Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Foto: Meydan TV

Bu cinayət işində ümumilikdə 18 nəfər zərərçəkmiş qismində tanınıb

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin təxminən ilyarım davam edən məhkəməsi yekunlaşıb. Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Səbinə Məmmədzadənin sədrliyilə çıxarılan hökmə əsasən, “Kaspian İnşaat MB” tikinti şirkətinin direktoru olan Rafət Qəniyev 8 il azadlıqdan məhrum edilib.

1980-ci il təvəllüdlü Rafət Qəniyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirli bilinib.

Rafət Qəniyev “Kaspian İnşaat MB” şirkətinin inşa etdiyi binadakı mənzillərin satışıyla dələduzluq etməkdə təqsirləndirilir. İttihama əsasən, o, direktoru olduğu şirkətin tikdiyi binada eyni mənzilləri müxtəlif adamlara satıb.

Bu cinayət işində ümumilikdə 18 nəfər zərərçəkmiş qismində tanınıb.

İddia olunur ki, aldadıldığını başa düşən zərərçəkmişlərin şikayətlərindən sonra Rafət Qəniyev özünü ölmüş kimi təqdim edərək, məsuliyyətdən yayınmaq istəyib. Bu məqsədlə də maşınına it sümüklərini yığıb yandıraraq, özünü orada yanıb ölmüş kimi təqdim edib.

Məhkəmədə bu barədə danışanda deyib ki, özü haqqında ölmüş təsəvvürü yaratmaq şəxsi fikri olub.

Öz beynimin məhsulu idi…”, – Rafət Qəniyev bildirib.

Məhkəmədə dindirilən zərərçəkmişlərdən bir neçəsi bu ssenarinin təkcə onun ideyası olmasına inanmadıqlarını bildirib. Hesab edirlər ki, bu proseslərdə iştirak edən başqa adamlar da olub, ona kimlərsə kömək edib.

25 noyabr 2021-ci ildə Sabirabad-Qaragüney yolunda yanmış avtomobil, içində də Rafət Qəniyevə məxsus geyimlərlə sümük qalıqları tapılıb. Avtomobilin Sabirabad rayonunun Ətcələr kənd sakini Rafət Qəniyevə məxsus olduğu məlum olub.

Yaxınları onun üçün yas məclisi keçirib, sümükləri yaşadığı Sarvan kəndindəki qəbiristanlıqda basdırıblar.

Lakin üstündən təxminən bir il keçəndən sonra Rafət Qəniyev Bakıda mağazalardan birindən televizor almaq istərkən saxlanılıb. Məsələnin üstü onun şəxsiyyət vəsiqəsini təqdim etməsilə açılıb.

Maşının yandırıldığı Qaragüney kəndində Rafət Qəniyevin qayınatasıgil yaşayır. Hadisənin onlara gedərkən baş verdiyi görüntüsü yaratmaqdan ötrü məhz həmin ərazi seçilib.

Ana səhifəSosialÖzünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi