HƏMAS Qəzzada hökuməti buraxdığını açıqladı, İsrail isə tam tərksilah olmağı tələb edir

HƏMAS-İsrail. Foto: OnePixelStudio/shutterstock

HƏMAS ABŞ-nin vasitəçiliyi ilə İsraillə əldə olunan atəşkəs razılaşması çərçivəsində Qəzza zolağındakı hökumətini buraxdığını açıqlayıb. Qruplaşma bildirib ki, mülki idarəetmə BMT-nin dəstəklədiyi texniki komitəyə təhvil veriləcək.

“The Associated Press”in məlumatına görə, HƏMAS rəhbərliyi bu qərarın atəşkəs razılaşmasının icrası çərçivəsində qəbul edildiyini bildirib. Qruplaşma bunu müharibədən sonra Qəzzanın bərpasına şərait yaratmaq məqsədi daşıyan addım kimi təqdim edir.

HƏMAS-ın açıqlamasına əsasən, dövlət xidmətlərinin dayanmasının qarşısını almaq üçün hazırda çalışan texniki və peşəkar dövlət qulluqçuları işlərini davam etdirəcəklər. Onların fəaliyyətinə Qahirədə yaradılacaq texniki komitə nəzarət edəcək.

Bununla yanaşı, HƏMAS silahlı qanadının taleyi ilə bağlı mövqeyini açıqlamayıb. Qruplaşma silahlarını təhvil verib-verməyəcəyini və təhlükəsizlik məsələlərinin beynəlxalq qüvvələrə həvalə olunub-olunmayacağını hələlik bildirməyib.

İsrail isə HƏMAS-ın qərarını qəbul etmədiyini açıqlayıb. Xarici işlər naziri Gideon Saar bildirib ki, HƏMAS silahlı qaldığı müddətdə yaradılacaq istənilən mülki idarəetmə qurumu qruplaşmanın təsiri altında fəaliyyət göstərəcək. Onun sözlərinə görə, HƏMAS-ın silahları təhvil verməsi davamlı sülh üçün əsas şərtdir.

Bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzzanın gələcək idarəçiliyi ilə bağlı yaradılan Sülh Şurası da məsələyə münasibət bildirib. Şura bəyan edib ki, HƏMAS-ın açıqlamaları real addımlarla təsdiqlənməlidir. Bildirilib ki, razılaşmaya əsasən yaradılacaq texnokratlar komitəsi Qəzzadakı bütün silahlara nəzarət edə bilməlidir.

Yaradılacaq texniki komitəyə rəhbərlik edəcək Fələstin Adminstrasiyasının keçmiş rəsmisi Əli Şaat isə bildirib ki, bölgədə sabitliyin təmin olunması üçün vahid hüquqi sistem və təhlükəsizlik strukturu yaradılmalıdır.

İsrail-HƏMAS müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə genişmiqyaslı hücumu ilə başlayıb. Hücum zamanı yüzlərlə insan həlak olub, çoxlu sayda adam girov götürülüb. Bundan sonra İsrail Qəzza zolağında geniş hərbi əməliyyatlara başlayıb.

Müharibə nəticəsində Qəzzada on minlərlə insan həyatını itirib, milyonlarla sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bölgənin böyük hissəsi dağılıb, humanitar vəziyyət isə ağır olaraq qalır.

2023-cü il noyabrın 24-də ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında ilk müvəqqəti atəşkəs qüvvəyə minib. Razılaşma çərçivəsində girov və məhbus mübadiləsi aparılıb, Qəzzaya humanitar yardımın çatdırılması artırılıb.

2025-ci ilin yanvarında isə tərəflər arasında yeni atəşkəs razılaşması əldə olunub. Razılaşmanın əsas məsələlərindən biri girovların azad edilməsi, humanitar yardımın genişləndirilməsi və müharibədən sonrakı mərhələnin müəyyənləşdirilməsi olub. Atəşkəs razılaşmasının imzalanmasından aylar keçsə də, tərəflər arasında əsas fikir ayrılığı hələ də qalır. İsrail HƏMAS-ın tam tərksilah olmasını tələb edir. HƏMAS isə əvvəlcə humanitar yardımın artırılmasını, dağıdılmış ərazilərin bərpasına başlanmasını və atəşkəs razılaşmasının digər müddəalarının yerinə yetirilməsini istəyir. Genişmiqyaslı döyüşlər azalsa da, bölgədə gərginlik və ayrı-ayrı silahlı toqquşmalar hələ də davam edir.

Ana səhifəDünyaHƏMAS Qəzzada hökuməti buraxdığını açıqladı, İsrail isə tam tərksilah olmağı tələb edir