”Həkim həyat yoldaşımı və uşağımı öldürdü”

Bunu görən, Aynur həkim otaqdan qaçmaq istədi, qarşısını kəsdim ki, hara gedirsən, dayan burda.

Source: meydan tv


Siyəzəndə ana doğuş zamanı həyatını itirib

Aprelin 23-də, saat 19 radələrində Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində (RMX) Siyəzən rayon sakini, 32 yaşlı Bəylərova Zərifə Qəribxan qızı doğuş zamanı vəfat edib.

Bu haqda məlumatı Meydan TV-yə mərhumun yaxınları verib.

Z.Bəylərovanın bacısı Xuraman Nurməmmədova iddia edir ki, bacısı və doğulmamış körpəsi ginekoloq-həkim Aynur Quliyevanın tibbi səhvi və səhlənkarlığı ucbatından ölüb:

“Aprelin 22-də bacımın ad günü idi. Növbəti gün, ayın 23-də doğum sancıları tutdu. Xəstəxanaya getdim, mamaça dedi ki, burada həkim yoxdur. Amma yenə də qızı gətir xəstəxanaya. Gəldim evə ki, bacımı xəstəxanaya aparım. Mən onu xəstəxanaya aparanda, suyu getmişdi, qan axırdı. Axşam saat 7-də çıxdı doğuş stoluna. Uşağın başı yarıya kimi görünəndə, bacımın doğmağa gücü olmadı. Başladı, Aynur həkimə yalvarmağa ki, taqətim yoxdur, məni qeysəriyyə əməliyyatı edin. Aynur həkim də dedi ki, qeysəriyyə olmayacaq, doğmalısan. Bacım nə qədər yalvardısa, həkim ona əhəmiyyət vermədi. Eləcə uşaq boğulub öldü. Uşaq öləndən sonra da bacımın rəngi gömgöy oldu, doğuş stolunda da keçindi. Bunu görən, Aynur həkim otaqdan qaçmaq istədi, qarşısını kəsdim ki, hara gedirsən, dayan burda. Gecəylə 102-yə zəng etdim, bacımın meyitini gəlib, Bakıya ekspertizaya apardılar”.

image_from_ios (1).jpg
Xuraman Məmmədova

Z.Bəylərova deyir ki, bu, bacısının ikinci evliliyindən olan uşaq imiş. Birinci nikahından iki oğlu, bir qızı var. Sonbeşiyi üç yaşındadır:

“Anası ölən gündən, uşağı heç cür sakitləşdirə bilmirik. Gecə-gündüz ağlayıb, anasını istəyir. Ürəyim parçalanır, dayana bilmirəm. Aynur Quliyeva bacımı öldürdü, indi də qanını batırmaq istəyir. Üstümüzə müxtəlif adamlar göndərir ki, şikayət ərizəsini geri götürək”.

Mərhumla 2,5 ildir vətəndaş nikahında yaşayan Məmmədov Murad Canlar oğlu Meydan TV-nin əməkdaşı ilə söhbətində söyləyir ki, həkim-mama-ginekoloq Aynur Quliyeva hadisədən sonra qaçıb-gizlənib:

“Bunun əvəzinə isə ərini, nə bilim, digər həkimləri üstümə göndərir ki, şikayət ərizəsini geri götürüm. Hadisə olan günü Zərifə mənə zəng elədi ki, xəstəxanadayam, doğuş başlayır. Sonra da əlavə etdi ki, həkim məndən 150 manat pul istəyir. Mən də dedim ki, ver, problem deyil. Bir saatdan sonra mənə zəng gəldi ki, uşaq da, yoldaşım da rəhmətə gedib. Təcili xəstəxanaya getdim. Aynur həkim hadisəyə görə üzrxahlıq etmək əvəzinə, dedi ki, get, əlindən gələni beş qaba çək. Mənim arxam var, arxamda duranım var. Dedi ki, pulumuzu verib, özümüzü qurtaracağıq. Yanında da tibb bacısı var idi. Onu da sizə deyim ki, bu qadın indiyə kimi on dördüncü adamdır ki, öldürür. Barəsində hazırda cinayət işi gedir. İyirmi beş yaşlı qızı qeysəriyyə zamanı öldürüb. Məhkəməsi isə bugünlərdə olacaq. Başqa bir ailəni də gözüyaşlı qoyub. Rüşvətlə onları susdura bilib. Tibbi ekspertizada özüm şəxsən iştirak eləmişəm, Respublika Diaqnostika Mərkəzində olub. 15 gün ərzində cavab veriləcək. Həyat yoldaşımı öldürüblər, üç körpə uşağı yetim qalıb. O həkimin işdən çıxarılmağını tələb edirəm. Mənim kimi çox ailələr bədbəxt olmasın”.

image_from_ios (2).jpg
Xəstəxana

RMX-nın baş həkimi Dadaş Hümbətov Meydan TV əməkdaşı ilə söhbətində hadisəni təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib:

“Zərifə Bəylərova aprelin 23-də, 17 radələrində xəstəxanamızın doğuş şöbəsinə dölyanı mayenin erkən axması diaqnozu ilə daxil olub. Həkim-mama-ginekoloq Aynur Quliyeva tərəfindən hamilə müayinə olunub və doğuşun konservativ (adi doğuş-red) aparılması qərara alınıb. Saat 19:20-də hamiləyə təkrar baxış zamanı dölün başı ilə çanaq arasında uyğunsuzluq müşahidə olunub. Daha sonra hamilə qadın qəflətən yaranan boğulma, təngnəfəslik, döş sümüyü arxasında kəskin ağrılardan şikayətlənməyə başlayıb. Onu təcili Reanimasiya və intensiv terapiya şöbəsinə köçürüblər. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, qadın 20:00-da vəfat edib. Baş vermiş ölüm hadisəsi ilə barədə dərhal hüquq-mühafizə orqanlarına, həmçinin Səhiyyə Nazirliyinə məlumat vermişik. Patoloji anotomik təşrih və məhkəmə tibbi müayinəsi məqsədilə meyit Bakı şəhərinə göndərilib”.

Image from iOS.jpg
Zərifə Bəylərova

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb. Ölümün dəqiq səbəbi araşdırılır. Ekspertlərin rəyi hazır olduqdan və araşdırmalar başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ana ölümlərinin sayı azalıb. Ana ölümünün nisbəti 2017-ci ildə hər 100 min nəfərə 14,6 düşürdüsə, 2018-ci ildə bu rəqəm 12,2 olub.

Ana səhifəBölgə”Həkim həyat yoldaşımı və uşağımı öldürdü”