İqtisadçı Azər Mehtiyev: “2022-ci il inflyasiya ili olacaq”

“Kifayət qədər ağır büdcədir və iqtisadi baxımdan da ilin ağır gələcəyini göstərir”
Cari ilin və gələn ilin sosial-iqtisadi durumu adətən dövlət büdcəsinin gəlirləri, xərcləri baxımından təhlil edilir. İqtisadçı Azər Mehtiyevlə söhbətimizdə diqqəti daha çox bu istiqamətə yönəltməyə çalışdıq.  

– Azər bəy, 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin, xüsusilə maaş və müavinətlərin artımı ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Hər il dövlət büdcəsinin müzakirələri gündəmə gələndə ortaya çıxan əsas sual sosial xərclərin nə qədər artması haqda olur. Təbii ki, hər il dövlət büdcəsində xərclərin atmasıyla bağlı müəyyən qərarlar qəbul edilir. Necə ki, 2022-ci ilin büdcəsində də var, amma bunun məbləğinin müəyyən edilməsinin prinsipləri önəmlidir. Hələ də Azərbaycanda ortaya qoyulmuş siyasi sənəd yoxdur ki, hansı hallarda və hər il nə qədər artırıla bilər və bu artımı müəyyənləşdirən elementlər nədən ibarətdir? Bunun nəticəsidir ki, müxtəlif illərdə büdcənin müzakirələri mərhələsində, yaxud büdcə qəbul olunduqdan sonra birdən-birə dövlət başçısının müəyyən sərəncamları olur. Söhbət sosial istiqamətdə əmək haqlarının artırılması qərarlarından gedir. Bu baxımdan bir sistemsizlik hökm sürür, yəni əvvəldən proqnozlaşdırıla bilən siyasət yoxdur. İkincisi, hər il sosial xərclərin artması zamanı ilk növbədə əvvəlki ilin inflyasiya səviyyəsi, gəlirlərin kompensasiya olunması, həm də növbəti il də gözlənilə bilən inflyasiya səviyyəsi nəzərə alınır ki, insanların əldə olunan real gəlirləri azalmasın. Nominal gəlirlərin artımı eyni zamanda bizə real gəlirlərin təsir etməsindən asılıdır. Bu baxımdan gələn ilin dövlət büdcəsi üçün orta artım səviyyəsi əmək haqqı üzrə təqribən 20 faizdən bir qədər çox olsa da, bütövlükdə bu nə dərəcədə cari ildə baş vermis inflyasiya səviyyəsini örtə biləcək sualı önəmlidir. Həm də gələn il baş verəcək inflyasiya proseslərini kompensasiya etmək sualına cavab vermək kifayət qədər mürəkkəbdir. Ona görə ki, ən azı gözləntilərimiz real gəlirlərin azalacağını göstərir. Nominal gəlirlər artsa da, real gəlirlər azalacaq.        

– Ancaq deputatlar 2022-ci ilin büdcəsinin artımını “rekord” adlandırırlar. Bu artımlar hansı xərclərdə özünü göstərir və gedişat pandemiyada artan yoxsulluğu, bahalaşan qiymətləri kompensasiya edə biləcəkmi?

– Əvvəla, deputatlar büdcə artımını rekord səviyyəli adlandırmaqla bir qədər populizmə gedirlər. Ona görə ki, normal ölkələrin hər növbəti il büdcəsi əvvəlki ildən artıq olmalıdır. Yəni bu bir meyldir. Azərbaycanda 2015-2016-cı illər əsas götürülərsə, həmin illər böhran illəri idi və adətən belə illərdə artım az olur. Amma “inkişaf edən ölkəyik” deyiriksə, bu, mütləq özünü büdcədə göstərməlidir. Büdcəmizdə isə heç bir rekord artım yoxdur, cəmi 5,5 faizlik bir artım var ki, bu, ciddi rekord göstərici deyil. Hətta ÜDM-nin artımıyla da uzlaşır. Məncə, bu cür bəyanatlar YAP-nın siyasi təbliğatına yönəlib. Bütövlükdə büdcədəki durum iqtisadi baxımdan qiymətləndirilsə, kifayət qədər ağırdır. Ona görə ki, gələn ilin büdcəsində ən azı cari xərclər 20 milyard manata yaxındır, dövlət büdcəsinin Neft Fondundan transfer olmadan gəlirləri isə 14 milyard civarındadır. Bu, o deməkdir ki, dövlət büdcəsinin Neft Fondunun transferi olmadan gəlirləri onun cari xərclərinin yalnız 70 faizini ödəmək iqtidarındadır. Bu mənada kifayət qədər ağır büdcədir və iqtisadi baxımdan da ilin ağır gələcəyini göstərir.     

– Prezident 2022-ci ilin yanvar ayından etibarən maaş və pensiyaların, müavinətlərin artımı ilə bağlı sərəncam verdi. Bu artım 2021-ci ilin bahalaşması ilə nə dərəcədə adekvatdır?

– Burda bir neçə ziddiyyətli məqam var. Birincisi, elan olunan inflyasiya göstəricilərinə baxaq. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, inflyasiya göstəriciləri 500-dən çox məhsul növünə əsaslanır. Elə bunun əsasında da illik inflyasiya göstəricilərini təqdim edirlər. Ancaq eyni zamanda, ilin əvvəliylə müqayisədə Azərbaycanda bu il elan olunmuş inflyasiya 10 faiz səviyyəsinə çatıb. Dünyada da inflyasiya prosesləri gedir, Azərbaycan idxaldan asılıdır. ABŞ-ın elanından növbəti illərdə dolların möhkəmlənməsi gözlənilir. Bütün bu proseslər 2022-ci ilin inflyasiya ili olacağını göstərir. Əhalinin də inflyasiya gözləntiləri yüksəkdir. Əgər bu il təqribən inflyasiya ortalama ikirəqəmlin səviyyəyə çatıbsa, gələn il yenə ikirəqəmli səviyyədə olacağı şübhəsizdir. İkincisi, ən vacib məqam, bütün 545 məhsul növü üzrə deyil, əhalinin ən çox istehlak etdiyi ərzaq məhsulları və kommunal xidmətlərin də qiymətlərində yanvardan artım baş verə bilər. Belə bir halda xüsusilə ən vacib ərzaq paketi üzrə qiymət artımının 20-25 faiz olması müşahidə olunur. Təəssüf ki, alternativ imkanlarımız məhdud olduğundan bununla bağlı dəqiq araşdırmamız yoxdur. Ancaq bütün hallarda ən vacib məhsullar üzrə 20-25 faizlik artım görürüksə, deməli, prezidentin məlum sərəncamları qiymət artımlarını kompensasiya etmək iqtidarında deyil. O baxımdan real gəlirlər azalacaq. Diqqət etdinizsə, Əmək və Sosial Müdafiə Nazirliyi bütün pensiyaların yenidən yoxlanılacağını bəyan edib və xeyli sayda pensiyalardan məhrum edilmiş insanlar da var. Bunu da nəzərə alsaq, əhalinin sosial vəziyyətində gərginlik baş verəcək. 

Dövlətin Strateji Yol xəritəsində, iqtisadi islahalatlarla bağlı bir sıra sənədlərdə büdcənin və ÜDM-in neftdən asılılığının azaldılması əsas hədəf olaraq ortaya qoyulub. Bu baxımdan 2022-ci il ilin dövlət büdcəsində qarşıya qoyulmuş hədəfləri necə görünür?

– Əvvəldə dedim, Azərbaycanda Dövlət Neft Fondundan dövlət büdcəsinə ən çox transfer 2022-ci ildə olacaq. Bəli, 2015 və 2016-cı illərin böhranından sonra hökumət qarşısına Strateji Yol Xəritəsi adlanacaq vəzifələr qoydu, məqsəd Neft Fondundan transferlərin tədricən azaldılması idi. 2012-ci il ən böyük transfer məbləği idi, təqribən 12 milyard manat civarında. 2016 və 2017-ci ildə 6 milyard manata yaxın azalma oldu. 2018-ci ildə artıq neftin dünya bazarında qiyməti qalxanda hökumət hətta büdcə qaydası təsdiqlədi ki, Neft Fondundan büdcəyə transferlərə nəzarət etsin və məhdudiyyət qoysun. Amma bu məhdudiyyətdən əvvəl elə həmin il transfer məbləğini artırdı ki, ondan sonra azalmağa doğru getsin. Ancaq iş elə gətirdi ki, bundan sonra azalma baş vermədi, əksinə, ildən-ilə Neft Fondundan transferlər artırıldı. Hətta 2022-ci ilin dövlət büdcəsinin Maliyyə Nazirliyində ilkin elan olunan göstəricilərində bu illə müqayisədə transferlərdə bir qədər azalma müşahidə edilməsi gözlənilirdi. Amma sosial baxımdan durum bir qədər dəyişəndə transferlərin məbləği artdı və gələn il üçün fonddan büdcəyə 12.7 milyard manat transfer olacaq. Bu, büdcə gəlirlərinin 49.7 faizinə bərabər rəqəmdir, demək olar yarısı yalnız transfer hesabınadır. Ancaq bütövlükdə neft gəlirlərinin dövlət büdcəsində payı təxminən 55 faiz civarındadır. Bu, çox yüksək göstəricidir. Düzdür, 2012-2013-cü illərdə bu pay 74 faiz civarındaydı, təbii həmin illərlə müqayisədə azalıb. Amma bütövlükdə göstərdiyim rəqəm dövlət büdcəsinin Neft Fondundan çox yüksək asılılığını göstərir. Beləliklə, neftin qiymətində hər hansı azalma ən azı həmin ildə olmasa da, növbəti illər üçün dövlət büdcəsinə ciddi problemlər yaradar. Nəzərə alın ki, gələn ilin dövlət büdcəsində cari xərclərin üzərinə dövlət borcuna xidmət xərclərini gəlsək, təqribən 21.8 milyard manatlıq vəsait yaranır. Ancaq fondun transferi olmadan büdcənin gəlirləri 14 milyar dollardır. Çox böyük bir kəsir var və bu da hökumətin imkanlarını məhdudlaşdırır.

– Hökumət işğaldan azad olunmuş ərazilərdə xüsusi konsepsiya ilə yanaşdıqlarını bəyan edir. Gələcəkdə o bölgələrdə iqtisadi aktivliyi yaratmaq üçün hansı addımlar atılmalıdır?

– Təbii ki, işğaldan azad olunan ərazilərin bərpası prioritet sahələrdəndir və hökumət də bunu bəyan edib. Amma burda fərqli yanaşma da olmalıdır. Çünki minalardan təmizləmə işi davam etdiyindən və hələ qarşıda məskunlaşma olacağını nəzərə aldıqda proses uzun çəkəcək. Bəli, xüsusi konsepsiya qeyd olunur, amma onun konseptual detalları bəlli deyil, hələ üzərində iş getdiyi deyilir. Müəyyən istiqamətlərdə yaşıl zonaların elan olunması, ağıllı kəndlərin və ağıllı şəhərlərin salınması elan edilib. Amma bunlar “vəsaitimiz var, texnologiya alıb quraşdıracağıq” deməklə həllini tapmır. Ağıllı kənd və digərləri bir idarəetmə konsepsiyalarıdır və yalnız hansısa texnologiyalar hesabına təmin edilməsi mümkün deyil. Bunun üçün institusional şərtlər və insan davranışlarını dəyişmək lazımdır. Həm də bütün cilalanmış idarəetməni təmin etmək üçün iştirakçılıq və şəffaflıq mexanizmləri olmalıdır. Bu mexanizmləri hərəkətə gətirmədən yalnız “ağıllı kənd, ağıllı şəhər yaradacağıq” demək görüntü xatirinədir. Bilirsiniz, Avropadan ağıllı kənd şəkillərini qoymaqla deyil, o formanı vermək olar. Sadə bir misal çəkim, kiminsə ayaqqablarını geyinib yerimək olar, amma onun yerişini yerimək olmaz. Çünki yerişi verən insanın özünün davranışlarıdır, ayaqqabı deyil.  

– İşğaldan azad olunmuş ərazilərə xarici investisiyalar cəlb etmək istəyən hökumətin tender siyasəti nə dərəcədə şəffafdır? Məsələn, Füzuli aeroportunun nə tenderi bilindi, nə də xərcini hansı maliyyə mənbəyindən olduğu məlumdur. Hətta ABŞ səfiri çağırış etmişdi ki, açıq tender olsa, Amerika şirkətləri də maraqlana bilər.

– Təbii ki, dövlət satınalmalar məsələsində şəffaflıqla bağlı çox ciddi problemlər var. Hətta elektron satınalmalar portalı işə salınıb, müəyyən təbliğat işləri aparılsa da, yenə insanların gücü texnologiyalardan yan keçməyə və istənilən manipulyasiyalara imkan verir. Bu baxımdan dövlət satınalmaları çox önəmlidir. Amma dövlət satınalmalarının şəffaflığının təmin edilməsi ilə yanaşı ən vacib məsələ bütövlükdə investisiya mühitidir. Əgər yerli investisiyalar ölkə iqtisadiyyatına yönəlməyə maraq göstərmirsə və Ukraynaya, İrana, ümumiyyətlə, xaricə qaçırsa, ümumiyyətlə, hökumətə etibar etmirsə, xarici investor niyə etibar etsin?! İkinci, bunun yaxşı nümunəsini göstərim, Ələtdə xüsusi iqtisadi zona yaratdılar, amma orada yerli məhkəmələr deyil, xaricdən gətirməklə beynəlxalq məhkəmələr fəaliyyət göstərəcək. Bu investorların güvənini artırmaq üçündür. Amma belə bir mənzərə Azərbaycanda məhkəmə sisteminin hansı vəziyyətdə olduğunu göstərir. İstənilən ölkədə biznesin inkişafı, investorun gəlməsini təmin edən amillər qanunçuluqdur və müstəqil məhkəmələrdir. Bu, mülkiyyət toxunulmazlığı, insan haqları deməkdir. Burda söhbət vətəndaşın evinin əlindən zorla alınmasından getmir. Toxunulmazlıq dedikdə, insanların əldə etdiyi gəlirlərin ən azı sosial məsuliyyət, müxtəlif fondlara yardımlar adı altında və yaxud icra başçılarının daxili mənbələri adlandırmaq hesabına onların əlindən alınmasına son qoyulmasıdır. Bu, baş verməyincə, nəinki xarici investorlar, yerli investorlar da etibarı qoruya biləcək müəyyən əlaqələrə malik deyilsə, öz vəsaitini ora yönəltməkdə maraqlı olmayacaq.

Ana səhifəVideoİqtisadçı Azər Mehtiyev: “2022-ci il inflyasiya ili olacaq”