İqbal Ağazadənin fikirləri etiraz doğurdu

“İnsafən, “üfüqdə təhlükəni” duymaq və ona uyğun manevr etmək baxımından İqbal bəyin fantaziyası hüdudsuzdur”

Source:



Ramis Yunus: “Biri deputat mandatı, digəri yeni binalarda ev və qrant almaq ümidi ilə, bəziləri isə şəxsi biznes sahibi olmaq üçün belə addım atır”





Cəmil Həsənli: “Ümid liderinin fikri gələcək mandata ümid bəsləməyin kiçicik bir təzahürü, “dövlətçilik” dalğasında hakimiyyətə xidmətin açıq bir anonsudur”





Samir Kazımlı: “İqbal bəy həm də bilməlidir ki, insan haqları, o cümlədən siyasi məhbus məsələsi dövlətin, Azərbaycanın daxili işi deyil, beynəlxalq səviyyəli bir məsələdir”



Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Meydan TV-yə müsahibəsində


səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Belə ki, millət vəkili müsahibəsində Milli Məclisin Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr haqda bəyanatına imza atmasını belə əsaslandırıb: “Mən təkcə “125-lər” Siyasi Klubunun üzvü kimi yox, millət vəkili, partiya sədri kimi də həbsdə olan və azad olunmasını istədiyimiz kifayət qədər insan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı mövqeyimi ifadə etmişəm. Lakin parlamentin həmin bəyanatına imza atmağımın da özəl səbəbləri var. Əvvəla, Avropa Oyunlarından Azərbaycana qarşı istifadə etmə cəhdlərini qəbul etmirəm. Çünki mənim üçün Azərbaycanın dövlət və Avropa məkanında olma maraqları var. Mən bu maraqları nəzərə alır və hesab edirəm ki, Avropa siyasi coğrafiyasında baş verən hər hansı tədbirdə iştirak, yaxud idman oyununun, elmi konfransın keçirilməsi nəticə etibarıyla Azərbaycanın Avropa siyasi coğrafiyasında qalmasına şərait yaradır. Bu tipli məsələlərdə Azərbaycanın üzərinə gələn və sıxışdırmağa meyl edən ayrı-ayrı qrupların maraqlarıdır”.


“Vətənpərvərlik yaramaz insanların son sığınacaq yeridir”

Hazırda Amerikada yaşayan politoloq Ramis Yunus İqbal Ağazadənin fikirlərinə münasibətini Meydan TV-yə göndərib.  Politoloq hesab edir ki, millət vəkili bu sözləri təkrar mandat almaq üçün deyir: “Alman filosofu Nitsşenin sözu var: “Məzmunu olmayan insanlar hər zaman yalan danişmağa məcbur olur”. Əfsuslar olsun, son zamanlar, deqradasiyaya uğramış Azərbaycanda belə insanlar çoxalıb və mən buna təəccüblənmirəm. Çünki bütün ölkə bu gün sanki alverxanaya dönüb. Biri deputat  mandatı, digəri yeni binalarda ev və qrant almaq ümidi ilə, bəziləri isə şəxsi biznes sahibi olmaq üçün belə addım atır. Adətən mən belə insanlara fikir vermirəm, çünki hər insan özü öz taleyini yaşamalıdır. Bunlardan biri də parlamentə iqtidar tərəfdən təyin olunmuş “millət vəkili” İqbal Ağazadədir. Bu adam Azərbaycanın  ən vicdanlı insanlarını – hansı ki bu gün bütün sivil dünya onları siyasi məhbus kimi tanıyır – cinayətkar  adlandıran bəyanata imza atıb.

Bu azmış kimi musahibə verir ki, siz məni düzgün anlamadınız. Necə yəni düzgün anlamadiq  sizi, İqbal bəy? Ataların sözü var: “Eşşəyə minmək bir ayıb, düşmək isə iki ayib”. Sən demə, adam siyasi məhbusları cinayətkar adlandıran parlament  sənədinə ona görə imza atıb ki, “bizim müstəqilliyimiz üçün təhlükə varmış”.

Azərbaycana müstəqillik gətirən insanlardan biri kimi, həm İqbal Ağazadə cənablarına, həm də onun kimi bəyanata imza atanlara bu sözləri deməyi özümə borc bilirəm: Vətənimizə bu müstəqilliyi gətirən insanlar sizin kimi siyasətçilərin ucbatından bu gün Əliyev rejimi tərəfindən müxtəlif  təqiblərə məruz qalıb, minlərlə insan məcbur olub ölkəni tərk edib, nə qədər ziyalı zindanlarda əziyyət cəkir. İndi siz “ağazadələr” bizlərə vətənpərvərlikdən dərs kecmək istəyirsiniz?

Vaxtilə ingilis  şairi Samuel Jonson belə söz işlətmişdi: “Vətənpərvərlik yaramaz insanların son sığınacaq yeridir”.  Bu sözləri yadda saxlamaq lazımdır”.





İnsafən, “üfüqdə təhlükəni” duymaq və ona uyğun manevr etmək baxımından İqbal bəyin fantaziyası hüdudsuzdur”

Milli Şuranın sədri Cəmil Həsənli müsahibəyə münasibətini öz Facebook səhifəsində açıqlayıb: “Müsahibədə qırmızı xətlə keçən “müstəqillik təhlükədədir” tezisi haqqında: Bəri başdan deyim ki, Cümhuriyyəti yenidən itirmək təhlükəsi ilə cəmiyyəti qorxutmaq, “müstəqillik təhlükədədir” dumanında vətənpərvərlik nümayiş etdirmək seçki ərəfəsində hakimiyyətin işinə yaramağın bir vasitədir. Sən demə, adam siyasi məhbusları cinayətkar adlandıran parlament sənədinə ona görə imza atıb ki, müstəqillik üçün təhlükə varmış. SSRİ dağılandan sonra 24 il ərzində onun yerində bərqərar olmuş hansı cümhuriyyət öz müstəqilliyini itirib? Axı, indi müstəqilliyi itirmək yalnız daxili məsələ deyil, həm də beynəlxalq məsələdir. Xatırlayırsınızsa, hakimiyyət də tez-tez bu təhlükə ilə xalqı təhdid edir. Əminliklə deyirəm ki, keçmiş Sovet İttifaqının yerində yaranmış dövlətlər istəsələr də müstəqilliklərin itirə bilməzlər. Çünki indi bu, yalnız onlardan asılı məsələ deyildir. 1920-ci ildə, bu, niyə baş verdi? Çünki 1917-ci il inqilabı Antantanın üzvü olan Rusiyanı dağıtmışdı və müharibədən sonra bolşeviklərə müvəqqəti, keçici bir hal kimi baxan Qərb müttəfiqləri Rusiya imperiyasının dağılmasına, onun yerində 1918-ci ildə yeni dövlətlərin yaranmasına hazır deyildi. Yəni 1917-ci ildə Rusiya qalib Antantanın üzvü, 1991-ci ildə Sovet İttifaqı isə Qərbin potensial düşməni kimi dağılırdı. Bu fərqi anlamaq elə də çətin deyildir”.

Milli Şura sədri deyir ki, əslində Belçikada qəbul olunmuş hansısa bir qətnamənin Azərbaycanın müstəqilliyini təhdid etməsi bəhanəsi ilə siyasi məhbusları cinayətkar adlandıran sənədə imza atmaq özəl maraqları vətənpərvərlik dalğasında gizlətməyin vətən sevgisinə köklənmiş “uğurlu” bir cəhdidir: “Bunun ayrı adı yoxdur. Axı İqbal bəyin planı üzrə “125-lər” klubu humanist bir missiya ilə, siyasi məhbus İntiqam bəyi müdafiə adı altında vücuda gəlmişdi. Necə oldu ki, qısa müddət ərzində siyasi məhbusların əzabları müstəqillik ideallarının “qorunmasına” qurban verildi? Ona görə də, əslində Ümid liderinin “Azərbaycan dövlətinin gələcək taleyi və siyasi mövqeyi baxımından özümün və siyasi məhbusların hüquqları üzərindən çox rahatca keçməyə hazıram” fikri gələcək mandata ümid bəsləməyin kiçicik bir təzahürü, “dövlətçilik” dalğasında hakimiyyətə xidmətin açıq bir anonsudur. Sən demə, 200 ilin ingilis qəzeti olan “The Guardian” insan haqları, demokratiya, korrupsiya məsələlərində Rusiyanın planı üzrə Azərbaycanı tənqid edirmiş ki, Azərbaycan hakimiyyətini Rusiyanın yanına itələsin. O səbəbə görə ki, səhmdarlarından biri rus imiş. Sən demə, Avropa liderlərinin hamısı Putinin dediyi ilə oturub-dururmuş. Hətta ictimai fikri azdırmaq üçün mayın 19-da baş vermiş yanğın hadisəsində də Ümid rəhbərinin şübhələri

Rusiyanın üzərinə gedir və bu, habelə daha əvvəlki açıqlamalarında 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinin belə Rusiyanın təxribatı ola biləcəyini bildirir.

Bu, özü də uzaq gedən bir gedişdir və yanğına, onun nəticəsində həyatlarını itirmiş insanlara görə bilavasitə məsuliyyət daşıyan ölkə rəsmilərini, yüksək vəzifə sahihbələrini məsuliyyətdən yayındırmaq cəhdidir. Halbuki, bu təxribatın fitili əlaqədar orqanların gözü qarşısında, onların rəsmi icazələri ilə “Penoplast” üzlüklər ölkə içində istehsal olununda, bütün rəsmi maneələri keçərək binalara çəkiləndə qoyulmuşdu. Burada Rusiyalıq nə iş var? İnsafən, “üfüqdə təhlükəni” duymaq və ona uyğun manevr etmək baxımından İqbal bəyin fantaziyası hüdudsuzdur. Onun seçkiyə hədəflənmiş son addımlarından, bu, aydın hiss edilir. Baxın siyasi məhbuslara cinayətkar damğası vurmaq, 19 may faciəsi qurbanlarının günahkarlarını ölkə xaricində axtarmaq, 2013-cü il seçkilərində xalqın “passivliyinin” məsuliyyətini Cəmil Həsənlinin üzərinə qoymaq”.

Cəmil Həsənli fikirlərini bu sözlərlə yekunlaşdırır: “Uzaq görən siyasətmədardır İqbal bəy! Çünki indi hakimiyyətin xoşuna gəlməyin ən etibarlı yolu siyasi məhbusları cinayətkar adlandırmaqdan, Azərbaycan hakimiyyətinin alova bürünüb Rusiyaya hədəflənmiş sevgisinin mənbəyini “The Guardian” da görməkdən, ötən seçkilərdə xalqın “passivliyinin” səbəblərini Cəmil Həsənlinin hakimiyyətin mahiyyətini ortaya qoyan çıxışlarında axtarmaqdan keçir. Nə demək olar, Allah bazar versin!”


ABŞ Dövlət Departamenti də Rusiyanın istəyi ilə bunları edir?

Hüquq müdafiəçisi Samir Kazımlı da millət vəkilinin fikirləri ilə razılaşmır.  Meydan TV-yə açıqlamasında hüquq müdafiəşisi deyib:

“Bir müddət yayınmalardan, “test”lərdən sonra axır ki, İqbal Ağazadə siyasi məhbusları cinayətkar hesab edən bəyanata niyə imza atması haqda müəyyən qədər izahat verməyə cəhd edib.  Hər halda ümumiləşmiş, faktsız cavab olsa da, izah vermək baxımdan əvvəlki cavablarla müqayisədə irəlləyiş var. Buna görə İqbal bəyə təşəkkür də düşə bilər.

O, Meydan TV-nin “Siz Azərbaycanı sevməyən qüvvələrlə mübarizə aparmaq üçün ölkəmizdəki siyasi məhbusları, heç bir günahı olmayaraq həbsə atılan insanları cinayətkar hesab etməlisiniz” sualına belə cavab verib:  “Bir daha deyirəm, dövlətimin, Azərbaycanın maraqları olan yerdə, öz hüquqlarımdan çox rahatlıqla keçə bilirəm. Əgər hansısa fərd hesab edirsə ki, Ağazadə Azərbaycana görə mənim hüquqlarımı tapdaladığından yaxşı insan deyil, qoy, olsun, belə hesab etsin”.

Sual yaranır. Dövlət nədir? Azərbaycanın maraqları nədir? Və həbsdəki siyasi məhbuslar dövlətə, Azərbaycan xalqının maraqlarına ziyan gətirirlərmi? İqbal bəy bu sualların heç birinə cavab verməyib. Düzdür, jurnalist ona bu sualları verməyib. Amma məntiqi baxımdan İqbal bəy yuxarıda dediyi cavabdan sonra bu suallara da cavab verməli idi.

Dövlət və Azərbaycanın maraqları haqda hər kəsin öz yanaşması ola bilər. Mənim üçün Azərbaycanın maraqları ölkənin ərazi bütövlüyü, müstəqilliyi, iqtisadi-siyasi azadlığı və əhalisinin demokratik, azad və ədalətli cəmiyyətdə yaşamasıdır. Hazırda bunların hansının təmin olub-olmadığını isə bilirsiniz.  Bəs dövlət nədir? Bu suala cavab tapmaq üçün hansısa qalın kitabları oxumağa da ehtiyac yoxdur. Müasir dövrdə internetin imkanlarından istifadə edərək, 5 dəqiqədə bu suala cavab tapmaq olar.

“İnsan haqları demokratik, hüquq dövlətinin dövlət maraqlarıdı”. Bu fikirləri isə bir neçə gün öncə sosial şəbəkədə tanınmış hüquqşünas Ənnağı Hacıbəyli yazmışdı. Yəqin İqbal bəyin cavabı ilə dövlət anlayışının, maraqlarının arasındakı ziddiyyəti gördünüz.

Məlum olduğu kimi İqbal bəy də Azərbaycandakı siyasi məhbusları cinayətkar hesab edən bəyanata imza atıb. Azərbaycandakı siyasi məhbuslar

fundamental azadlıqlardan – ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarından istifadə etdikləri üçün həbs ediliblər.

 Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının  3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.

İqbal bəy həm də bilməlidir ki, insan haqları, o cümlədən siyasi məhbus məsələsi dövlətin, Azərbaycanın daxili işi deyil, beynəlxalq səviyyəli bir məsələdir. Yəni insan haqları ilə bağlı problemlər hansısa bir ölkənin deyil, beynəlxalq səviyyəli problemi sayılır.

İqbal bəy bildirib ki, Rusiya bütün sferalarda, altyapıda Azərbaycanın əleyhinə kifayət qədər ciddi mübarizə aparır ki, ölkənin üzünü şimala çevirsin. Və o, misal kimi göstərib ki, “Theguardion” qəzeti və “Euronews” kanalından bu məqsəd üçün istifadə edilir. Səbəb kimi həmin KİV-lərin səhmdarlarından ən böyüklərinin rus olduğunu göstərib.

Mən də bir misal deyəcəm. 2014-cü ilin sentyabr ayında ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasında vətəndaş cəmiyyətlərinin inkişafına dair çıxışında Azərbaycandakı vəziyyətə  toxunarkən ölkədə QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirilməsindən söz açmışdı. O vaxt Obama da Rusiyanın sifarişini yerinə yetirirdi? ABŞ Dövlət Departamenti tez-tez Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların azad edilməsi ilə bağlı bəyanatlar verir. ABŞ Dövlət Departamenti də Rusiyanın istəyi ilə bunları edir?

Göründüyü kimi, İqbal  bəyin məntiqi, fikirləri, bax belə gülməli vəziyyət yaradır”.

Ana səhifəXəbərlərİqbal Ağazadənin fikirləri etiraz doğurdu