İlkin Süleymanova cəza tələb edən prokurorun vəzifəyə təyin edildiyi bildirilir

Fotolar: Meydan TV

Müşfiq Rəhimovun bundan sonra Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərəcəyi deyilir

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova 20 il həbs cəzası tələb edən prokurora yeni vəzifə verilib.

Təxminən iki il davam edən bu məhkəmə prosesində ittihamı müdafiə edən prokuror Müşfiq Rəhimov Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi təyin edilib.

“Bu barədə daxili əmr verilib. Sadəcə, əlində olan işlərin başa çatmasını gözləyirlər ki, vəzifəsinin icrasına başlasın…”, – Baş Prokurorluqdakı mənbə Meydan TV-yə deyib.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı nə təkzib, nə də təsdiq ediblər.

Naxçıvan MR Prokurorluğuna son vaxtlar xeyli yeni təyinatlar olub. Sənan Paşayev mayın 23-də Muxtar Respublikanın prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənan Paşayev ötən ilin dekabr ayının sonlarında Naxçıvan MR prokurorunun müavini təyin olunmuşdu.

O, bundan öncə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini idi. Sənan Paşayevin adı bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Ana səhifəBölgəİlkin Süleymanova cəza tələb edən prokurorun vəzifəyə təyin edildiyi bildirilir