Mənbə: president.az

İlham Əliyev: Bütün biznesimi uşaqlarıma ötürdüm

Əli Kərimli: "İlham Əliyevin dövlət başçısı vəzifəsində qalmağa mənəvi haqqı yoxdur"

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (The International Consortium of Investigative Journalists - ICIJ) "Pandora Sənədləri" araşdırması Azərbaycanda hələ ki dar çərçivədə müzakirə mövzusuna çevrilib.

Müxalifət bəyanatlar yayır və məsələni hüquqi müstəviyə çıxartmağa cəhd göstərir.

Araşdırmanın geniş aspektdə ictimai müzakirəyə çevrilməməsi bir sıra suallar doğursa da, müxalif qüvvələr arasında məsələyə münasibət fərqlidir.

Hüquq müdafiəçisi Akif Qurbanov deyir ki, ictimai-siyasi diskussiya məkanının açıq olmaması, instutsional qurumların iflic vəziyyətə düşməsi bu məsələnin geniş müzakirəsinə əngəl yaradıb: “Vətəndaş cəmiyyəti yoxdur, ayrı-ayrı fərdlər var, onlar da münasibətini ifadə edib. Yaxud araşdırma çox az sayda mediada yayımlanıb. Ona görə müzakirə daha çox sosial şəbəkə vasitəsilə gedir. Cəmiyyət hər şeydən xəbərdar olsa da, bizdə belə rəy formalaşıb ki, bu mülklər kimin olmalıdır, əlbəttə, prezidentin. Necə ki sovet dövründə belə bir fikir formalaşmışdı ki, vəzifəli şəxsin pulu olmalıdır. Halbuki cəmiyyət hökumətdən hesabatlılıq tələb etməlidir”.

“45 partiya var, onlar da dialoqdadır...”

Akif Qurbanov qeyd edib ki, Azərbaycanda 45 partiya hakimiyyətlə dialoq prosesində olduğundan bu məsələyə toxunmur: "İstəmirlər ki, münasibətlərində gərginlik yaransın. Dialoqda olmayan 2 partiya var, onlar da mövelərini ifadə edib".

AXCP sədri Əli Kərimli “Pandora Sənədləri” ilə bağlı prinsipial mövqe ortaya qoyduqlarını və İlham Əliyevi istefaya çağırdıqlarını bildirib.

AXCP sədri hesab edir ki, bu qədər nəhəng korrupsiya skandalından sonra İlham Əliyevin dövlət başçısı vəzifəsində qalmağa mənəvi haqqı yoxdur, istefaya getməlidir: “İkincisi, biz Böyük Britaniyanın müvafiq dövlət orqanlarına və Azərbaycanın Baş Prokuroruna müraciət hazırlayırıq ki, bu məsələlər hüquqi şəkildə araşdırılsın. Əslində, heç bir müraciət olmadan prokurorluq orqanları mətbuat orqanlarında yayılan bu məlumatlar əsasında korrupsiya faktına görə araşdırma başlamalıydılar. Amma Azərbaycanda dövlət orqanları tam şəkildə bir ailənin hakimiyyətinə tabe etdirildiyindən rəsmi qaydada belə bir müraciət də hazırlayacayıq”.

“Korrupsiyaya qarşı mitinqlər keçirdik, amma 10-12 min adam dəstək verdi”

Əli Kərimli bildirib ki, onlar irimiqyaslı korrupsiyanın unudulmaması və bunun məsuliyyətinin hökumətdən istənilməsi üçün xalqı səfərbər etməyə çalışırlar:

Əli Kərimli

Əli Kərimli

Mənbə: Meydan TV

“Bilirsiniz, bu, birinci hal deyil. 2017-ci ildə “Azərbaycan landromatı” üzrə 16 min bank köçürmələri ilə yenə də Londonda 4 ofşor hesaba 3.9 milyard dollarlıq pul köçürülmüşdü. İndikindən 5 dəfə də artıq vəsaitdir. Buna görə o zaman 3 dəfə korrupsiya araşdırmalarını tələb edən mitinqlər keçirmişdik, amma təəssüf ki, 10-12 min adam həmin milyardları hakim ailədən tələb etmək üçün bizim aksiyalara dəstək vermişdi. Hazırda isə pandemiya şıraiti hökumətə əlavə bəhanələr verir və eyni zamanda, bizim də bu məsələdə məsuliyyətimiz var. Üstəlik sərbəst toplaşmaq azadlığı ilə bağlı əvvəlki imkan da yoxdur. Ona görə də biz zəmin yaratmalıyıq ki, Azərbaycan cəmiyyəti hamılıqla ölkə sərvətinə sahib çıxmaq iradəsinə malik olsun. Xalqın geniş kütlələrində belə bir iradə olmadıqca, yalnız siyasi qüvvələrin hətta çox prinsipial məövqeyi də nəticəyə gətirə bilməz. Lazımdır ki, yüzminlərlə, hətta yüzmilyonlarla azərbaycanlı Londona, başqa ofşor hesablara daşınan milyardlarla özünün kasıb süfrəsi arasındakı əlaqəni dərk etsin. Çox təəssüf ki, adamların böyük bir qismi talan edilən əmlakı özününkü saymır və buna görə acıqlanmır da, bəlkə qorxudandır, bilmirəm. Bu baxımdan prinsipial müxalifətin bir nömrəli vəzifəsi Azərbaycan xalqına inandırmaqdır ki, oğurlanan milyardlarla uşaqpulu ala bilməməsinin, pensiya, iş yeri tapa bilməməsinin, aşağı maaşlarının birbaşa əlaqə var. Yəni həmin pullar bizdən oğurlanır, oğurlanmasaydı, Azərbaycanın büdcəsi daha böyük, maaşlar yüksək olardı, iqtisadiyyat inkişaf edərdi, insanlara uşaqpulu və digər sosial ödənişlər edilərdi, iş yerləri açıqlardı və milyonlarla insan ölkəni tərk etməzdi. Biz gərək bunları millət olaraq qəbul edək. Yalnız siyasi müxalifət həmin vəsaitləri tələb etməməlidir, çünki təkcə bizdən oğurlanmayıb. Hamılıqla, vətəndaş cəmiyyətinin, azad mətbuatın köməkliyi ilə bu fikri azərbaycanlılarda yaratmalıyıq ki, oğurlanan milyonları tələb etmək hamımızın vəzifəsidir, Milli Şuranın və AXCP-nin yox”.

“Respublika Prokurorluğu araşdırmaya başlasın...”

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, hakimiyyət “Pandora sənədləri” ilə bağlı xalqa izahat verməlidir: “Müsavat Partiyasının bu barədə əhatəli sənədi var. Eyni zamanda, Respublika Prokurorluğuna müraciət etmişik ki, xarici mətbuatda bu barədə yayılan sənədlərin araşdırılmasına başlanılsın”.

Arif Hacılı

Arif Hacılı

Mənbə: Meydan TV

ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli məsələylə bağlı Milli Məclisin tərkibində komissiyanın yaradılmasını vacib sayır: “Biz təklif etdik ki, parlamentdə korrupsiya halları ilə əlaqədar komissiya yaradılsın və gələcəkdə Azərbaycanda atılacaq hüquqi addımların təməli təşkil edilsin”.

“İndiki prokurorluğa və məhkəməyə müraciət etməyin nə mənası var?”

Natiq Cəfərli indiki zamanda hansısa dövlət orqanına, konkret olaraq, Respublika Prokurorluğuna şikayət etməyin mənasını görmür: “Çünki belə bir addım siyasi şoudan başqa bir şey deyil və prokurorluq da şikayəti qəbul etməyəcək. İndiki prokurorluğa və məhkəməyə müraciət etməyin nə mənası var? Əvvəla, qəbul etməyəcəklər. Əgər problemi ölkə olaraq köklü həll etmək istəyiriksə, növbəti seçkilərdə xalq olaraq iştirak edib Milli Məclisdə üstünlük qazanmaqdır. Ardınca da son 30 ildə olan korrupsiyanın araşdırılması ilə bağlı komissiya yaradılmalıdır. Şərqi Avropa və Baltikyanı ölkələr də bu yolu keçdilər. Biz də parlamentdə korrupsiyayla bağlı komissiyanın qurulmasını təklif edəcəyik. Ümumiyyətlə, bir çox ölkələrdə oxşar addımlar atılıb, məsələn, Çexiyada belə bir komissiya quruldu, hətta İordaniyada da komissiyanın yaradılması müzakirəyə çıxarılıb”.

Natiq Cəfərli hesab edir ki, korrupsiya hallarının birdəfəlik təməldən həll edilməsi üçün hüquqi baza yaradılmalıdır: “Biz 2013-cü ildə təklif etmişdik ki, korrupsiya halları ilə bağlı alqoritm olmalıdır, hansı mərhələdə reablitasiya, mülkiyyət, yaxud korrupsiayadan ziyan çəkən insanlara kompensasiya ödənməsinə qədər keçici qanun layihəsində öz əksini tapmalıdır. Beləliklə, bunun nəticələrindən çıxış edərək maliyyə amnistiyası, reablitasiya və lüstrasiya ilə bağlı üçlü qanun layihəsi hazırlanmalıdır. Başqa çıxış yolu yoxdur”.

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: Meydan TV

“Prezident seçiləndə mən kasıb insan deyildim”

Dövlət başçısı İlham Əliyev oktyabrın 13-də “La Repubblica” qəzetinə müsahibəsində “Pandora Sənədləri” barədə suala cavab verib.

İlham Əliyev bu cür məsələlərin onu çox illərdir müşayiət etdiyini söyləyib.

Onun fikrincə, siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır: “Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”.

““Pandora Sənədləri”ni oxumamışam, ola bilsin 5 faiz həqiqətdir”

İlham Əliyev sənədlərdə yazılanları oxumadığını deyib: “Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur”.

Akif Qurbanov

Akif Qurbanov

Mənbə: Akif Qurbanovun şəxsi arxivindən

Ancaq Akif Qurbanov dövlət başçısının söylədikləri ilə razılaşmır. O deyir ki, İlham Əliyev açıq şəkildə qanunu pozduğunu ifadə edib: “Əliyev prezident seçilənə qədər bizneslə məşğul olduğunu bildirib, amma ona qədər deputat idi. Ana Yasanın 85-ci maddəsi deputata sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Belə çıxır ki, Əliyev Ana Yasanın müvafiq maddəsini pozub, məsuliyyət daşıyır və rəsmi olaraq bunu etiraf edirsə, prokurorluq araşdırmaya keçməlidir”.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (The International Consortium of Investigative Journalists - ICIJ) oktyabrın 3-də "Pandora Sənədləri" araşdırmasını yayıb.

Araşdırma 35 indiki və keçmiş dövlət başçısının, eləcə də 300-dən çox məmurun adlarını əhatə edir.

"Pandora Sənədləri" məxfiliyini qorumaq istəyən hər bir kəsə uzaq yurisdiksiyalarda gizli şirkətlər qurmağa kömək edən 14 ofşor xidmət təminatçısından - sızdırılmış milyonlarla faylın araşdırılmasının nəticəsində ortaya çıxıb.

Dünyanın hər yerindən olan media tərəfdaşları, aralarında 30-dan çox dünya liderinin olduğu çox zəngin və güclü şəxslərin məlumatlarını təhlil etmək və onların hekayələrini üzə çıxarmaq üçün aylarla əməkdaşlıq edib.

Araşdırmada Azərbaycan Prezidenti İlham Əliyev və yaxınlarının ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə edildiyi iddia olunur.

Bir sıra şirkət İlham Əliyevin 2003-cü ildə ilk prezidentlik dövrünün başladığı müddətdə qeydiyyata alınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ct1ipb

Ən çox baxılan