İqtisadçı: “Bahalaşma ilə bağlı elementar hesablamalar da İlham Əliyevi təkzib edir”

Kavaei07/shutterstock

Natiq Cəfərli: “Bəs yağ, çay, şəkər, tərəvəz, meyvə, gündəlik təlabat malları… Bunların da qiyməti kəskin artıb axı”

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziyalara müsahibəsində yanvarın əvvəlində artan çörək və unun qiymətindən danışıb.

O, qiymət artımını qaçılmaz hesab edib.

Əliyev bildirib ki, bu, dünyada taxılın, buğdanın qiymətinin kəskin artması ilə bağlıdır.

Əsas da Rusiyanın ixrac rüsumlarını artırması Azərbaycanda unun qiymətinin bahalaşmasına gətirib çıxarıb:

“Biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın”.

Prezident vurğulayıb ki, sosial paket həyata keçirilməsi nəticəsində minimum əməkhaqqı və pensiya 20 faiz artıb. Bu, 1,5 milyard manat vəsaitə başa gəlib və 2 milyondan çox insanı əhatə edib.

Nemət Əliyev
Foto: Meydan Tv

İqtisadçı Nemət Əliyev Prezidentin dedikləri ilə razı deyil.

Onun sözlərinə görə, aparılan elementar hesablamalar da İlham Əliyevi təkzib edir və göstərir ki, buğdanın bahalaşmasından yaranan əlavə xərcləri qarşılamaq üçün Azərbaycanın yetərincə imkanları olub:

“Təkcə ixrac mallarının 11 aylıq bahalaşması hesabına ötən il 11 milyard manata yaxın təmiz qazanc götürülüb. 11 aylıq ixrac 19,8 mlrd dollar, bahalaşma faizi isə 46,7 faizdir. Bu qazancın təkcə 10,4 milyard manatı neft-qaz bahalaşmasından əldə olunub”.

İqtisadçı bildirib ki, 2021-ci ilin ilk 11 ayında buğda idxalına 290 milyon dollara yaxın vəsait xərclənib.
Bahalaşma və rüsum artımları bu məbləği ən yaxşı halda 25-30 milyon dollar, yuxarısı 50 milyon dollara artıra bilər: “Bu məbləğ 11 milyardla müqayisədə çox kiçikdir. İxrac etdiyimiz neft-qaz bahalaşmasından əldə olunan qazancla nəinki buğdanın, hətta bütün məhsul bazarının bahalaşmasından yaranan əlavə xərcəri kompensasiya etmək olar”.

Prezidentin təqaüd və maaşların artırılması ilə bağlı açıqlamasına gəlincə, iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində qeyd edir ki, çörəyin qiymətinin artmasını minimum əməkhaqqının 50 manat, maaş və təqaüdlərin isə 10-15 faiz qalxması kompensasiya edə bilər:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Bəs yağ, çay, şəkər, qarabaşaq, tərəvəz, meyvə, gündəlik təlabat malları, məişətdə istifadə olunan kimya məhsulları, gigienik vasitələr, kommunal xidmətlərin artımını nə kompensasiya etsin? Bunların da qiyməti kəskin artıb axı… İndi camaat nə etsin, evini təmizləməsin, çimməsin, dişini yumasın, kommunal xidmətlərdən istifadə etməsin, sadəcə, çörəyi çörəklə yeyərək dua etsin ki, bu nemətin qiymətinin artmasını hökumət kompensasiya edib?”

Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycan ərzaq buğdasına olan tələbatının 30 faizini daxili istehsalla ödəyə bilir.

Qalan 70 faiz tələbat ixracın ümidinədir. Elə ona görə də idxal ölkəsinin ixraca tətbiq etdiyi rüsumların Azərbaycanda qiymətlərin dəyişməsinə təsiri olur.

2022-ci ilin əvvəlində Azərbaycanda çörəyin və ərzaq buğdasının qiymətinin 30 faiz bahalaşmasının da idxal ölkəsi Rusiyada vergilərin artırılması ilə əlaqəsi var.

Ana səhifəSosialİqtisadçı: “Bahalaşma ilə bağlı elementar hesablamalar da İlham Əliyevi təkzib edir”