Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri fonunda köməkçisi Hikmət Hacıyevin mühacirətdə yaşayan “Azad söz” kanalının rəhbəri, bloger Tural Sadıqlı ilə iyulun 21-dəki dialoqu sosial şəbəkələrdə və mediada müzakirə mövzusuna çevrilib. Hakimiyyətyönlü media bu qarşılaşmanı “Hikmət Hacıyevin Tural Sadıqlını susdurması” kimi təqdim edib.
“Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır. Həyatda ən çətin şey vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir”, – yayılan görüntülərdə Hikmət Hacıyev Tural Sadıqlıya deyib.
Bundan sonra Tural Sadıqlı hadisə ilə bağlı özünün çəkdiyi videonu yayıb. Kadrlardan görünür ki, Hikmət Hacıyev özü uzaq məsafədən Sadıqlı ilə danışmağa başlayır. O, əvvəlcə “Vətənə xəyanət necə gedir?” – deyir. Daha sonra Tural Sadıqlıya yaxınlaşaraq əl sıxışır və “Nə təhərsiniz? Burada hansı statusda yaşayırsınız?” – suallarını verir.
Videoda Tural Sadıqlının Hikmət Hacıyevin “vətənə xəyanət” ifadəsinə cavabı da eşidilir: “Mən vətənə xəyanət etmirəm, əksinə vətən üçün çalışıram, danışıram”.
Tural Sadıqlı barəsində açılan cinayət işi üzrə ona “vətənə xəyanət” ittihamı irəli sürülməyib. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci ilin dekabrında çıxardığı qiyabi hökm ilə Tural Sadıqlı elan olunmuş ittihamlar üzrə təqsirli bilinib və 14 il müddətinə azadlıqdan məhrum edilib.
Bu dialoq niyə baş verdi?
Hadisəni şərh edən “Fakt Yoxla” platformasının araşdırmaçısı, jurnalist Əhəd Əhədli hesab edir ki, Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqu təsadüfi qarşılaşmadan daha çox, əvvəlcədən düşünülmüş kommunikasiya addımı ola bilər.
Onun sözlərinə görə, hökumət nümayəndələrinin xaricdə tənqidçilərlə təmasları adətən müəyyən hazırlıq çərçivəsində baş verir:
“Hökumət nümayəndələrinin belə görüşlərdə onları tənqid edən tərəflərlə kommunikasiyası ciddi tənzimlənir. Mən düşünürəm ki, hökumət bu səfər çərçivəsində Almaniyada olan tənqidçilərin sual verə biləcəyini nəzərə alaraq əvvəlcədən hazırlıq görüb. Hikmət Hacıyevin öz təşəbbüsü ilə Tural Sadıqlıya yaxınlaşması da bu fikri gücləndirir”.
Əhədlinin fikrincə, Hikmət Hacıyev dialoq zamanı hökumətin daha mülayim və pozitiv obrazını göstərməyə çalışıb:
“Hətta ittihamları ağır olsa da, onun nitqi çox mülayim idi. Düşünürəm ki, bu, hökumətin pozitiv obrazını yaratmağa xidmət edirdi. O, Sadıqlıya hökuməti tənqid edə biləcəklərini də bildirdi. Halbuki, hökuməti və onun nümayəndələrini tənqid edən şəxslərin ölkədə hansı təzyiqlərlə üzləşdiyi məlumdur. Buna görə də hesab edirəm ki, bu açıqlamalar ani reaksiya deyil, əvvəlcədən hazırlanmış mesaj idi”.
Əhəd Əhədlinin fikrincə, Hikmət Hacıyevin “vətənə xəyanət” ifadəsi təkcə Tural Sadıqlıya deyil, ümumilikdə hökuməti tənqid edən şəxslərə yönəlmiş mesaj kimi qiymətləndirilə bilər. O hesab edir ki, konkret ad çəkilməsə də, bu ifadə ilə Tural Sadıqlı timsalında hökumət tənqidçiləri hədəfə alınıb:
“Halbuki, Tural Sadıqlıya qarşı açılan cinayət işində vətənə xəyanət ittihamı yoxdur. Bu, əslində hökumətin uzun illərdir davam etdirdiyi ritorikanın bir hissəsidir. Hökuməti tənqid edən şəxslərə “vətənə xəyanət” damğası vurmaq və onları ictimaiyyətin gözündə nüfuzdan salmaq illərdir müşahidə etdiyimiz strategiyadır”.
Jurnalistin sözlərinə görə, Azərbaycanda həbs olunan şəxslərin əksəriyyəti müxtəlif ittihamlarla məsuliyyətə cəlb olunub və “vətənə xəyanət” ittihamı çox nadir hallarda tətbiq edilir:
“Rəsmi olaraq hökumət həbs edilən şəxslərin böyük əksəriyyətini vətənə xəyanətdə ittiham etmir. Ancaq bu narrativ yenə də davam etdirilir. Çünki “vətənə xəyanət” ictimai şüurda çox ağır ittiham kimi qəbul olunur və tənqidçiləri nüfuzdan salmaq üçün təsirli vasitədir. Bu, bütün hökumət tənqidçilərinə yönəlmiş mesaj idi. Hökumətin baxışına görə, onu tənqid edənlər vətənə xəyanət etmiş kimi təqdim olunur. Görünən odur ki, bu narrativ bundan sonra da davam etdiriləcək”.
Hakimiyyət bununla hansı mesajı verirdi?
Media eksperti Rəşid Hacılı isə diqqəti dialoqun necə başladığına və Hikmət Hacıyevin Tural Sadıqlıya yaxınlaşmasına çəkir.
Onun fikrincə, yayılan görüntülər qarşılaşmanın təsadüfi deyil, müəyyən niyyətlə baş verdiyi təəssüratı yaradır:
“Videodan görünür ki, Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin digər üzvləri ilə birlikdə idi. Sonra onlardan ayrılıb Tural Sadıqlıya yaxınlaşdı. Yəni ilk addımı atan tərəf Hikmət Hacıyev oldu. Bu da təbii olaraq sual yaradır: hökuməti və onun nümayəndələrini sərt şəkildə tənqid edən bir şəxslə niyə ayrıca dialoqa ehtiyac duyuldu?”
Hacılı hesab edir ki, bu dialoq yalnız Tural Sadıqlı ilə söhbət kimi deyil, daha geniş auditoriyaya ünvanlanan siyasi kommunikasiya kimi də qiymətləndirilə bilər:
“Belə görüşlərdə əsas məsələ təkcə qarşı tərəfə cavab vermək deyil, həm də həmin dialoqu izləyən auditoriyaya hansı mesajın çatdırılmasıdır. Burada da görünən odur ki, məqsəd yalnız mübahisə etmək yox, müəyyən mövqe nümayiş etdirmək idi”.
Onun sözlərinə görə, Hikmət Hacıyevin mesajında əsas xətt hökumətin tənqidlərə münasibətini göstərmək və özünü dialoqa açıq tərəf kimi təqdim etmək olub:
“Burada verilən əsas mesajlardan biri bu idi ki, biz bizi tənqid edənlərlə də danışa bilirik. Yəni, xarici auditoriyaya da göstərilməyə çalışılırdı ki, hakimiyyət fərqli fikirlərlə təmasdan çəkinmir”.
Rəşid Hacılı hesab edir ki, “vətənə xəyanət” ifadəsi isə dialoqun ən çox diqqət çəkən hissəsi olsa da, konkret hüquqi ittihamdan daha çox siyasi ifadə kimi qiymətləndirilə bilər:
“‘Vətənə xəyanət” çox ağır ifadədir. Amma burada sual yaranır: konkret olaraq hansı hərəkət nəzərdə tutulur? Əgər bu, hüquqi ittiham deyilsə, o zaman bu ifadə siyasi qiymətləndirmə və ya damğalama kimi qəbul oluna bilər”.
Media eksperti əlavə edir ki, qarşılaşmanın yaratdığı əsas müzakirə də məhz bu nöqtədədir:
“Əsas məsələ bir şəxsin digərinə nə deməsi deyil. Əsas məsələ budur ki, dövlət rəsmisi ilə mühacirətdə yaşayan hökumət tənqidçisi arasında belə bir dialoq hansı mesajı daşıyır və bu mesaj kimlər üçün nəzərdə tutulub”.
Daha əvvəlki oxşar qarşılaşmalar
Bu, xaricdə yaşayan hökumət tənqidçiləri ilə Azərbaycan rəsmiləri arasında baş verən ilk belə qarşılaşma deyil. Bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə birlikdə Almaniyaya səfər edən Birinci vitse-prezident Mehriban Əliyeva jurnalist Emin Hüseynovun Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı sual vermək cəhdinə cavab olaraq onun vaxtilə İsveçrə səfirliyində gizlənməsi ilə bağlı ifadə işlətmişdi.
Emin Hüseynov konfrans zalından çıxan Mehriban Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib. Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram”, – deyərək yoluna davam edib.