Onlar ölkədə iğtişaşları qızışdırmaqda ittiham olunurlar
İranda etiraz hərəkatı ilə həmrəylik ifadə edən və rejimə qarşı açıq-aşkar itaətsizlik aktı olaraq ictimai yerlərdə hicablarını çıxaran iki aktrisanın – Henqame Qaziani və Katayun Riahinin həbs edildiyi bildirilir.
İranın dövlət mediası “İRNA” Henqame Qazianinin “iğtişaşları qızışdırdığına və dəstəklədiyinə, habelə müxalifət mediası ilə əlaqə saxladığına görə”, – həbs edildiyini bildirib.
Aktrisa Henqame Qaziani 2022-ci il noyabrın 19-da “İnstagram”ında saçları açıq şəkildə videosunu paylaşıb.
Videoda Qaziani danışmadan kameraya baxır və daha sonra arxasına çevrilərək, saçlarını “at quyruğu” formasında yığır.
O, posta belə bir şərh yazıb:
“Bəlkə də, bu, mənim son paylaşımım olacaq. Bu andan etibarən başıma nə gəlirsə-gəlsin, bilin ki, həmişə olduğu kimi son nəfəsimə qədər İran xalqının yanındayam”, – qeydini yazıb.
Qaziani ötən həftə etdiyi digər paylaşımında isə İran hökumətini “uşaq qatili” adlandırıb və 50-dən çox uşağın ölümünə görə məsuliyyət daşıdığını bildirmişdi.
Aktrisa Katayun Riahinin də ixtişaşları qızışdırma ittihamı ilə həbs edildiyi bildirilir.
Katayun Riahini xeyriyyə işləri ilə tanınır.
O, sentyabrda Londonun İran Beynəlxalq televiziyasına hicabsız müsahibə verib.
O, 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranı bürümüş etirazlarla həmrəy olduğunu bildirib, həmçinin hicabın məcburi geyinilməsinin əleyhinə çıxış edib.
Daha öncə iranlı aktrisa Təranə Əlidusti də ölkədəki etiraz aksiyalarına dəstək olaraq hicabsız fotosunu paylaşmışdı.
2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Amini üç gün sonra xəstəxanada vəfat edib.
İran hakimiyyəti təkzib etsə də, çoxu gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.
“The Guardian” İranda ölkə hakimiyyətinə qarşı etirazlar başlayandan bəri ən azı 58 uşağın həyatını itirdiyini yazır.
İranın İnsan Haqları Təşkilatı (HRA) bildirib ki, ölkədə baş verən iğtişaşlar nəticəsində 47-si uşaq olmaqla azı 378 nəfər həlak olub.
İran səlahiyyətliləri nümayişlərlə əlaqədar altı nəfəri ölüm cəzasına məhkum edib.
“Amnesty International” isə ən azı 21 nəfərin ölüm cəzası ala biləcək cinayətlərdə ittiham edildiyini bildirib.
İranın səlahiyyətliləri etirazları “iğtişaşlar” kimi xarakterizə və ölkənin Qərb düşmənlərini onları qızışdırmaqda ittiham edir.