İcra başçısının həbs olunmuş müavini bəraət aldı

Vahid İsayev. Foto: “YM”

Vahid İsayev məhkəmə zalından azadlığa buraxılıb

Ötən il həbs edilən Göyçayın icra hakimiyyəti başçısının müavini olmuş Vahid İsayev bəraət alıb.

Təxminən 15 il ərzində Göyçayda 5 icra başçısının köməkçisi işləmiş, birlikdə çalışdığı sonuncu icra başçısı Mehdi Səlimzadə 2022-ci ilin martında vəzifəsindən azad ediləndən az sonra həbs olunan Vahid İsayev bir il sonra məhkəmə zalından azadlığa buraxılıb. Bu hadisə mayın 23-də Şəki Apelyasiya Məhkəməsində baş verib.

Onun haqqında bəraət hökmünü İmanverdi Şükürovun sədrlik etdiyi, Xaqani Səmədov və Akif Eyvazovdan ibarət hakimlər kollegiyası çıxarıb.

O zaman Vahid İsayevlə yanaşı, icra başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi olmuş Rəşad Şükürov da həbs olunmuşdu. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma – hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülmüşdü. İstintaqı isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparırdı.

Vahid İsayev və Rəşad Şükürov sonradan ev dustaqlığına buraxılmış, istintaqın sonunda rüşvət ittihamı da dələduzluq və rüşvət verməyə təhrik əməllərinə tövsif edilmişdi.

Rəşad Şükürov Göyçay şəhəri üzrə icra nümayəndəsi təyin edilməmişdən öncə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

Şəki Ağır Cinayətlər Məhkəməsində Vahid İsayevə münasibətdə dəymiş ziyanın ödənilməsi əsasıyla Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittihama xitam verilmiş, rüşvət verməyə təhrik ittihamıyla isə ona 4 il həbs cəzası kəsilmişdi.

Vahid İsayev bu hökmdən apelyasiya şikayəti verərək, bəraət istəyirdi. Onun şikayətinə iki aydan çoxdur ki, Şəki Apelyasiya Məhkəməsində baxılırdı. Mayın 23-də məhkəmə belə nəticəyə gəlib ki, bu ittiham da əsassızdır və ona bəraət verilməlidir. Hərçənd, məhkəmədə prokuror etiraz edib.

Ana səhifəBölgəİcra başçısının həbs olunmuş müavini bəraət aldı