Hüquqşünas: “Jurnalistin bu şəkildə cəzalandırılması ifadə azadlığını zorlamaqdır”

Səxavət Məmmədin şəxsi arxivindən

“”Media haqqında” qanun qəbul edilmədən prokurorluq əməliyyata başlayıb”

Dekabrın 18-də Xətai Rayon Məhkəməsi jurnalist Səxavət Məmmədin 500 manat cərimə edilməsi haqqında qərar çıxarıb.

Jurnalist İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (İnformasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ilə ittiham edilib.

Bu barədə Səxavət Məmməd Meydan TV-yə danışıb.

O bildirib ki, dekabrın 16-da “Yeni çağ” saytında dərc olunan “Orduda rüşvət mexanizmi və Sadıqovdan miras qalan korrupsiya zəncirinin yeni mərhələsi” başlıqlı məqaləsi ilə bağlı Baş Prokurorluğa dəvət edilib:

“Prokurorluqda izahatımı aldılar, ardınca suallara cavab verdim. Bildirdim ki, orduda baş verənlər barədə yazdıqlarım uzunmüddətli araşdırmanın nəticəsidir. Sonra məni Xətai Rayon Məhkəməsinə apardılar”.

Jurnalist Baş Prokurorluqda təzyiqlə üzləşmədiyini deyib:

“Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu. O vaxt kimisə narahat etmək istəmədim və özümün müdafiəçisi oldum. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Halbuki
mən kimin kimə rüşvət verməsini yazmamışdım. Amma 500 manat cərimə etdilər”.

O, qərardan apelyasiya şikayəti verəcəyini söyləyib:

“Kimlərsə elə düşünür ki, ordunu ləkələməklə məşğulam. Hər zaman demişəm ki, ordunu hərbi məmurlardan ayırıram. Özüm də orduda xidmət etmişəm, yaxınlarımdan da kimsə hərbi xidmətdən yayınmayıb. Elə hesab edirlər ki, ordunu gözdən salmağa çalışıram. Belə bir niyyətim olsaydı, müharibə dövründən gözəl şərait var idi? Nəinki 44 günlük müharibə dövrü, birinci müharibənin araşdırmasında da ancaq qalib gəlinən döyüşləri, əməliyyatları yazmışam”.

Sözügedən yazı da “Yeni çağ” saytından silinib.

Hüquqşünas Ələsgər Məmmədli jurnalistin prokurorluğa çağrılması, ardınca məhkəmədə cərimə olunmasını ifadə azadlığına qarşı təzyiq kimi qiymətləndirib.

Ə.Məmmədli “Facebook” səhifəsində yazıb:

“Bu, ifadə azadlığını zorlamaqdır”.

“”Media haqqında” yeni qanun layihəsini tərifləyənlər, nəzərə alın ki, 388-ci maddə təriflədiyiniz layihənin 15-ci maddəsinə məhz jurnalistləri cəzalandırmaq üçün “bəh-bəhlə” yerləşdirilib. (15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına). Layihə qəbul olunmadan prokurorluq artıq bunu əlində bayraq edib, heç bir məhkəmə araşdırması aparmadan, jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri “göstərişini” verib. Dərhal da yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan jurnalist cəzalandırılıb”, – deyə hüquqşünas fikrini tamamlayıb.

Ana səhifəSiyasətHüquqşünas: “Jurnalistin bu şəkildə cəzalandırılması ifadə azadlığını zorlamaqdır”