Həbsdə olan jurnalist Osman Rzayevin ailəsi onun Şəki Penitensiar Müəssisəsində hepatit C virusuna qəsdən yoluxdurulmuş ola biləcəyindən şübhələnir.
Həyat yoldaşı Arzu Rzayevanın Meydan TV-yə bildirdiyinə görə, Rzayev müəssisədə hüquqlarının pozulmasına etiraz etdiyi üçün dəfələrlə cərimə kamerasına salınıb və cəzalandırılmaq məqsədilə infeksion xəstəlik daşıyan başqa məhbusa məxsus təraş aparatı ilə başı keçəl qırxılıb. Arzu Rzayevanın sözlərinə görə, bu göstərişi həbsxana rəisi Fərhad Hüseynov verib.
Arzu Rzayeva hesab edir ki, hepatit C virusu həyat yoldaşına məhz bu yolla keçmiş ola bilər.
“Böyük ehtimalla, virus daşıyıcısı olan başqa bir şəxsin təraş alətindən istifadə edildiyi üçün xəstəlik ona da keçib”, — o deyir.
Demokratik.az saytının rəhbəri Osman Rzayev 2022-ci il iyulun 5-dən həbsdədir. O, Göygöl Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və əməkdaşları da daxil olmaqla, 9 nəfəri saytında rüsvay etməklə hədələyərək pul tələb etməkdə ittiham olunub. İttiham Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi — hədə-qorxu ilə tələb etmənin təkrar törədilməsi ilə bağlıdır. Jurnalist 2024-cü il yanvarın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Osman Rzayev hökmü qanunsuz və siyasi motivli hesab edir. O, yaşadığı rayonun xəstəxanasında baş verdiyini iddia etdiyi korrupsiya və dərmanlarla bağlı qanunsuzluqları ictimailəşdirdiyinə görə cəzalandırıldığını deyib. Rzayev bildirib ki, xəstəxananın direktoru Vasif Əliyev rayon prokuroru ilə yaxın münasibətlərindən istifadə edərək onun cəzalandırılmasına nail olub. Hökmdən sonra o, əvvəlcə 13 saylı cəzaçəkmə müəssisəsinə, daha sonra Şəki Penitensiar Müəssisəsinə köçürülüb.
Həyat yoldaşının sözlərinə görə, Osman Rzayev həbs olunduğu ilk dövrlərdə Şəki Penitensiar Müəssisəsində tibbi müayinələrdən keçib və həmin vaxt onda hepatit virusu aşkarlanmayıb.
2025-ci ildə səhhətində problemlər yaranan Osman Rzayev müayinə və müalicə olunması üçün Şəki Rayon Məhkəməsinə müraciət edib. Həyat yoldaşının sözlərinə görə, məhkəmə həmin ilin sentyabrında onun müayinə və müalicəsi ilə bağlı qərar çıxarsa da, jurnalist yalnız 2026-cı il mayın 9-da Bakıdakı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu ilin iyulunda götürülən analizlər zamanı Rzayevdə hepatit C virusu aşkarlanıb. Həkimlər onun virusa dəqiq nə vaxt yoluxduğunu müəyyən edə bilməyiblər. Penitensiar Xidmətin Tibb İdarəsinin ailəyə göndərdiyi rəsmi cavab məktubunda Osman Rzayevin səhhətinin hazırda kafi olduğu bildirilib.
Arzu Rzayeva deyir ki, Osman Rzayev iyuldan bəri müalicə olunmayıb. Ailənin isə dərman xərclərini qarşılayacaq maddi imkanı yoxdur. Onun sözlərinə görə, həkimin Osman Rzayevə yazdığı dərmanın bir qutusunun qiyməti 400–420 manatdır və üç aylıq müalicə üçün təxminən 1200 manat tələb olunur.
“Mərkəzi Neftçilər Xəstəxanasında saxladılar, üç ay ərzində müalicə olunmadı. Dərmanları almağa bizim maddi imkanımız yoxdur. Hazırda əsas tələbimiz Osmanın müalicəsinin təmin olunmasıdır”, — Arzu Rzayeva deyir.
Osman Rzayevin hepatit C-yə yoluxmasının səbəblərinin araşdırılması ilə bağlı 2026-cı il iyulun 7-də Baş Prokurorluğa müraciət edilib. Müraciətdə cinayət əlamətləri üzrə araşdırma aparılması xahiş olunub. Arzu Rzayevanın sözlərinə görə, müraciətə hələ də cavab verilməyib.
Arzu Rzayeva həyat yoldaşının saxlanıldığı Şəki Penitensiar Müəssisəsində antisanitariya və qidalanma ilə bağlı problemlərin də olduğunu bildirib. Onun sözlərinə görə, məhbuslara yararlılıq müddətinin bitməsinə 1–2 gün qalmış ərzaqlar, o cümlədən iyi gələn balıq və yarıçiy ət verilir.
Meydan TV iddialarla əlaqədar Penitensiar Xidmətə sorğu göndərsə də, cavablandırılmayıb.