Tərtər rayonundakı pambıq zavodu atəşə tutulub (yenilənir)

“Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib”

Source: report.az


16.52.


Ermənistan parlamentinin 63 yaşlı deputatı Sasun Mikayılyan, Azərbaycan ordusunun artilleriya atışı nəticəsində ağır yaralanıb.


O, birinci Qarabağ döyüşlərində iştirak edən “Yerkrap” adlı erməni könüllüləri yenidən bir araya yığaraq, bir neçə gün öncə Qarabağda döyüşməyə gəlmişdi.

***


16.50.


Oktyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Tərtər rayonundakı pambıq zavodunu atəşə tutduğu bidirilir. Bu barədə Türkiyə mətbuatı da xəbər verib. Bildirilir ki, hadisə günorta saatlarında olub və zavodda güclü yanğın başlayıb.


Hadisə zamanı xəsarət alıb-almayanların olması ilə bağlı hər hansı məlumat yoxdur. Meydan TV Tərtər rayon İcra Hakimiyyətindən də məlumatın doğru olub-olmadığını dəqiqləşdirə bilməyib.


Oktyabrın 18-dən Ermənistan Azərbaycan arasında humanitar atəşkəs rejimi elan edilib.

***


12:09.


Münaqişə zonasından kənar ərazilər atəşə tutulub


Göygöl, Tovuz və Daşkəsən əraziləri atəşə məruz qalıb.


“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 19-u saat 12:00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur”.


Məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 19-da açıqlayıb. Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib:


“Oktyabrın 19-u saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur”.


Həm Göygöl, Tovuz, həm də Daşkəsən rayonları Dağlıq Qarabağ münaqişəsinə aidiyyatı olmayan ərazilərdir. Sentyabrın 27-dən başlanan Azərbaycan-Ermənistan müharibəsində dəfələrlə Ermənistan tərəfin münaqişədən kənar ərazilərə mərmi atdığı açıqlanır. Bura Gəncə hadisələri də daxildir. Gəncə 3 dəfə atəşə məruz qalıb. Bunun nəticəsində 14 nəfər ölüb, 52 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.


Ermənistan tərəf isə bildirir (https://rus.azatutyun.am/a/30900508.html) ki, bu gecə Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki vəziyyət nisbətən sabit olub. Ancaq ümumi vəziyyət gərgin olaraq qalır:


“Bəzi bölgələrdə artilleriya döyüşləri davam edib. Humanitar zəmində atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq səhər saatlarında Azərbaycan silahlı qüvvələri şimaldan və cənubdan atəş açıblar”.

***

Cəbrayıl rayonunun 13 kəndi Ermənistan ordusunun işğalından azad edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da “Twitter” səhifəsində paylaşıb:

"Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib"

Ana səhifəSiyasətTərtər rayonundakı pambıq zavodu atəşə tutulub (yenilənir)