İçməli suya görə etiraz edən siyasi fəal “kars”a salınıb

Ruslan İzzətli. İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan siyasi fəal Ruslan İzzətli içməli su tələb etdiyi üçün “kars”a salınıb. Həyat yoldaşı Günel Manaflı avqustun 19-da sosial şəbəkədə yazıb ki,  İzzətlinin saxlanıldığı Umbakı Penitensiar Kompleksində isti günlərdə içməli su verilmir.

Günel Manaflı müəssisədə su probleminin həll olunmadığını və siyasi məhbuslarla belə davranılmasını tənqid edib. O bildirib ki, Ruslan İzzətli bu məsələ ilə bağlı dəfələrlə narazılıq edib.

“İndicə Əli Zeynalla (bu iş üzrə həbs olunub – red.) danışdım. Ruslanın buna etiraz etdiyi üçün “kars”a salındığını, özünün də indi “kars”a gedəcəyini bildirdi”, – Manaflı yazıb.

Penitensiar Xidmət məsələyə münasibət bildirməyib.

“Toplum TV işi” üzrə həbslər 2024-cü ilin martından başlayıb. Bu il iyulun 27-də iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ)  rəhbəri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli 15 il, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli və DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və ToplumTV-nin videoredaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Məhkəmə prosesində üzərinə həbs qoyulmuş avtomobil və evlərin müsadirə olunmasına da qərar verilib.

Son illər Azərbaycanda oxşar ittihamlarla 30-a yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlar ittihamları siyasi motivli hesab edirlər. Rəsmilər isə ölkədə siyasi həbslərin olduğunu təkzib edirlər.

Ana səhifəXəbərlərİçməli suya görə etiraz edən siyasi fəal “kars”a salınıb