Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın Avropa Şurasından tam çıxması ehtimalını istisna etməyib və belə bir addımın ölkə daxilində hiss olunmayacağını deyib. O, eyni zamanda ABŞ Konqresinin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tam ləğv edilməli olduğunu da bildirib.
Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistan 2025-ci ildə ABŞ-də Prezident Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. O bildirib ki, bundan sonra Azərbaycan Ermənistana tətbiq etdiyi məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırıb.
Prezident qeyd edib ki, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 min tondan artıq müxtəlif yük daşınıb. Onun sözlərinə görə, Azərbaycan özü də Ermənistana neft məhsulları təchiz etməyə başlayıb və indiyədək 10 min tondan artıq məhsul göndərilib.
“Bütün bunlar onu göstərir ki, düzəliş tam köhnəlib və tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir”, – Əliyev deyib.
907-ci düzəliş nədir?
ABŞ Konqresi 907-ci düzəlişi 1992-ci ildə qəbul edib. Sənəd ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırırdı. Qərarın qəbul edilməsinə səbəb kimi həmin dövrdə Azərbaycanın Ermənistan və Qarabağla bağlı siyasəti göstərilmişdi. Azərbaycan rəsmiləri isə uzun illərdir bu düzəlişi ölkəyə qarşı ədalətsiz yanaşma kimi qiymətləndirir və onun ləğv edilməsini tələb edirlər. Sonrakı illərdə ABŞ prezidentləri müxtəlif dövrlərdə bu məhdudiyyətin tətbiqini dayandırıblar.
Əliyev Avropa Şurasından çıxma ehtimalından danışıb
Prezident İlham Əliyev çıxışında Avropa Şurası ilə münasibətlərə də toxunub. O bildirib ki, Azərbaycan tam şəkildə təşkilatdan çıxmağı nəzərdən keçirir və belə bir qərar ölkə daxilində ciddi dəyişiklik yaratmayacaq.
Əliyev deyib ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququndan məhrum edilməsi “ədalətsiz qərar” olub.
“Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq, həmin təsisatından getməyimizi nəzərdən keçiririk”, -Prezident bildirib.
Onun sözlərinə görə, Avropa Şurasının Baş katibi bu addımın atılmaması və vəziyyətdən çıxış yolu tapılması üçün onunla əlaqə saxlayıb.
Əliyev bildirib ki, AŞPA-da Azərbaycanın ünvanına səslənən qərarlar “qəbuledilməzdir”.
“Bu bizim qərarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu, hansısa legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər. Bundan sonra Azərbaycan nümayəndə heyəti qayıdacaq”, – Əliyev deyib.
Prezident AŞPA-nın qərarından sonra Azərbaycan nümayəndə heyətinin görüşlərdə iştirakdan imtina etdiyini bildirib.
“Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul etdi”, – o deyib.
Əliyev qeyd edib ki, Azərbaycan “hər hansı səhv addım atmayıb” və Avropa Şurası “öz səhvlərini etiraf etməlidir”.
“Onlar ədalətsiz qərar veriblər. Odur ki, onlar geri çəkilməli, öz səhvlərini etiraf etməlidirlər”, – Prezident bildirib.
Əliyev Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyini də xatırladıb:
“Biz hakimlər üçün səs verməmişik, iki ildir ayrı-seçkiliyə məruz qalırıq. Buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil”.
Nə baş verib?
Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər xüsusilə 2024-cü ildən sonra gərginləşib. AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib.
AŞPA qərara səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyəti və təşkilat qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı narahatlıqları göstərib.
Rəsmi Bakı bu qərara etiraz edib. Bundan sonra Azərbaycan AŞPA qərarında iştirak edən deputatların ölkəyə girişinə məhdudiyyət tətbiq edib. Həmin vaxtdan etibarən Azərbaycan nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmir.
Azərbaycanla Avropa Şurası arasında digər mübahisəli məsələlərdən biri də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlıdır. Son illərdə AİHM qərarlarının yerinə yetirilməsi ilə bağlı Azərbaycanda və beynəlxalq təşkilatlarda tənqidlər səslənir.
Daha öncə AŞPA prezidenti Petra Bayr Azərbaycanın quruma qayıtması üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu bildirib.
Bayrın sözlərinə görə, rəsmi Bakı AŞPA deputatlarının Azərbaycana girişinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır. O, həmçinin bəzi siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasının vacib olduğunu deyib.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunub. Ölkə insan hüquqları, demokratiya və hüququn aliliyi ilə bağlı bir sıra öhdəliklər götürüb. Hazırda Azərbaycan Avropa Şurasının monitorinq prosedurları çərçivəsində qalır. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə 328 nəfər siyasi məhbus var.