İlham Əliyev kimdir? – [BİOQRAFİYA]

İlham Əliyev yaddaşlara necə həkk olunur?

20 ildən çoxdur Azərbaycanı idarə edən, hakimiyyəti atasından təhvil alan İlham Əliyev əslində ölkəni necə idarə edir? 

Hakimiyyətin əlaltı mediasının tərif etdiyi Əliyev beynəlxalq təşkilatların hesabatlarında avtoritar lider kimi tanınır, tənqidçiləri isə onu diktatura qurmaqda ittiham edir. İlham Əliyev kimdir?

İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə anadan olub. Ali təhsilini Moskvada başa vuran gənc İlhamın hətta 5 il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəalliyyət göstərdiyi bildirilir. Lakin Əliyevin Azərbaycana qayıtmamışdan əvvəlki tarixçəsi dumanlı olaraq qalır, onun əslində haralarda işləməsinə dair sübut tapmaq mümkün deyil. Onun tarixçəsində qeyd edilir ki, 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bu tarix də Qarabağ müharibəsi dövrünə təsadüf edir. Bu, həm də ölkə prezidentinin müharibədən yayındığı və həmin dövrdə Türkiyədə dəri alveri ilə məşğul olduğu ittihamlarını ortaya çıxarmışdı.  

1993-cü ildə gənc İlhamın atası Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə qohumların və yaxınların vəzifə tutma halları artır. Eləcə də eks dövlət başçısının oğlu İlham 1994-cü ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilir. Cəmi 1 il sonra Milli Məclisin deputatı olan indiki ölkə başçısı Baş nazir vəzifəsinə qədər yüksəlir. 

2003-cü il…

Eks-prezident Heydər Əliyevin ABŞ-da kliniki ölüm dövrü, 20 il keçməsinə baxmayaq, ölkədə hələ də şübhəli tarix kimi müzakirə edilir. Onun əslində nə zaman ölməsi, İlham Əliyevi son anda Baş nazir təyin etməsi, daha sonra hakimiyyəti bir neçə ayda indiki prezidentə ötürməsi Əliyevlərin müxalifləri tərəfindən daimi tənqid hədəfi olub. 

Seçkilər ərəfəsində küçələrə çıxan on minlərlə müxalifətçi polis zorakılığına, polis idarələrində ağır işgəncələrə məruz qalır. Ölənlərin və ömürlük əlil qalanların olduğu hesabatlarda qeyd edilib. 

Müxalifət üçün səs-küylü, Əliyevlər üçün isə rahat keçən hakimiyyətin ötürülməsi nəticəsində İlham Əliyev 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayır.

Əliyevin 20 ili yaddaşlarda necə qaldı?

Azərbaycan həbsxanalarında hazırda 200-dən çox siyasi məhbusun olduğu bildirilir. Bu, ölkə ictimaiyyəti üçün yeni xəbər deyil. İlham Əliyevin 20 illik hakimiyyəti dövrü müxalifləri üçün həm psixoloji, həm fiziki təzyiqlərlə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatlarında ölkənin adı tez-tez hallanmaqla yanaşı, Azərbaycanın demokratiya xalının da hər keçən gün geriyə getməsini müşahidə edirik. 

Azərbaycanda azad medianın boğulması prosesi son həftələr intensiv şəkildə müşahidə edilir. Əliyevin idarəçiliyi dövründə onun haqqında tənqidi yazılar yazan jurnalistin şübhəli qətlindən tutmuş, onlarla media nümayəndəsinin həbsə atıldığının şahidi olmuşuq. 

Bəs araşdırmaçı jurnalistlər əslində bizə nəyi demək istəyir?

Təkcə 2016-cı ildə dünya tarixində ən böyük məlumat sızıntısı hesab edilən jurnalist araşdırması – Panama papers. Digər böyük araşdırmaları layihələrində olduğu kimi Əliyevin qızlarının adı da bu sızıntılarda hallanır. Ümumiyyətlə ölkə başçısının ailə üzvlərinin adı beynəlxalq jurnalist araşdırmalarında, eləcə də yerli jurnalistlərin korrupsiya hesabatlarında ön sıralarda yerini tutur. Əliyevlər ailəsi dünyada Londondan Dubaya onlarla mülkün, Panamadan Maltaya qədər pulyuma mexanizmlərinin sahibi kimi məşhurlaşıb.

2013-cü il prezident seçkilərinin debatında müxalifət lideri Cəmil Həsənli İlham Əliyevin qızlarının ölkədən 40 milyarddan artıq pul çıxardığını bildirmişdi.

Dırnaqarası islahatlar:

2015-2016-cı illər ərəfəsində ölkədə islahatlar söhbəti dolaşmağa başladı. Hər kəs islahat olacağını deyirdi. Amma necə? Nə zaman? Hətta bəzi müxalif ictimai-siyasi fəallar belə bu islahatların olacağından, İlham Əliyevin dəyişikliklərə gedəcəyindən danışırdı. İslahatların adı isə çox vaxt Mehriban Əliyeva ilə birgə hallanırdı. İlham Əliyevin xanımı elə onun prezident seçilməsindən 2 il sonra deputat seçilməyə başlamışdı. 2005-ci ildən sonra 3 dəfə deputat kürsüsünə yiyələnmişdi. 

Və 2017-ci ilin qışında, fevral ayının 21-də İlham Əliyev onu ölkənin 2-ci adamı, Vitse-prezident təyin etdi. İslahatların da quyruğu görünməyə başlamışdı. Müxaliflər ailə hakimiyyətinin daha da gücləndiyini bildirirdi. Atası Heydərin dövründən qalan köhnə, iri məmurlar isə bir-bir vurulurdu. 

Məmurlara məxsus bizneslər Mehriban Əliyevaya məxsus “Paşa Holdinq”in əlində cəmləşirdi. Bu proses çox sürətlə gedirdi. Ən son bu il köhnə-iri məmurlardan Kəmaləddin Heydərova məxsus “Gilan Holdinq”in son səhmləri də “Paşa Holdinq”in əlinə keçdi. Beləliklə, ölkədə islahat nağılı, klanların və köhnə məmurların sıradan çıxarılmasına xidmət etdi. Yerinə isə artıq ölkədə böyük bizneslərin demək olar hamısına nəzarət edən ailə hakimiyyəti qaldı.

Qarabağ:

Qarabağ münaqişəsi 30 ildən çoxdur ölkənin, elə son illər dünyanın da əsas mövzusudur. Bu münaqişə hər iki tərəfdən on mindən artıq şəxsin ölümünə səbəb olub, milyonlarla insanın həyatına birbaşa təsir edib. Təkcə İkinci Qarabağ müharibəsində Azərbaycan 3000-dən artıq itki verib. Birinci Qarabağ müharibəsindən sonra 1 milyona yaxın azərbaycanlı köçkün düşüb, Ikinci Qarabağ savaşında isə 100 mindən artıq erməni öz evlərindən köçməyə məruz qalıb. 

Müxalif lider Əli Kərimli bildirir ki, İlham Əliyev ordunun Qarabağ üzərində zəfərini öz adına piar vasitəsinə çevirir. Araşdırmaçı jurnalistlər, son dövrlər həbs dalğasına məruz qalan “AbzasMedia” isə üzə çıxarmışdı ki, Qarabağ da indi Əliyevlərin biznes məkanına çevrilir. İlham Əliyevin yaxınlarına məxsus şirkətlər milyonluq layihələri icra edirlər. 

Qazilər isə yenə özlərini yandırır, şəraitsizlikdən gileylənir, tez-tez aksiyalar keçirirlər. 

SON

Sonuncu prezidentlik dövrünün yekunlaşmasına 1 il qalmış İlham Əliyev növbədənkənar seçkiyə gedir. Siyasi şərhçilərin bəzisi bunu onun Qarabağdakı qələbəsi ilə əsaslandırırlar. Yəni İlham Əliyev populyarlığının pik nöqtəsində şəriksiz lider kimi yenidən öz kürsüsündə yerini möhkəmlədəcək. Ölkə daha 7 il onun nəzarətində olacaq.

Son çıxışlarında Avropaya doğru getməyi hədəfləmədiyini deyən İlham Əliyevin ölkəni hara aparacağı bəlli deyil. Görünən yalnız odur ki, özünü Qafqazın lideri sayan ölkənin gəncləri, yeniyetmələri çıxış yolunu xaricə üz tutmaqda görür, hətta hakimiyyətin bütün imtiyazlarından faydalanan məmurlar belə büdcədən taladıqlarını başqa ölkələrə daşıyır, övladlarının ölkədən kənarda həyat qurmasını istəyir. 

Ölkənin 30 illik Əliyevlər tarixi isə növbəti 7 ilinə qədəm qoyur. İlham Əliyev dəfələrlə həm rəqiblərini, həm siyasi-ictimai fəalları fikirlərində çaşdırmış, dəfələrlə yönünü dəyişmiş siyasi fiqur olaraq tarixə adını yazdırır. Lakin bu tarix dolaşıq olduğu kimi, həm də qıraqdan baxan jurnalistlər üçün asan tərcümə edilir: 

Hakimiyyəti atasından təhvil alan İlham Əliyev rəqiblərini sıradan çıxarır, rəqibsiz seçkilərə gedir, hər tarixi addımı isə şəxsi bizneslərinin genişlənməsinə gətirib çıxarır. İndi İlham Əliyevin nəinki rəqibləri, heç atası dövründən qalan köhnə dostları da yoxdur. O, 62-ci ad gününü tezbazar təyin edilmiş seçki şənliyi və savaş nəticəsində belə bizneslərini genişləndirən ailəsi ilə birgə keçirir. 

Ana səhifəAraşdırmaİlham Əliyev kimdir? – [BİOQRAFİYA]