğun, korrupsiyanın, monopoliyanın aradan qalxmasına, iqtisadi-siyasi, mətbuat, söz azadlığının bərqərar olmasına şərait yaradar, yön verə bilər. Təbii ki, bu yolda demokratik düşərgədən daha çox hakimiyyətdən çox şey asılıdır. Hakimiyyət nəzəri cəhətdən addımlar ata bilər. Hər halda heç kim üçün sirr deyil ki, Qazaxıstanda böhran dövründə siyasi qüvvə ortaya çıxa bilmədi. Buda Nazarbəyovların, Tokayevlərin siyasətinin nəticəsidir ki, ölkədə azad siyasi qüvvələr, mövqeyi olan partiyalar yoxdur. Azərbayanda demokratik düşərgəyə nə qədər zərbələr vurulsa da, partiyalar var, araşdırma mərkəzləri, düşünən insanlar, jurnalistlər var. Onlar da mövqelərini bildirib təkliflərini verirlər. Hər halda Azərbaycandakı problem hakimiyyətdəki problemdir, müxalifətdəki problem deyil. Dediyim kimi birinci üstünlük verdiyim variant təkamül yoludur, bu, gerçək parlament seçkisi olmalıdır, daha 2020-ci ildəki yox. Bu olmayacaqsa, hansısa mərhələdə sosial narazılıqdan başlayan siyasi kəskinləşməyə gedən qarşıdurmaları inkar etmək mümkün deyil. Mən istəmirəm ki, Azərbaycanda Qazaxıstan hadisələri o şəkildə təkrar olunsun, qarşıdurma, toqquşmalar, insanların ölümü, minlərlə insanların həbsi… Prinsip etibarıyla Azərbaycan bunun müəyyən formalarını yaşayıb. Mən istəyirəm ki, Azərbaycanın inkişaf yolu belə olmasın.

Ana səhifəVideoİsa Qəmbər: “Dünyadakı gərginlik tədricən Asiyaya doğru hərəkət edir”