Hesablama Palatası: Audit nəticəsində AzTV-də 26 milyon manatlıq uyğunsuzluq aşkarlanıb

Foto: AzTV

AzTV-də əmək müqaviləsi ilə çalışan işçilərə maaş əvəzinə qonorar adı altında ödənişlərin rəsmiləşdirildiyi müəyyən edilib. Bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə yer alıb.

Sənədə əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də aparılan audit nəticəsində ümumi məbləği 26 milyon manat olan vəsaitin əməkhaqqı kimi deyil, qonorar formasında ödənildiyi müəyyənləşdirilib. Bu məbləğin 11,3 milyonu 2023-cü ildə, 11,6 milyonu 2024-cü ildə, 3,1 milyonu isə 2025-ci ilin ilk rübündə verilib.

Sosial təminat hüquqlarının məhdudlaşdırılması

Hesablama Palatası qeyd edir ki, bu praktika əmək münasibətlərinin mülki-hüquqi münasibət kimi yanlış təsnifinə səbəb olub. Nəticədə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd olaraq məcburi sosial ayırmalar tam həcmdə tutulmayıb və bu da işçilərin sosial təminat hüquqlarını məhdudlaşdırıb.

AzTV: “Qonorar sistemi illərdir tətbiq olunur”

AzTV-dən bildirilib ki, məsələ ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. Qurum qonorar sistemindən tamamilə imtina etməyin çətin olduğunu deyir:

“Televiziya yarandığı gündən həm maaş, həm də qonorar sistemi ilə işləyib. Əməkdaşlar gördükləri işin sayına və keyfiyyətinə görə hər iki növ ödəniş alıblar. Qonorarın tam yığışdırılması məhsuldarlığa və keyfiyyətə mənfi təsir göstərə bilər”.

Qurum əlavə edib ki, əmək münasibətlərinin düzgün tənzimlənməsi və tam maaş sisteminə keçid istiqamətində işlər davam etdirilir:

“Keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq, məsələnin gələn il tam həll olunacağını gözləyirik.”

Hesablama Palatası dövlət vəsaitlərinin xərclənməsinə və dövlət əmlakının idarə edilməsinə ali nəzarət funksiyasını həyata keçirən qurumdur. Qurum büdcə layihələrinə rəy verir və dövlət müəssisələrində auditlər aparır.

Lakin bir sıra müstəqil ekspertlər və müxalif qüvvələr Palatanın fəaliyyətini yetərincə təsirli hesab etmir. Onların fikrincə, qurum büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı ciddi pozuntulara qarşı yetərincə qətiyyətli mövqe nümayiş etdirmir.

Palata rəhbərliyi isə bu iddiaları qəbul etmir və audit nəticələrinin qanunvericiliyə əsaslandığını bildirir.

Ana səhifəSiyasətHesablama Palatası: Audit nəticəsində AzTV-də 26 milyon manatlıq uyğunsuzluq aşkarlanıb