İctimai fəal dövlət əleyhinə çağırışlarda ittiham olunur

Foto: Elşən Kərimovun şəxsi arxivindən

Moskvadan atasının dəfninə gəldi, həbs edildi

Moskvada yaşayan azərbaycanlı ictimai fəal, bugünlərdə atasının dəfnində iştirak üçün ölkəyə gələn ictimai fəal Elşən Kərimov dövlət əleyhinə çağırışlarda ittiham olunur. Aprelin 17-də Yevlaxın Rüstəmli kəndində atasının yas məclisində mülki geyimli, maskalı şəxslər tərəfindən saxlanılaraq aparılan ictimai fəalın yeri məlum olub.

Vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 281.1 (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair açıq çağırışlar, bu məzmunlu materialların yayılması) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İstintaq dövrü üçün onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs qərarını prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi verib.

Vəkil Zibeydə Sadıqova məhkəmənin bu qərarından apelyasiya şikayəti verib. Şikayətə aprelin 24-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

1975-ci il təvəllüdlü Elşən Kərimov uzun müddətdir ki, Moskvada yaşayır. Orada kiçik ticarətlə məşğul olan ictimai fəalın Rusiya vətəndaşı olduğu bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı olan Elşən Kərimov “Facebook” hesabında həbs olunan ictimai-siyasi fəallar barədə məlumatlar paylaşırdı.

Hazırda AXCP-nin 10 nəfərə yaxın fəalı həbsdədir. Onlar şərlənərək həbs olunduqlarını deyirlər. Lakin hüquq-mühafizə orqanları həbs olunanların konkret faktlar əsasında saxlandığını iddia edir.

Ana səhifəSiyasətİctimai fəal dövlət əleyhinə çağırışlarda ittiham olunur