Avropa Parlamenti Avropa Komissiyasını Bakı ilə enerji tərəfdaşlığını dayandırmağa çağırıb (yenilənib)

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Azərbaycanın Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqlarına dair qəbul etdiyi qətnaməyə bəyanatla cavab verib.

Parlament qətnaməni obyektivlikdən uzaq, qərəzli siyasi aksiya kimi qiymətləndirib.

“Yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik”, – deyə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib:

“Ermənistanla Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının nüfuzuna xələl gətirməyə yönələn bir addımdır”.

Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir”, – parlament qətnamədə yer alan iddialara belə reaksiya verib.

Bəyanatda qeyd olunur ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir:

Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün insan ləyaqətinin tapdalanması barədə həmişə susmağa üstünlük verib”.

Milli Məclis bəyan edib ki, Azərbaycana qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna yeni bir zərbə vurur.

“Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”, – deyə Milli Məclis vurğulayıb.

Milli Məclis. Foto: “meclis.gov.az”


Parlament azərbaycanlı məmurlara qarşı sanksiyalar tətbiq edilməsini istəyir

Aprelin 25-də Avropa Parlamenti ölkədəki vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə Azərbaycan hakimiyyətini qınayan qətnamə qəbul edib. Qətnamə 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib. Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

“Siyasətçi, iqtisadçı və müxalifətçi xadim Qubad İbadoğlunun üzərindən bütün ittihamlar götürülməlidir. Onun üzərindəki səfər qadağası ləğv edilməlidir”.

Həmçinin onlar aprelin 22-də ev dustaqlığına buraxılan Qubad İbadoğluna sərbəst tibbi yardım göstərməyə çağırış ediblər.

“Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır”, – qətnamədə deyilir.

Avropa Parlamentinin deputatları Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa da çağırıblar.

Avropa Parlamentinin üzvləri israr ediblər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin.

Həmçinin deputatlar “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını təkrarlayıblar. (Turan)

Ana səhifəSiyasətAvropa Parlamenti Avropa Komissiyasını Bakı ilə enerji tərəfdaşlığını dayandırmağa çağırıb (yenilənib)