İranlı aktrisadan etirazlara dəstək: hicabsız fotosunu yayıb

“dailymail.co.uk”

Təranə Əlidusti “Qadın, həyat, azadlıq” yazılan pankart qaldırıb

İranlı aktrisa Təranə Əlidusti ölkədəki etiraz aksiyalarına dəstək olaraq hicabsız fotosunu yayımlayıb.

Aktrisa üzərində kürd dilində “Qadın, həyat, azadlıq” yazısı olan pankart qaldırdığı fotosunu “İnstagram” səhifəsində yerləşdirib.

“Qadın, həyat, azadlıq” – 2022-ci il sentyabrın 18-dən İranda milliyyətcə kürd olan gənc qadın Məhsa Amininin ölümü ilə əlaqədar keçirilən aksiyaların əsas şüarıdır.

2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Amini üç gün sonra xəstəxanada vəfat edib.

Mənbə: dailymail.co.uk

İran hakimiyyəti təkzib etsə də, çoxu gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 300 nəfərə yaxın adamın ölümü, 14 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir.

Təranə Əlidustinin daha öncə İranda küçədə hicab taxmayan bir qadına hücum edən əxlaq polisinin videosunu paylaşdığına görə 5 aylıq həbs cəzasına məhkum edildiyi məlumdur.

“Daily Mail” nəşri yazır ki, 2017-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatını qazanmış “Satıcı” (rejissor Əsgər Fərhadi) filmində rol alan 38 yaşlı aktrisa bu dəfə də eyni aqibətlə üzləşə bilər.

Dünya mətbuatı aktrisanı “İranın Natali Portmanı” adlandırır. 

O, “Satıcı” filminin mətbuat konfransında feminist döyməsini nümayiş etdirməsi böyük səs-küyə səbəb olmuşdu.

Təranə Əlidusti futbolçu Həmid Əlidustinin qızıdır. 

1956-cı il təvəllüdlü Həmid Əlidusti 1975-1995-ci illərdə İranın müxtəlif futbol komandalarında oynayıb. 

1977-1986-cı illərdə İran milli komandasının formasını geyib, 2000-2016-cı illərdə məşqçilik fəaliyyəti ilə məşğul olub.

Ana səhifəMədəniyyətİranlı aktrisadan etirazlara dəstək: hicabsız fotosunu yayıb