Hakimiyyətdaxili ”qara piar” kampaniyası

Fövqəlnazirin hədəf seçilməsində əsas məqsəd nədir?

Source:

Fövqəlnazirin hədəf seçilməsində əsas məqsəd nədir?

Hakimiyyət daxilində savaşlar səngimək bilmir. Məmurlar öz aralarındakı daxili savaşı artıq mətbuat səhifələrində davam etdirirlər. İqtidar mənsublarının kompromat savaşı yenidən sosial şəbəkələr və KİV-in əsas mövzusudur. Maraqlısı budur, hakimiyyətin şinelindən çıxmış nüfuzlu simaların hər biri “Azərbaycanın Saakaşvilisi” kimi təqdim edilməyə başlanılıb. Azərbaycan iqtidarı heç də göründüyü qədər özünə əmin deyil. Baş verən daxili savaş onu göstərir ki, siyasi elita hər an iflas yaşaya bilər. Müşahidə edilənlər onu deməyə əsas verir ki, nüfuzlu simaları ölkə başçısının hədəfinə gətirmək ssenarisi işə düşüb. Ona da diqqət yetirmək lazım gəlir ki, məhz o şəxslərə qarşı “qara piar”dan istifadə edilir ki, onlar Qərb tərəfindən də hakimiyyət dəyişikliyi zamanı önəmli fiqur kimi səciyyələndirilə bilərlər. Onların mövqeyini gücləndirən əsas amil özlərinin namizəd olmasından daha çox kimisə dəstəkləməsindən asılı ola bilər.

Son həftə ərzində vaxtilə, Heydər Əliyev iqtidarında yüksək post tutan bir neçə nüfuzlu simanın adları ətrafında manipulyasiyaya başlanılıb. Məsələn, keçmiş iqtisadi inkişaf naziri, “Amerikanın dostu” imicini hələ də xərcləməyən Fərhad Əliyevin adının dövlət çevrilişi ilə bağlı hallandırılması və buna xüsusi çəki vermək üçün Türkiyə prezidentinin də bu olayın iştirakçı olması barədə deyilənlər sıradan bir məsələ deyildi. Siyasətdən uzaq salınan bir şəxsə qarşı yol verilən bu təxribatın pərdəarxasının de-şifrə edilməsi lazım gəlir.

Ən maraqlısı isə odur ki, mövcud hakimiyyətdən narazı olan keçmiş və indiki məmurların əksəriyyətinin maraqları zərbə alıb. Onlar narazılıqlarını gizlətmirlər. Belə olan təqdirdə, həmin simaların müxalifətlə əməkdaşlıq etdiklərini söyləmək və beynəlxalq güc mərkəzləri ilə bağlı olduqlarını iddia etmək məhz hakimiyyətin təşvişinin göstəricisidir.

2005-ci ilin oktyabrında həbs edilən, sabiq səhiyyə naziri Əli İnsanovun da adının müxalifətin yeni lideri kimi hallandırılması da incə mətləblərdən xəbər verir. Sabiq nazirin həbsdən çıxmasına bir neçə ay qalıb. Onun barəsində “gələcək və sizə qan udduracaq” imicinin formalaşdırılması da heç şübhəsiz hakimiyyətdaxili intiriqaların mətbuata yansımasıdır. Bütün bunlara rəğmən, Ə.İnsanovun siyasi revanş şansları heç də kiçik görünmür. Əvvəla, onun arxasında kifayət qədər mobil, qısa bir zamanda birləşməyi və təşkilatlanmağı bacaran Qərbi Azərbaycan qruplaşması dayanır. Ə.İnsanov Qərbi azərbaycanlıların şəriksiz lideri kimi qəbul olunur. Hakimiyyət, müxalifət və media sektorunda önəmli gücə malik olan Qərbi azərbaycanlıların açıq dəstəyi isə proseslərin səmtini dəyişməyə qadir kimi görünür. Digər tərəfdən, Ə.İnsanov hakimiyyət dəhlizlərindən çıxıb. İqtidarda dəstəyi hələ də qalır. Eyni zamanda, sabiq nazir bir çox məmurlar, siyasətçilər və ictimai fəallar barədə məlumatlara malikdir. Bu amil siyasi revanş üçün az resurs deyil. Bunu hər kəs bilir və təhlil edir. Məhz bu səbəbə sabiq nazirə qarşı təbliğat aparılır. Lakin sabiq naziri atəş xəttinə çıxarmaq istəyənlər “unudrlar” ki, Ə. İnsanovun yaşı böhran dövrünün lideri olmaq şansı vermir. Deməli, onun özünün karyera perspektivindən deyil, sözündən, kimi dəstəkləyə biləcəyindən ehtiyat edirlər. Ə. İnsanov həm hakimiyyətin əsas ideoloqu Ramiz Mehdiyevə, həm də “ikinci hakim ailə”yə qarşıdır. Bu baxımdan, kimlərin sabiq nazirin həbsxanadan çıxmasından narahat olduqlarını ehtimal etmək mümkündür.

Onu da vurğulamaq lazım gəlir ki, həftə boyunca anti-təbliğata məruz qalan simalardan biri də Ə. İnsanovun qudası, Bakı polisinin sabiq şefi general Məhərrəm Əliyev oldu. Onun uzaq bir qohumunun törətdiyi cinayətə görə hədəfə çıxarılması, mətbuat və sosial şəbəkələrdə adının hallandırılması düşünülmüş ssenarinin tərkib hissəsi idi. Xatırladaq ki, M.Əliyev 2005-ci ilin oktyabrından sonra hakimiyyətin “qara siyahısına” düşmüşdü. “Naxçıvan klanı”nın nüfuz sahibinə qarşı “qara piar”ın aparılması “iqtidar kölgə götürmür” tezisinin doğruluğuna dəlalət edir və görünən budur ki, güclü simaların hər biri təzyiqlə üzləşəcək və komanda yalnız “zəif bənd”lərdən ibarət olacaq.

Maraqlıdır ki, həftə boyunca ən çox “qara piar”la üzləşən fövqaladə hallar naziri Kəmaləddin Heydərov oldu. Köhnə videoların yenidən bəzi saytların və sosial şəbəkələrin “bəzəyi” olması heç də təsadüfi deyildi. Məsələ ondadır ki, müxtəlif maliyyə qruplarını birləşdirən sima kimi K.Heydərovun namizədliyinin nəzərdən keçirildiyini öncələr vurğulamışdıq. Görünür, “Azərbaycanın Saakaşvilisi” olmağa real namizəd olan FHN şefinə qarşı aparılan “qara piar”ın mahiyyəti məhz bundan ibarətdir. Ona da diqqət yetirmək lazım gəlir ki, iqtidar dəhlizlərində şiddətlənən savaşda K. Heydərov savaş baltaları qaldıran qrupların heç birinin sırasında yer almadı və gələcək perspektivini ailələr arasındakı intriqalara qurban vermək istəmədi və ona qarşı vaxtilə məşhur olan “mövqeyini bildir” dəyənəyindən istifadə edilməyə başladı. Savaşanların cərgəsində yer tutmaqdansa, beynəlxalq güc mərkəzlərinin diqqətini cəlb etmək daha ağıllı gediş kimi dəyərləndirilə bilər.

Göründüyü kimi, ölkədə siyasi gedişlər get-gedə daha maraqlı qambitlərin qurulacağından xəbər verir. Bu isə siyasi qüvvələrdən çeviklik tələb edir. Hakimiyyət artıq monolit deyil və gələcək proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. “Zəif bəndlərlə” idarə olunan ölkənin sonu heç də müsbət görünmür.

Hakimiyyətə mənsub mətbuat ictimai rəyi formalaşdıra bilmir. İqtidarın analitik mərkəzləri yox dərəcəsindədir. İndiyədək hökumətin, yaxud ayrı-ayrı güc qruplarının, böyük maliyyə hesabına yaratdıqları analitik mərkəzlərin və mətbuatın, demək olar ki, hamısı fiaskoya uğrayıb. İstək – beyin mərkəzlərinin ortaya qoyacağı təhlillər və “yol xəritələri” əsasında geosiyasi (həm də daxili siyasi) “labirintdən” çıxa bilmək olsa da, kadr seçimindəki yanlışlıqlar, təkcə pulların havaya sovrulmasına səbəb olmadı, həm də ölkənin hazırki ağır siyasi-iqtisadi duruma düşməsi ilə nəticələndi…

Ana səhifəAnalitikaHakimiyyətdaxili ”qara piar” kampaniyası