İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sonra Knessetdə “erməni soyqırımı”nın tanınması ilə bağlı səsvermənin qarşısını alıb.
Bu iddia ilə İsrailin “Haaretz” qəzeti çıxış edib.
Nəşr israilli mənbəyə istinadla yazıb ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə bağlı İsrail rəhbərliyinə etirazını çatdırıb. Bundan sonra “erməni soyqırımı”nın tanınmasına dair təşəbbüs Knessetdə səsverməyə çıxarılmayıb və məsələ parlamentin yay tətilindən əvvəlki iclasların gündəliyində yer almayıb.
Qəzet yazır ki, İsrail rəsmiləri Azərbaycan tərəfinə məsələnin parlamentdə irəli aparılmayacağı barədə məlumat veriblər. Nəşrin istinad etdiyi anonim mənbənin sözlərinə görə, bu addım iki ölkə arasında strateji münasibətlərə zərər vurmamaq məqsədi daşıyıb.
İsrail Xarici İşlər Nazirliyi iddiaları təsdiqləməyib. Bununla belə, səsvermənin niyə baş tutmadığına dair rəsmi izahat verilməyib.
“Bu, hökumətin qərarıdır və yekdilliklə təsdiqlənib. Buna dəyişiklik edilməyəcək və vacib, tarixi fakt da məhz budur”, -qurum bildirib.
“Haaretz” Netanyahu administrasiyasından və Hikmət Hacıyevdən əlavə şərh ala bilməyib.
İsrail hökumətinin yekdilliklə qəbul etdiyi qərarda İsrailin Osmanlı imperiyasının son dövründə baş verdiyi iddia olunan “erməni soyqırımı”nı tanıması, həmçinin onun inkarı, kiçildilməsi və ya təhrif edilməsi cəhdlərini pisləməsi nəzərdə tutulurdu.
Son illər Bakı İsrailin ən mühüm regional tərəfdaşlarından biri sayılır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı İsrail Azərbaycanı silahla təmin edib.
Azərbaycan Xarici İşlər Nazirliyi ötən ay “erməni soyqırımı”nın tanınmasını pisləyib, bunu “1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif edilməsi” adlandırıb.
Bakı bildirib ki, bu addım barışığa deyil, fikir ayrılıqlarının daha da dərinləşməsinə xidmət edəcək. Nazirlik İsrail hökumətini həmin qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin başlandığını, sonrakı dövrdə isə 1,5 milyon erməninin qətlə yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. İndiyədək 30-a yaxın ölkənin parlamenti bu hadisələri rəsmən tanıyıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də var.
Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi hadisələrin yaşandığını inkar etmir. Bununla yanaşı, “soyqırımı” ifadəsini rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini bildirir.